Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-470/2022 28.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3rşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh ““Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X4 (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hesabına köçürülən 13560 manat pulun, mediasiyaya ödənilmiş 200 manat rüsumun və 10.000 manat məbləğində mənəvi zərərin, cəmi 23760 manat pulun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Həmin xəttin çəkilməsi üçün "xxxx" ASC ilə iddiaçı arasında 19/15- 11-8 nömrəli 2011-ci il tarixli müqavilə imzalanmış və həmin ərazidə su xəttinin çəkilməsi zamanı asfalt örtüyü qazılmış, onlar işə başlayandan bir gün sonra özlərini "xxxx" ASC-nin (indiki “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”) əməkdaşları kimi təqdim edən bir neçə şəxs ona yaxınlaşaraq asfalt örtüyünün dağıdılmasına narazılıqlarını bildirərək ondan tələb etdilər ki, işləri bitirən kimi yol asfal örtüyünü bərpa etdirsin və bunun edilməsi üçün onlar ASC-nin müvafiq hesab nömrəsini təqdim etdilər və bildirdilər ki, həmin hesaba görüləcək işlərin pulu köçürülsün. Hesab verilən günün səhərisi həmin əməkdaşlar ona yaxınlaşaraq yol asfalt örtüyünün bərpa edilməsi üçün köçürüləcək pulun məbləğini (13560 manat) ona təqdim etdilər. O da elə həmin gün pulu təqdim edilən hesaba köçürtmüşdür. Bir neçə gündən sonra iddiaçının şirkət işləri bitirmiş və "xxxx" ASC-nin (indiki “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”) əməkdaşlarından asfaltın nə vaxt bərpa edilməsini soruşduqda onlar ona bir iki günə ediləcəyini bildirdilər, lakin həmin ərazidə yaşayan sakinlər və əraziyə baxan sahə müvəkkili sakinlərin yolun qısa bir müddətdə bərpa edilməsini tələb etmişlər və o da məcbur qalıb həmin asfaltı öz vəsaiti hesabına ayrıca bərpa elətdirmişdir. Təxminən iki il bundan əvvəl statistik hesabat hazırlanan zaman "xxxx" ASC-nin (indiki “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”) hesabına köçürülən 13560 manat pulun geri qaytarılmadığını müəyyən etmiş və artıq bu günə qədər "xxxx" ASC-nin (indiki “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”) məsul şəxsləri müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina edirlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, daha əvvəl hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsinin səbəbi iddiaçının bank hesablarına vergi orqanları tərəfindən həmin vaxtlarda sərəncam qoyulması və cavabdeh tərəfindən vəsait geri qaytarıldığı təqdirdə həmin vəsaitin sərəncam üzrə silinməsini istəməmələri olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Z.Həsənzadə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən hazırkı iddianın rədd edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: LPO "xxxx" ASC tərəfindən iddiaçıya 05.01.2011-01.01.2013-cü il tarixlərə verilmiş hesab-fakturadan görünür ki, 14.07.2011-ci il tarixdə cavabdehə asfalt ortüyünün bərpası üçün 13560 manat və 2440 manat ƏDV olmaqla, ümumilikdə 16000 manat pul köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 08.10.2021-ci il tarixli ********** nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən aralarında bağlanmış 19/15-11B saylı müqaviləyə əsasən ödədiyi 13560 manat pulun geri qaytarılmasını tələb etmişdir. 12 noyabr 2021-ci il tarixli AD-6812/11/21 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, materialları araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinən əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 13560 manat məbləğində pul vəsaitindən məhrum olmuş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır. Hazırda iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Materiallardan görünür ki, iddiaçı tərəfindən 13560 manat məbləğində pul cavabdehin hesabına 14.07.2011-ci il tarixdə köçürülmüşdür. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə 14.07.2013-cü il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin mülki işin materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə 30.11.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 2 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə 18.10.2005-ci il tarixli qərarı). Bundan əlavə, iddia ərizəsində 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər". Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-470/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-470/2022
28.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver