Məhkəmə qərarları › İş №e-2-2(113)-4677/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4677/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4677/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlu, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixə mövcud olan icarə haqqı borcu üzrə 643.45 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan 900 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli 2898 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 21150.32 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2025-ci il tarixli, 3-21-3/2-2990/2025 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

3. Məhkəmənin e-2-2(113)-4677/2025 saylı 03 iyun 2025-ci il tarixli qərardadı ilə işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə rəsmi qaydada bildiriş göndərilərək 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməsi təklif olunmuşdur.

II. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. Bir tərəfdən bundan sonra “İcarəyəverən” adlandırılacaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, digər tərəfdən bundan sonra “İcarəçi” adlandırılacaq Cavabdeh arasında bağlanmış 07 iyul 2022-ci il tarixli, 2898 nömrəli “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcarəyəverənin icarəyə verdiyi ünvan 2 ünvanında qeyriyaşayış binasının yerləşdiyi 900 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında istifadəyə qəbul edilir. 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 4050 manat, aylıq icarə 337.5 manat. 4.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək müəyyən edilir.

6. Cavabdeh şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, 2898 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə borc 643.45 manat təşkil edir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli 3-21-3/2-2990/2025 nömrəli bildirişdən görünür ki, ünvan 2 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 900 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli 2898 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə 1435.95 manat məbləğində icarə haqqının yarandığı qeyd olunaraq borcun 7 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin olunması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

8. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 07 iyul 2022-ci il tarixli, 2898 nömrəli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2898 nömrəli icarə müqaviləsinə əsasən, ünvan 2 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 900 kv.m torpaq sahəsi cavabdehin icarəsinə verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək icarə haqqının bir qismini ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixə ödənilməmiş icarə haqqının məbləği 643.45 manat təşkil edir.

11. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

12. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

13. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

14. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. 4.0.18-ci yarımbəndinə əsasən vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.

15. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 643.45 manat icarə haqqı tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-in: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. V. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 2898 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə mövcud olan 643.45 manat (altı yüz qırx üç manat qırx beş qəpik) pul məbləği Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 idarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ2C) köçürülsün. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar