Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4682/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi ziyan) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vurduğu maddi ziyanın, yəni ümumilikdə 2600 manat məbləğində pulun və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2015-ci il tarixdən 2017-ci il tarixədək “Ləki” kafesini icarə əsasında işlətmişdir. Lakin bu kafeni tanışı olan X1 təhvil vermişdir. Bu zaman isə kafenin VÖEN-i onun adında qalmışdır. Buna görə də icarə müddətində bu kafenin aylıq vergisini Abdullayev Natiqlə o ödəmişdir. Belə ki, o, hər ay Dövlət Vergilər Xidmətinin adı ilə özünü mühasib kimi təqdim edən Cavabdeh vergi üçün müəyyən məbləğdə pul ödəmişdir. Lakin sonradan məlum olmuşdur ki, bu müddət ərzində Sevil Vergilər Xidmətinə heç bir ödəniş etməmiş, nəticədə isə onun adına olan VÖEN-ə 2700 manat borc yığılmışdır. Bu yığılan borcun 400 manatı əvvəldən VÖEN hesabında olsa da, 2300 manat məbləği onun Cavabdeh ödədiyi məbləğdir. Bundan sonra isə bu borcun üzərinə də cərimə yığılmış və ümumi borc 3100 manat olmuşdur. Lakin Cavabdeh bu məbləği mənimsədiyindən və vergi kimi ödəmədiyindən borcu yaranmışdır. Cavabdeh mənimsədiyi bu pulu xx.xx.2020-ci il tarixədək ona ödəyəcəyini vəd etsə də, o öz vədinə əməl etməmişdir. O, bundan sonra xx.xx.2020-ci il tarixdə ərizə ilə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edərək bu məsələ ilə bağlı araşdırılma aparılmasını tələb etmişdir. Polis Şöbəsi tərəfindən aparılan araşdırmalardan sonra Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Elsəvər Aslanov tərəfindən 11 sentyabr 2020-ci il tarixli“materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərar qəbul olundu. Bu qərarla bu məsələ üzrə cinayət işi başlanması rədd olundu və bu iş mülki məsələ olduğundan mülki məsələlərin həllinin məhkəmə orqanları səlahiyyətinə aid olduğundan ona dəymiş maddi ziyanın ödənilməsi məqsədilə qanuna müvafiq qaydada rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olundu. Qərarda da qeyd edildiyi kimi o, bu məsələ ilə bağlı cavabdehin ona dəymiş maddi zərəri ödəməsi üçün mülki qaydada Məhkəmədə iddia qaldırır. Bu məsələ ilə bağlı cavabdehə həqiqətən də onun pul verdiyi, lakin onun ödəmədiyinin sübutu da məhz elə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Elsəvər Aslanov tərəfindən verilən 11 sentyabr 2020-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarda qeyd edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Azərbaycan Respublikasının X3 Bakı şəhəri Nəsimi Polis İdarəsi 19-cu Polis Şöbəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 51-1/2-15063 nömrəli sorğuya cavabdan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.
9. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2020-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərara əsasən iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikasının X3 Bakı şəhəri Nəsimi Polis İdarəsi 19cu Polis Şöbəsinə ünvanladığı izahatında göstərmişdir ki, “... “Ləki” kafesini işlədən Natiqdən hər ay 110 AZN olaraq vergiyə və DSMF-yə ödəmək üçün pul alırdım. Həmin məbləğləri aparıb vergiyə ödəməmişəm. Beləliklə ümumi məbləğ yığılan 2600 manat təşkil etmişdir. Həmin məbləğin 500 AZN Natiqin əvvəlki borcuna aiddir, qalan 2100 manat mənim aldığım pulların borcudur. Yaranmış olan borcumu xx.xx.2020-ci il tarixədək ödəyəcəyimə söz verirəm”.
11. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, iddiaçını çoxdan tanıyır, tarixini dəqiq xatırlamır. Cavabdehi də tanıyır, münasibəti qərəzli deyil. Hər rüb üzrə Cavabdeh 40 manat xidmət haqqı ödənilmiş, vergi ödənişləri üçün isə hər ay 110 manat ödənilmişdir. Həmin pullar cavabdehə iddiaçının vergi öhdəliklərinin ödənilməsi üçün ödənilmişdir. Pulları əksər hallarda özü, bəzi vaxtlar isə iddiaçı özü cavabdehə vermişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh ona təqdim olunan pul vəsaitini təyinatı üzrə ödəmir, həmin pulu mənimsəyib. Pulları ondan tələb etdikdə, qaytaracağını bildirsə də, qaytarmamış, polisə müraciət edilmiş, polisdə də izahat vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
15. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
16. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
17. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
18. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
19. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
22. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
23. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
24. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
27. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
28. Hazırkı işin hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus olan 2600 manat məbləğində vəsaiti alaraq iddiaçının dövlət büdcəsinə olan borcunu ödəməyi öhdəsinə götürsə də, həmin vəsaiti ödəməmiş, iddiaçıya maddi ziyan vurmuşdur.
29. Cavabdeh həmin vəsaiti polis idarəsində verdiyi izahatında iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, üzərinə götürdüyü öhdəliyi icra etməməsi faktını qəbul etmişdir.
30. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPMnin 106.3-cü maddəsi).
31. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2600 manat məbləğində pul, ödənilmiş 60 manat dövlət rüsumu, ümumilikdə 2660 (iki min altı yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova