Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4697/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, subroqasiya, mülki hüquq pozuntusu, subasma) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə (bundan sonra "xxxx" MTK) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında 169,78 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, RAZ********** saylı xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən X1 istifadəsində olan “Menar” Tədris Mərkəzi sığorta təminatı almışdır. xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən “Menar” Tədris Mərkəzinin yerləşdiyi qeyri-yaşayış sahəsindən keçən kanalizasiya borusunun partlaması nəticəsində qeyriyaşayış sahəsini su basmış, nəticədə CFİ-0091/2022- AKT5781/22 saylı sığorta aktına əsasən 169,78 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 11 nömrəli məktuba əsasən ünvan 2 ünvanında yerləşən obyekt kanalizasiya turbasının partlaması səbəbindən subasmaya məruz qalmış və obyektə zərər dəymişdir. Ödənilmiş 169,78 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 936.1, 1108.1-ci və s. maddələrinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Mümkünlük və cavabdehin mövqeyi
5. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh tərəf kommersiya mübahisələri üçün Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada iddiaya etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. 10.Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, RAZ********** nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən əmlak ümumilikdə 69079 manat sığorta məbləği həddində əmlakın yanğından və digər əlavə risklərdən sığortası qaydasında sığortalı X3 tərəfindən sığortalanmışdır. 30 iyun 2022-ci il tarixdə X3 ona məxsus obyektə subasma nəticəsində zərər dəydiyi barədə iddiaçıya ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixli hesabatla dəymiş zərərin məbləği 320 manat təsbit edilmiş, 29 avqust 2022-ci il tarixli CFİ-0091/2022 – AKT5781/22 nömrəli sığorta aktı ilə xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği 320 manat müəyyən edilmiş, 150 manat azadolma məbləği və 0,22 manat sığorta haqqı çıxıldıqdan sonra sığorta ödənişi 169,78 manat təyin edilmiş və 09 sentyabr 2022-ci il tarixli ödəniş tapşırığı əsasında sığortalı X2 bank hesabına köçürülmüşdür. 12.İddiaçı subroqasiya qaydasında 169,78 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. 13.Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir. 14.Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 15.Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 16.Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 17.Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 18.Məhkəmə qeyd edir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməlidir. 19.Hazırkı işin hallarından görünür ki, 25 aprel 2022-ci il tarixdə cavadehin nəzarətində olan kanalizasiya borcusunda subasmanın baş verməsi irəli sürülür və bu mənada sonuncunun maddi məsuliyyətinin əsasını mülki hüquq pozuntu (delikt) təşkil edir. 20.Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur. 21.Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir. 22.Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır. 23.İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X3 iddiaçıya müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 09:00-da “Memar Azərbaycan” Tədris Mərkəzində sanitar qovşaqdan kanalizasiya suyu çölə çıxaraq mərkəzi subasma olduğunu bildirmişdir. Cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 11 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli subasma hadisəsi X3 tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsindən keçən kanalizasiya turbasının partlaması nəticəsində baş vermişdir. Beləliklə, aydın olur ki, mülki hüquq pozuntusunun tərkib elementləri mövcuddur. 24.Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı "xxxx" ASCnin "xxxx" MTK-ya qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası təmin edilməli, cavabdehdən 169,78 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməldir.
b) Məhkəmə xərcləri ilə bağlı
25.İddiaçı həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. 26.Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzlə 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən 169,78 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova