Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4677/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK MKOS 159/05-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 12731 manat əsas, 2408,21 manat faiz borcu və 3018,66 manat cərimə borcu olmaqla, cəmi 18157,87 manat və ödənilmiş 210 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borclu Cavabdeh1, zamin Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK MKOS 159/05-22 saylı kredit müqaviləsi üzrə borcalana illik faiz dərəcəsi 22% olmaqla, 36 ay müddətinə 12771 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, MKOS 159/05-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 12731 manat əsas, 2408,21 manat faiz borcu və 3018,66 manat cərimə borcu olmaqla, cəmi borcu 18157,87 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK MKOS 159/05-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əlavə əsas borc qalığına illik 22% olmaqla cərimə faizi ödəyir. 3.1.3-cü bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.6-ci bəndinə əsasən bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.7-ci bəndə əsasən zamin borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 425.1, 427.3, 428.4, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 449.1, 449.3, 449.4, 462.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
5. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən, əsas borc hissəsində qəbul etdiyini bildirərək, iddianın qismən təmin olunmasına etiraz etmədi.
8. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS 159/05-22 nömrəli kredit müqviləsinin məzmunundan görünür ki, Cavabdeh1 bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 12771 (on iki min yeddi yüz yetmiş bir) manat məbləğində kredit götürmüşdür.
9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS 159/05-22 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS 159/05-22 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
10. İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunda görünür ki, xx.xx.2023-cü il tarixinə olan 12731 manat əsas, 2408,21 manat faiz borcu və 3018,66 manat cərimə borcu olmaqla, cəmi 18157,87 manat borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və qalıq borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8150 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, MKOS 159/05-22 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2023cü il tarixinə olan əsas borcu 12731 manat, faiz borcu üzrə 1904,58 manat, xx.xx.2023-cü il tarixinə əsas borcu 12731 manat, faiz borcu üzrə 2418,07 manat təşkil edir.
12. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, MKOS 159/05-22 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarmaq şərti ilə 12771 manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, MKOS 159/05-22 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MKOS 159/05-22 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
17. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının хеyrinə 12731 manat əsas, 2408,21 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8150 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam və faiz borcunun tutulması hissəsində isə qismən (ekspert rəyinə uyğun) təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 12731 (on iki min yeddi yüz otuz bir) manat əsas borc, 1904,58 manat (min doqquz yüz dörd manat əlli səkkiz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır.
19. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3018,66 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
20. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
21. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq, 600 (altı yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Eləcə də, iddiaçı 210 manat mediasiya xərci cavabdehlərdən birgə qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
23. Məhkəmə hesab edir ki, mediasiyaya dair ödənilmiş 210 (iki yüz on) manat məbləğində pul vəsaiti cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
24. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 12731 (on iki min yeddi yüz otuz bir) manat əsas borc, 1904,58 manat (min doqquz yüz dörd manat əlli səkkiz qəpik) faiz borcu, 600 (altı yüz) manat cərimə, 210 (iki yüz on) manat mediasiya xərci olmaqla, cəmi 15445,58 manat (on beş min dörd yüz qırx beş manat əlli səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova