Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4696/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, dəbbə pulu, əldən çıxmış fayda, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV-daxil 17700 əsas borcun, dövlət rüsumunun, 210 manat mediasiya xərcinin, müqavilənin icra edilməməsinə görə 3115,20 manat dəbbə pulunun və 1000 manat əldən çıxmış faydanın Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli, 43/23 saylı Xidmət Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Xidmət göstərən Cavabdeh MMC Sifarişçi- İddiaçı QSC-nin mallarını sifariş əsasında Azərbaycan Respublikasının ərazisində müvafiq məntəqələrə daşınmasını öz öhdəsinə götürmüşdür. 23 fevral 2023-cü il tarixində "xxxx" QSC ilkin sifarişini Cavabdeh MMC-yə etmişdir. Cavabdeh MMC xidmətlərin göstərilməsinə başlanılması üçün avans ödənişi tələb etmişdir. Avans tələbi müsbət cavablandırılmış və İddiaçı QSC tərəfindən ƏDV- daxil 17700 manat vəsait Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Avans ödənişi həyata keçirilməsinə baxmayaraq Cavabdeh MMC xidmətlərin göstərilməsinə başlamamış və öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cəmiyyətin əməkdaşları dəfələrlə Cavabdeh MMC-nin direktoru Cavid Cəfərovla əlaqə saxlamış və öhdəliklərin icrasının zəruri olduğunu bildirmişlər. Mütəmadi danışıqlardan sonra Cavabdeh MMC rəhbərliyi 28 fevral 2023-cü il tarixində xidmətləri icra etməyəcəklərini və ödənilmiş vəsaitin qısa müddətdə (üç gün ərzində) geri qaytarılmasına söz vermişdir. Vəsaitin qaytarılmasından sonra Müqaviləyə xitam verilməsi tərəflər arasında razılaşdırılmışdır. Vəsaitin qaytarılması barədə razılıq əldə edilməsinə baxmayaraq Cavabdeh MMC vədinə əməl etməmiş və ƏDV-daxil 17700 manat vəsaiti qaytarmaqdan qəsdən yayınmışdır. Edilən zənglərə cavab verilməmiş və Cəmiyyətə aid vəsait bugünə kimi qaytarılmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın tam təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddia tələbinin əsas borc hissəsində qəbul edir, lakin dəbbə pulu və əldən çıxmış fayda tələbini qəbul etmir, həmin hissədə iddianın rədd olunmasını xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 43/23 saylı xidmət müqaviləsinə əsasən:
7. Maddə 1. Müqavilənin predmeti
8. Müqavilənin 1.1-ci bəndinə əsasən xidmət göstərən sifarişçinin mallarını yük maşınları ilə Azərbaycan Respublikası daxilində müvafiq məntəqələrə daşıyır, sifarişçi isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada nəqliyyat xidmətinin dəyərini xidmət göstərənə ödəyir.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən daşınmaz şərtləri, təyinat məntəqələri, daşınacaq malların həcmi, çeşidi, qiyməti, tərkibi və digər əlamət və xarakterik xüsusiyyələtri, o cümlədən ödəniş şərtləri və çatdırılma müddəti bu müqavilənin tərkib hissəsi olan əlavə razılaşmalarla müəyyən olunacaqdır.
10. Maddə 2. Tərəflərin hüquq və vəzifələri
11. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmət göstərənin aşağıdakı hüquqları vardır.
12. Müqavilənin 2.1.1.-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada vəmüddətdə ödənişin həyata keçirilməsinin sifarişçidən tələb etmək;
13. Müqavilənin 2.2-ci bəndinə əsasən xidmət göstərənin aşağıdakı vəzifələri vardır:
14. Müqavilənin 2.2.1-ci bəndinə əsasən mal yükləndikdən sonra təyinat nöqtəsində təhvil verilənə qədər bütün məsuliyyət xidmət göstərən üzərindədir.
15. Müqavilənin 2.2.2-ci bəndinə əsasən xidmət göstərən yüklənmiş malı müəyyən edilmiş vaxt və digər vacib şərtlər daxilində təyinat nöqtəsinə çatdırmağı öz öhdəsinə götürür.
16. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçinin aşağıdakı hüquqları vardır:
17. Müqavilənin 2.3.1-ci bəndinə əsasən əgər xidmət göstərən daşınmış malları sifarişçiyə verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək;
18. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçinin aşağıdakı vəzifələri vardır:
19. Müqavilənin 2.4.2-ci bəndinə əsasən bu müqavilə əsasında müəyyənləşdirilmiş pul məbləğini xidmət təhvil verildikdən sonra xidmət göstərənə ödəmək;
20. Maddə 4. Malların təhvil verilməsi şərtləri
21. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmət göstərən müqaviləyə uyğun olaraq, sifarişçi tərəfindən mallar yükləndikdən sonra əlavədə göstərilən təyinat məntəqəsində qeyd edilmiş müddət ərzində malları sifarişçiyə təhvil verməyi öhdəsinə götürür.
22. Müqavilənin 4.2-ci bəndinə əsasən xidmət göstərən malların təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri sifarişçiyə təqdim etməlidir.
23. Maddə 6. Məsuliyyət
24. Müqavilənin 6.4-cü bəndinə əsasən xidmət göstərən öz öhdəliyinin icrasını gecikdiyi təqdirədə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0.1% həcmində məsuliyyət daşıyır.
25. 23.02.2023-cü il tarixli, BD1 saylı ödəniş tapşırığına əsasən İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixli heab fakturaya əsasən 15000 manat məbləğində ödəniş edilmişdir.
26. 23.02.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 15000 manat vəsaitə 2700 manat dəyərində ƏDV hesablanmışdır.
27. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
30. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
31. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
32. 850.2-ci maddəsinə əsasən əgər həmin Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.
33. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
34. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
35. Cavabdeh MMC ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli, 43/23 saylı Xidmət Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Xidmət göstərən Cavabdeh MMC Sifarişçi- İddiaçı QSC-nin mallarını sifariş əsasında Azərbaycan Respublikasının ərazisində müvafiq məntəqələrə daşınmasını öz öhdəsinə götürmüşdür. İddiaçı tərəf müqavilə üzrə götürülmüş öhdəliyi yerinə yetirmiş və ödəniş etmiş, buna dair sübutları da məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bunun əksini sübut edəcək sənəs-sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Cəmiyyət ƏDV daxil 17700 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
36. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 43/23 saylı müqavilənin 6.4-cü bəndinə əsasən hesablanmış 3115,20 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
38. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
39. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 885 manat məbləğində müəyyən edilməlidir.
41. Bundan əlavə, məhkəmə 1000 manat məbləğində əldən çıxmış fayda tələbi ilə bağlı hesab edir ki, tələb həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
42. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
44. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
45. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
46. Azərbaycan Respublikası MPM-nin:
47. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
49. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 17700 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 17700 manat əsas bоrc, 885 manat dəbbə pulu, cəmi 18585 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
52. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 43/23 nömrəli xidmət müqaviləsi üzrə ƏDV-daxil 17700 manat əsas borc məbləği, 885 manat məbləğində dəbbə pulu, cəmi 18.585 manat (on səkkiz min beş yüz səksən beş manat) və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 210 (iki yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova