Məhkəmə qərarları › İş №e-2-2(113)-4677/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4677/2022

15.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4677/2022 15.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc, borcun silinməsi, abonent kodu, akt) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavadeh Cavabdeh nümayəndəsi X4 iştirakı ilə İddiaçı X1 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus **********00020 nömrəli abonent koduna ******* nömrəli, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1086,93 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən ümumi sahəsi 1000 kv.m. olan "xxxx" X11 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamın əsasən iaşə xidməti yaradılması məqsədi ilə iddiaçının adına qeydiyyata alınmışdır. Sözügedən müəssisəyə qazın verilməsi ilə bağlı Cavabdeh İB ilə iddiaçı arasında AMX-3670/21 nömrəli, xx.xx.2021-ci il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında **********00020 nömrəli abonent kodu iddiaçının adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları müəssisəyə gələrək qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin akta əsasən, “Elster” tipli G-4 markalı ******* nömrəli sayğac çıxarılaraq, əvəzinə “Elster” tipli G-4 markalı ******* nömrəli sayğac quraşdırılmışdır. Həmçinin köhnə sayğac cavabdehin əməkdaşları və iddiaçının işçilərinin şahidliyi ilə çıxarılmış, müvafiq akt tərtib edilmişdir. Lakin bir neçə ay sonra Cavabdeh İB-nin əməkdaşları iddiaçıya məlumat vermədən sayğaca görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib etmişlər. Həmin aktda çıxarılan sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşilməsi və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Bunun nəticəsi olaraq iddiaçıya 1086,93 manat məbləğində borc hesablanmışdır. Lakin sayğac 2021-ci ilin dekabr ayında cavabdehin əməkdaşları tərəfindən çıxarılarkən heç bir nasazlığı, problemi aşkarlanmamışdır. 4 ay sonra isə monitorinq keçirilmiş, laboratoriyanın rəyinə əsasən sayğaca sübutu olmayan qanunsuz nöqsan nəticəsində borc yazılmışdır. Sayğac laboratoriyaya aparılanda belə cavabdehin əməkdaşları sayğaca iddiaçı tərəfən hər hansı bir müdaxilə ediləməsi ilə bağlı sübut aşkar edə bilməmişdir. Beləliklə, iddiaçı hesab edir ki, yaranmış həmin borc qanunsuz və əsassızdır. Eləcə də sayğaca nəzarət cavabdehin əməkdaşlarının səlahiyyətindədir və qeyd edilən müddət ərzində nəzarətçinin sayağaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması iddiaçının hüquqlarının pozulması ilə nəticələnir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1 və 1096-cı maddələri qeyd olunmuşdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı X3 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdeh tərəfindən sayğacın dəyişdirilməsi məqsədi ona aydın olmamışdır. Cavabdehin nümayəndələri sayğacı dəyişərkən köhnə sayğacda heç bir problem olmadığını qeyd etmiş və əlyazma şəklində qeyd apararaq bunu təsdiq etmişlər. Sayğac dəyişdirildikdən sonra əvəz edilən sayğacla bağlı laborator yoxlamanın rəyi yalnız 3 ay sonra təqdim edilmiş, sözügedən rəydə qeyd edilən deşik isə sayğacın daxilində olmuş, plombla mühafizə olunan sayğaca isə belə bir müdaxilənin olması, onun daxilində deşik açılması qeyri-mümkündür.

5. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, X3 ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, abonent üçün “Elster” tipli G-4 markalı ******* nömrəli sayğac quraşdırılmış, sayğac quraşdırılarkən ******* saylı akt tərtib edilmiş, aktın 5-ci bəndinin 6-cı hissəsində sayğacın və plombunun toxunulmazlığına cavabdeh şəxs qrafasında abonentin nümayəndəsi imza etmişdir. Həmin qaz sayğacı xx.xx.2021-ci il tarixdə Xaçmaz RQİİ-nin Xızı XS-nin işçiləri tərəfindən xətdən açılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, xx.xx.2022-ci il tarixli akta əsasən “sayğacın giriş plasmas borusu kənar təsir nəticəsində deşilib, xətalar normaya uyğun deyil” rəyi verilmişdir. İddiaçı sənaye qaz qurğusu istifadəçisidir və məişət qaz qurğusu istifadəçilərindən fərqli olaraq qaz sayğacının qorunması və işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşıyır. Buna görə də sayğaca müdaxilə olunması sübut edilirsə, müdaxiləni kimin etməsindən asılı olmayaraq məsuliyyəti iddiaçıya aiddir. Eyni zamanda iddiaçının silinməsini tələb etdiyi məbləğ akt əsasında hesablanmış məbləğdən daha çoxdur.

8. Cavabdehin nümayəndəsi X5 xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak edərək bildirmişdir ki, sayğac abonentin balans mənbəyində quraşdırılmış, sayğacın dəyişdirilməsinə səbəb istismar müddətinin başa çatması olmuşdur. Eləcə də, iddiaçı fərdi sahibkar olmaqla məişət qaz qurğusu istifadəçisi deyil, sənayə qaz qurğusu istifadəçisidir və sayğacın qorunması üçün özü cavabdehdir. Mübahisə obyekti olan borc sayğacın nominal qaz sərfi və orta günlük iş rejimi və s. əsas götrülməklə əvvəlki aylarda hesablanmış borclar nəzərə alınmadan üç ay üçün hesablanmışdır.

9. Eyni zamanda cavabdehin nümayəndəsi bildirmişdir ki, istismar müddəti başa çatmış sayğac yenisi ilə əvəz edildiyindən, bu isə sahibkarlıq sahəsində aparılan yoxlama olmadığından sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh həmçinin deşiyin xaricdə olduğunu və vizual olaraq da müşahidə oluna biləcəyini vurğulamışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Məhkəmənin mövqeyi:

11. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, “Elster” tipli G-4 markalı ******* nömrəli sayğac çıxarılmış, çıxarılmaya səbəb növbəti dövlət yoxlaması olmuş, “Elster” tipli G-4 markalı ******* nömrəli sayğac quraşdırılmış, quraşdırılmanın səbəbi isə müvəqqəti əvəzetmə olmuşdur.

12. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MS-29/1640-00589-81 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İBnin SOCAR**********3171640X00589 saylı 02 mart 2022-ci il tarixli məktubuna əsasən 16 mart 2022-ci il tarixində Xaçmaz RQİİ-dən dövlət yoxlamasına gətirilmiş G4 markalı mexanika tipli qaz sayğacına 10 aprel 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və ******* zavod nömrəsinə malik sayğac üzrə yoxlamnın nətici olaraq “çıxış plasmas boru kənar təsir nəticəsində deşilib. Xətalar normaya uyğun deyil” qeyd edilmişdir.

13. İddia ərizəsinə əlavə edilmiş 15 aprel 2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşkar olunmuş nöqsanlar qrafasında Cavabdeh İB-nin qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2022-ci il tarixli, MS-29/1640-00589-81 nömrəli aktına əsasən obyektin qaz xətti üzərindən çıxarılmış ******* nömrəli sayğacın çıxış plasmas borusu kənar təsir nəticəsində deşilib” qeyd olunmuşdur.

14. Məhkəməyə təqdim edilmiş 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki,G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4320 m3 itirilmiş sərfiyyat müəyyən olunmuşdur.

15. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixinə çap olunmuş abonentin saldosundan görünür ki, 2022-ci ilin 4-cü (aprel) ayı üçün akt əsasında 1080 manat borc hesablanmış və çap tarixinə ödənilməmiş 1176,68 manat borc mövcuddur.

16. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

17. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, (bax yuxarıda §11-15), Cavabdeh İB-nin əməkdaşları tərəfindən növbəti dövlət yoxlamasının aparılması məqsədi ilə 02 dekabr 2021-ci il tarixində ******* nömrəli sayğac çıxarılmış, həmin sayğaca 13 aprel 2022-ci il tarixdə cavabdehin Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, 15 aprel 2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək ******* nömrəli sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşildiyi qeyd olunmuş, həmin akt əsasında hesablama aparılaraq 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 4320 m3 itirilmiş sərfiyyat qeyd edilmiş, iddiaçıya 1080 manat borc hesablanmışdır.

18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

20. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

22. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

23. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

24. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

25. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

26. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

27. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir.

28. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təbii inhisarçı olan Cavabdeh İB-nin əməkdaşları sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi yerə gəlməklə yoxlama apararaq sayğaca müdaxilə halını aşkar etsə də, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

29. Vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilmədiyindən məhkəmə hesab edir ki, yoxlamanın hüquqi nəticəsi qanunsuz hesab edilməli və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borc silinməlidir.

30. Məhkəmə o cümlədən cavabdehin nümayəndəsinin yoxlamanın aparılmadığı, sadəcə istismar müddəti bitmiş sayğacın yenisi ilə əvəz edilməsi arqumentlərini də əsassız hesab edir.

31. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, sözügedən sayğacın çıxarılmasına səbəb kimi növbəti dövlət yoxlamasının keçirilməsi qeyd edilmişdir.

32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia 1080 manat borcun silinməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul Cavabdehndən tutularaq X2 ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən X2 məxsus **********00020 nömrəli abonent koduna 15 aprel 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1080 (min səksən) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar