Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-468/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1603,56 manat əsas, 1308,24 manat faiz, 4016,63 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 158,40 manat faiz borcunun və iş üzrə ödənilmiş 90,87 manat dövlət rüsumunun, ümumi 7086,83 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh2 arasında bağlanmış 451-13 AZN nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin alınması” məqsədi ilə 18 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4.000 (dörd min) Manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-451-13 AZN nömrəli xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. kredit və zaminlik müqavilələri üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlər bağlanmışdır. Həmin əlavə sazişlər üzrə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 4167,8 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilməli idi. Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 7086,83 (yeddi min səksən altı manat səksən üç qəpik) manat təşkil edir. Bundan 1.603,56 (bir min altı yüz üç manat əlli altı qəpik) manat əsas, 1308,24 (bir min üç yüz səkkiz manat iyirmi dörd qəpik) manat faiz, 4016,63 (dörd min on altı manat altmış üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 158,40 (bir yüz əlli səkkiz manat qırx qəpik) manat faiz borcu təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında Cavabdeh1 hazırkı iş üzrə zamin olduğunu, lakin ona qarşı tələb etmə müddəti keçdiyini nəzərə alıb iddianın ona aid hissədə təmin edilməməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının iddiaçının nümayəndəsi və digər cavabdehin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin:
8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh2 arasında bağlanmış 451-13 AZN nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində əsas vəsaitin alınması məqsədilə kredit verilmişdir.
14. xx.xx.2013-cü il tarixli, 451-13 AZN nömrəli kredit müqaviləsinin xx.xx.2013-cü il tarixli əlavəsində kredit müqaviləsi üzrə ödənişlərin tarixləri, əsas və faiz məbləğləri razılaşdırılmışdır.
15. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2013-cü il tarixli, 451-13 AZN nömrəli müqavilə üzrə 4000 manat məbləğində pul iddiaçı tərəfindən Cavabdeh2 təqdim olunmuşdur.
16. İddiaçı ilə Cavabdeh1 (zamin) arasında bağlanmış ZM-451-13 AZN nömrəli xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. xx.xx.2017-ci il tarixli, 1 nömrəli əlavə sazişlə xx.xx.2013-cü il tarixli, 451-13 AZN nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında öhdəlkləri restrukturizasiya edilmiş, borcalanın öhdəliyi 1723,7 manat əsas borc, 1733,97 manat faiz borcu və 710,13 manat cərimə borcu olmaqla cəmi 4167,8 manat təşkil etməsi razılaşdırılmış, kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.
18. xx.xx.2017-ci il tarixli əlavə sazişlə xx.xx.2013-cü il tarixli, ZM-451-13 AZN nömrəli zaminlik müqaviləsi üzrə kredit müqaviləsi üzrə borcalanın bank qarşısında restrukturizasiya edilmiş öhdəlikləri bağlı zaminin məsuliyyəti müəyyənləşdirilmişdir.
19. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, **********250 nömrəli maliyyə arayışına görə, xx.xx.2013-cü il tarixli, 451-13 AZN nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc 1603,56 manat, faiz borcu 1308 manat, cərimə borcu 4016 manat, gecikdirilmiş vaxt üçün illik 5% borcu 158,40 manat, cəmi borc 7086,83 manat təşkil edir.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/347 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 451-13 AZN nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 1723,70 manat, faiz borcu 2925,30 manat, xx.xx.2024-cü il tarixə əsas borc 1723,70 manat, faiz borcu 2925,30 manat, illik 5% əldən çıxmış fayda borcu 169,74 manat, xx.xx.2025-ci il tarixə əsas borc 1723,70 manat, faiz borcu 2925,30 manat, illik 5% əldən çıxmış fayda borcu 228,87 manat təşkil edir.
21. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
26. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir
27. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
29. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
30. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 451- 13 AZN nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 18 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 4000 (dörd min) manat kredit götürmüşdür. Borcun təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında ZM-451-13 AZN nömrəli xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 1 nömrəli əlavə saziş ilə borcalanın krediti restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 1723,7 manat əsas borc, 1733,97 manat faiz borcu və 710,13 manat cərimə borcu olmaqla cəmi 4167,8 manat müəyyən edilmiş, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2022-ci il tarixədək olması razılaşdırılmışdır.
31. Cavabdeh2 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit müqaviləsi ödəməli оlduğu vəsaitləri banka vaxtında tam şəkildə qaytarmamışdır.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun ödənilməsini əsas borcludan tələb etməkdə haqlıdır.
33. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan əsas və faiz borcu məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün iddia tələbi həcmində müəyyən edilməlidir.
34. Belə ki, ekspert rəyində əsas borc 1723,70 manat, faiz borcu 2925,30 manat müəyyən edilmişdir.
35. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 4016,63 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
36. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
37. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
38. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 80 manat məbləğində müəyyən edilməlidir.
39. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 158,40 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
41. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
42. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
43. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
44. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
45. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
46. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
48. İş üzrə təyin edilmiş ekspertiza nəticəsində cavabdehdən tutulmalı olan illik 5% dərəcəsi ilə faiz borcunun məbləği 169,70 manat müəyyən edilmişdir.
49. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün həmin hissədə də tələb iddia ərizəsində göstərilən həcmdə (158,40 manat) təmin edilməlidir. Belə ki, ekspert rəyi ilə həmin hissədə faiz borcunun məbləği 169,70 manat müəyyən edilmişdir.
50. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh2 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini Cavabdeh2 tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 451-13 AZN nömrəli kredit müqaviləsi üzrə 1603,56 manat əsas borc, 1308,24 manat faiz borcu, 80 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 158,40 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
51. Məhkəmə iddianı Cavabdeh1 aid hissədə əsassız hesab edir.
52. Belə ki, materiallardan görünür ki, xx.xx.2013-cü il tarixli, 451-13 AZN nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 1 nömrəli əlavə saziş ilə ilə kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, borcun ödənilməsi ilə bağlı zaminə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə tələb irəli sürülmüşdür.
53. Məhkəmə qeyd edir ki, zaminliyə xitam verildiyindən iddia tələbi zaminə (Cavabdeh1) aid olan hissədə təmin edilə bilməz.
54. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
55. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 52 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, qalan 38,87 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
58. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
59. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1603,56 manat əsas borc, 1308,24 manat faiz borcu, 80 manat dəbbə pulu, 158,40 manat illik 5 faizlə hesablanmış zərər, 52 manat dövlət rüsumu, ümumilikdə 3202,20 (üç min iki yüz iki manat iyirmi qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 38,87 (otuz səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova