Məhkəmə qərarları › İş №e-2-2(113)-4671/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4671/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4671/2025 15.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, sahənin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilənin ləğv edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, sahənin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 1226 kv. metr qeyriyaşayış sahəsindən əmlaklarını çıxarılması və həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 1226 kv. metr qeyri-yaşayış sahəsini 11 aprel 2023-cü il tarixli İcarə müqaviləsinə əsasən Cavabdeh MMC-nə (VÖEN **********) icarəyə vermişdir. İcarə müqaviləsinin 3.1-ci bəndində göstərilmişdir ki, Müqaviləyə əsasən 1(bir) aylıq icarə haqqı 11000 (on bir min) manat (ƏDV daxil) təşkil edir.Həmin Müqavilənin 3.2-ci bəndində razılaşmışdıq ki, İcarə haqqı məbləğinin dəyişdirilməsi ilə bağlı məsələlərə Müqavilə bağlandığı tarixdən etibarən hər 12 (on iki) aydan bir bazar qiymətinə uyğun baxılmalıdır. Malların, xidmətlərin və sair xərclərin qiymətlərinin artmasına görə icarə haqqlarının artırılması zərurəti yaranmışıdır və ona görədə cavabdehə 09 dekabr 2024-cü məktubla İcarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə haqqı məbləğinin bazar qiymətinə uyğun dəyişdirilməsi ilə əlaqədar müraciət edilmişdir. Cavabdeh 23 yanvar 2025-ci il tarixli 24 saylı məktubla cavab olaraq bildirilmişdir ki, cəmiyyət tərəfindən icarə haqqının məbləğinin dəyişdirilməsi ilə bağlı müzakirələr mart ayında həyata keçirilir. Cavabdehə bildirilmişdir ki, icarə haqqının məbləğinin dəyişdirilməsi ilə bağlı müzakirələrin hansı vaxtdan aparmağınızdan aslı olmayaraq 2025-ci ilin yanvar ayından hesablanacaqdır. Lakin, mart ayında icarə haqqlarının artırılmasından imtina edildiyinə görə cavabdehə Pretenziya göndərilərək bildirilmişdir ki, icarədə olan 1226 kv. metr sahəyə görə tərəfimizdən hər bir kv. metr üzrə 7.60 manat ödənilməsi hazırkı bazar qiymətlərinə uyğun olmadığından icarə müqavilənin 3.1-ci bəndinə dəyişiklik edilərək hər bir kv. metr görə 10 (on) manatdan (ƏDV-siz) ödənildikdə əməkdaşlığı davam etdirə bilərik. Pretenziyada göstərilmişdir ki, müqavilənin qeyd edilən şərtinə əməl edilməsi mümkün deyildirsə aramızda bağlanan 11 aprel 2023- cü il il tarixli icarə müqaviləsinə xitam verərək, 28 may 2025-ci il tarixinədək icarədə olan qeyri-yaşayış sahəsini geri qaytarıb, orada olan əmlakların çıxarılmasının təmin edilməsi bildirilmişdir. Cavabdeh MMC 28 aprel 2025-ci il tarixdəpretenziyanı rəsmi olaraq qəbul etsə də, 28 may 2025-ci il tarixinədək icarədə olan qeyriyaşayış sahəsini geri qaytarıb, orada olan əmlakların çıxarılmasını könüllü olaraq təmin etməmiş və icarə müqaviləsinin ləğv edilməsinə münasibət bildirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı “JMR" MMC-nin nümayəndəsi Nümayəndə3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

7. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı (icarəyə verən) ünvan 3 ünvanında yerləşən ona məxsus 150001,50 kv.m olan hissəsindən 1.226 kv.m hissəsini qeyri-yaşayış sahəsini Cavabdeh MMC-yə icarə vermişdir.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən aylıq icraə haqqı 11.000 manat (ƏDV daxil) təşkil edir.

9. Məhkəmə iclasında müəyyən edildi ki, həqiqətən də, hazırkı dövrədək, icarə haqqı tam ödənilmişdir.

10. Hazırda iddiaçı icarə müqaviləsi üzrə icarə haqqı məbləğinin artırılması cavabdeh tərəfindən imtina edildiyinə görə, sözügedən icarə müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh icarə müqaviləsi üzrə üzərinə düşən öhdəliklər cavabdeh tərəfindən tam şəkildə icra edildiyini, müqavilənin ləğvi üçün heç bir əsas olmadığını bildirmişdir.

12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

13. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər.

14. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

15. Həmin məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

16. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, həmin müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.

17. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin qərarına əsasən müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.

20. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər.

21. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

22. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi qarşı tərəfin icarə haqqı məbləğinin artırılmasından imtina etməsi müqavilənin ləğv edilməsinə əsas vermir.

23. Həmçinin də, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində icarə haqqının artırılması mütləq qaydada edilməsi deyil, hər 12 aydan bir bazar qiymətinə baxılması imkanını nəzərdə tutmuşdur.

24. Yəni qeyd edilən, bənd ancaq icarə haqqının məbləğinin yenidən nəzərdən keçirilməsi halına aiddir.

25. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

"xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi, sahənin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar