Məhkəmə qərarları › İş №e-2-2(113)-47/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-47/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-47/2024 13.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “KOB mərkəzi” filialı ilə Cavabdeh4 arasında bağlanmış Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsinə əsasən 373.441,48 manat əsas borc, 62.302,47 manat faiz borcu, 11.670,04 manat cərimə borcu olmaqla, ümumilikdə isə 447.413,99 manat borc, əsas borca illik 5% məbləğində hesablanmaqla 11.618,18 manat pul, mediasiya üçün ödənilmiş 400 manat rüsum, məhkəməyə müraciət üçün ödənilmiş 286.39 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumunun Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması və satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “KOB mərkəzi” filialı ilə Cavabdeh4 arasında bağlanmış Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh4nə 12 ay müddətinə illik 13% olmaqla 400 000 (dörd yüz min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC-nin “KOB mərkəzi” filialı ilə Cavabdeh2 arasında 13 yanvar 2022-ci il tarixli 01/107 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 10 noyabr 2021-ci il tarixli Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Həmçinin İddiaçı ASC-nin “KOB mərkəzi” filialı ilə Cavabdeh3 arasında 13 yanvar 2022-ci il tarixli 02/107 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 10 noyabr 2021-ci il tarixli Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh3 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Kapital Bank” ASC-nin “KOB mərkəzi” filialı ilə Cavabdeh1 arasında 13 yanavar 2022-ci il tarixli, 02/107 saylı ipoteka müqaviləsi bağlanmış və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 14 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat və **********77-10301 reyestr nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh4 kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-47/2024 saylı qərardadı ilə iddianın “əmlak satıldıqdan sonra cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması” hissəsində icraata xitam verilmişdir.

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh4nə 12 ay müddətinə illik 13% olmaqla 400 000 (dörd yüz min) manat kredit verilmişdir.

12. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 yanvar 2022-ci il tarixli 01/107 saylı, Cavabdeh3 ilə 13 yanvar 2022-ci il tarixli 02/107 saylı zaminlik müqavilələri bağlanmışdır.

13. Daha sonra, Bank ilə Borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək İddiaçı ASC ilə Cavabdeh1 arasında 13 yanavar 2022-ci il tarixli, 02/107 saylı ipoteka müqaviləsi bağlanmış və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir

14. Kredit müqaviləsi, zaminlik müqavilələri və ipoteka müqaviləsi tərəflərin imzaları ilə təsdiq olunmuşdur.

15. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

18. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

19. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

20. İş materiallarına ilkin olaraq əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 İddiaçı ASC ilə Cavabdeh4 arasında Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 373.411,48 manat əsas borc, 22.520,59 manat faiz borcu olmaqla, cəmi 395.962,07 manat kredit borcu vardır.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6761/2022 saylı qərardadı ilə Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (maliyyə arayışının tərtib edildiyi tarixə) əsas və faiz borcunun və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə hal-hazıradək edilmiş ödənişlər nəzərə alınmaqla hal-hazırda əsas və faiz borcunun nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/111 nömrəli rəyinə əsasən xx.xx.2022-ci il tarixə (maliyə arayışının tərtib edildiyi tarixə) əsas borc 373.592,65 manat, faiz borcu 22.529,87 manat, xx.xx.2022-ci il tarixə (qərardadın tarixinə) əsas borc 373.592,65 manat, faiz borcu 27.791,30 manat müəyyən edilmişdir.

23. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

24. Belə ki, bankla Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğdə pul Cavabdeh4 hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

25. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 373.411,48 manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

26. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının sonradan yəni, iddia tələbinin artırılması barədə ərizəyə əlavə edərək məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 kredit müqaviləsinə əsasən əsas borc üzrə 373.411,48 manat, faiz borcu üzrə 62.302,47 manat, cərimə borcu üzrə 11.670,04 manat olmaqla, cəmi 447.413,99 manat kredit borcu vardır.

27. Daha sonra, iddiaçının xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsinin bitdiyi tarixə olan əsas borcu 373.411,48 manat, faiz borcu 32.096,16 manat, həmçinin 13 yanvar 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək illik 5 faizlə hesablanmış borcu 11.618,18 manat təşkil edir.

28. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır və faiz borcu üzrə 32.096,16 manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

29. Bundan başqa məhkəmə iclasında iddiaçının nümayəndəsindən əsas borca illik 5% məbləğində hesablanmış məbləğin tələb edilən 62.302,47 manat faiz borcunun tərkibində olub-olmaması soruşulmuş, iddiaçı tərəf də, əsas borca illik 5% məbləğində hesablanmış məbləğin tələb edilən faiz məbləğinin tərkibində olduğunu bildirmişdir.

30. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 13 yanvar 2023-cü il tarixdən (kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən) 28 avqust 2023cü il tarixədək (maliyyə arayışı) hesabladıqda görünür ki, təxmini 7 ay keçmişdir.

31. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 10.892 (373.411,48x5/100=18.670,574(1 il üçün), 18.670,574/12=1.555,881(1 ay üçün), 1.555,881x7=10.892 (7 ay üçün) manat məbləğində pul da Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

32. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində əsaslıdır.

33. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

34. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 11.670,04 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

35. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

36. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 13 yanvar 2022-ci il tarixli, 02/107 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evi təşkil edir (2.2-ci bənd).

37. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş rəyə müvafiq olaraq xx.xx.2022ci il tarixə 205.000 manat məbləğində müəyyən edilmişdir.

38. Həmin müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər 90 təqvim günü və ya daha çox gecikdirildikdə və ipoteka ilə təmin edilmiş öhdəliklər üzrə ödənişlər öhdəliyin müddəti ərzində 3 dəfədən çox gecikdirildikdə ipoteka saxlayan ipoteka ilə təmin edilmiş əmlaka tutma yönətmək hüququna malikdir.

39. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən **********77-10301 reyestr nömrəli 8 saylı fərdi yaşayış evi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır.

40. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6761/2022 saylı qərardadı ilə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAF” İnşaat yaşayış kompleksi, 8 saylı küçədə yerləşən 0.0368 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 200.70 kv.m olan 8 saylı evin likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.

41. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 348/2023 saylı qərardadı ilə ipoteka ilə təmin edilmiş əmlakın likvid və bazar dəyərini nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir.

42. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAF” İnşaat yaşayış kompleksi, 8 saylı küçədə yerləşən 0.0368 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 200.70 kv.m olan 8 saylı evin likvid dəyəri 191.322 manat, bazar dəyəri 212.580 manat müəyyən edilmişdir.

43. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 191.322 (bir yüz doxsan bir min üç yüz iyirmi iki) manat müəyyən edilməlidir.

44. Ona görə də, məhkəmə hesab edir ki, 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 191.322 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılmalı, satışdan əldə olunan məbləğ kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməlidir.

45. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirmir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır.

46. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 06 saylı Mediasiya təşkilatına ödənmişdir.

47. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməllidir.

48. Bundan başqa, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, ********** nömrəli qəbzə əsasən 285,96 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

49. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 285,96 manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

50. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün 47 manat məbləğində dövlət rüsumu ödənmişdir.

51. Ona görə də, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 47 manat məbləğində pul da müştərək qaydada Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməllidir.

52. Məhkəmə həmçinin qeyd edir ki, işdən də, göründüyü kimi Məhkəməmühasibatlıq Ekspertizasının keçirilməsi xərci 50 manat təşkil edir. Ona görə də, 50 manat məbləğində cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.

53. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

54. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış Bank Xidmətlərinin Göstərilməsi Haqqında 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 373.441 (üç yüz yetmiş üç min dörd yüz qırx bir) manat, 48 (qırx səkkiz) qəpik, faiz borcu üzrə 32.096 (otuz iki min doxsan altı) manat, 16 (on altı) qəpik, cərimə borcu üzrə 11.670 (on bir min altı yüz yetmiş) manat, 04 (dörd) qəpik olmaqla, cəmi 417.207 (dörd yüz on yeddi min iki yüz yeddi) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 10.892 (on min səkkiz yüz doxsan iki) manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. 10 noyabr 2021-ci il tarixli, **********10112021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 13 yanvar 2022-ci il tarixli 01 saylı Əlavə kredit müqaviləsi üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr-ti 167, AAAF inşaat yaşayış kompleksi, 8 saylı küçə ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.0368 ha torpaq sahəsi və onun üzərində yerləşən 200,70 kv.m ümumi sahədən ibarət olan 8 saylı fərdi yaşayış evin ilkin satış qiyməti 191.322 (bir yüz doxsan bir min üç yüz iyirmi iki) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 286 (iki yüz səksən altı) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olaraq 50 manat məbləğində pul Cavabdeh4 Məhdud Məhsuliyyətli Cəmiyyətindən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar