Məhkəmə qərarları › İş №e-2-2(113)-4706/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4706/2023

07.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4706/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə Cavabdeh firmasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qərarın ləğv edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh firmasına qarşı iddiaçının, Cavabdeh firmasının direktoru vəzifəsinə təyin olunması barədə qərarin ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçının, Cavabdeh firmasının direktoru vəzifəsinə təyin olunması barədə qərarin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh firmasına işləmək üçün 2017-ci ilin iyun ayında Bakı şəhəri, Bül-bül prospektində yerləşən Jalə plaza-da yerləşən ofisə müraciət edib rəsmi ərizəsini firmanın baş mühasibinə təqdim etmişdir. 19 iyun 2017ci il tarixində həmin firmanın direktor vəzifəsinə təyin olunması barədə 04 nömrəli əmr verilmişdir. Lakin qısa müddət ərzində firmada ciddi problemlər və vergi borclarını öyrəndikdən sonra ərizəsini yazib işdən çıxması ilə bağlı baş mühasibə müraciət etmişdir. Yekunda iddiaçını direktor vəzifəsindən azad olunduğunu bildirmişlər. Bir daha da bu firma ilə heç bir əlaqəsi və bağlantısı olmamışdır. İddiaçı Cavabdeh firmasında direktor vəzifəsini icra etməmiş, heç bir sənədlərin hazırlanmasında iştirak etməmiş, heç bir sənədi imzalamamış, hətta əmək haqqı belə almamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 1-ci maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 1-ci maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə- qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Həmin Məcəllənin 49-cu maddəsinin 1 -ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. "REAL-555” Firmasının təsisçilərinin 19 iyun 2017-ci il tarixli qərarının surətindən görünür ki, Nümayəndə "REAL-555” Firmasının qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsinə təyin edilmişdir.

12. X3 Xidmətinin 1 saylı Region üzrə X1 Nümayəndə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh müəssisəsində müvafiq ərizə təqdim etmənizə baxmayaraq direktor vəzifəsindən azad edilməməniz barədə ünvanladığınız şikayət ərizənizə X3 Xidmətinin 1 saylı region üzrə X2 baxılmışdır. Sizinlə bağlı əmək qanunvericiliyi ilə əlaqədar tərtib edilmiş sənədlərin təqdim edilməsi xahişi ilə "REAL 555” müəssisəsinə tərəfimizdən məktubla müraciət edilmişdir. Lakin həmin müəssisə tərəfindən hər hansı cavab verilməmişdir. Bununla yanaşı Sizi məlum edirik ki, əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün Cavabdeh müəssisəsi (VÖF:İ **********) tərəfindən Sizinlə bağlı hər hansı əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmışdır. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilənlər Sizi qane etmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Nümayəndə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh firmasının (VÖEN:**********) direktoru vəzifəsindən azad olunmağınıza tətbiq olunmuş ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, barənizdə məhdudlaşdırılmasının götürülməsi barədə Vergilər Nazirliyinə ünvanlanmış müraciətinizə baxılmışdır. Bildiririk ki, qanunvericiliyə əsasən hüquqi şəxsin rəhbərinin dəyişdirilməsi üçün təsisçinin qərarı, yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti müvafiq ərizə forması ilə birlikdəqeydiyyat orqanına təqdim olunmalıdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2019-cu il tarixə Cavabdeh firmasının rəhbərinin Nümayəndə olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Bununla əlaqədar olaraq, Cavabdeh firmasının xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 65277,37 manat məbləğində vergi borcu ilə bağlı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən barənizdə ölkədən getmək hüququnun müveçiqəti məhdudaşdırılması barədə xx.xx.2016-cı il tarixli ərizə ilə Saatlı rayon Məhkəməsinə müraciət edilmişdir. Saatlı rayon Məhkəməsinin xx.xx.2018-ol İl tarixli 2(055)-1213/2018 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququnuz müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir. Maddənin tələbindən göründüyü kimi fiziki şəxsin və ya hüquqi şəxsin İcra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi yalnız həmin məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda mümkündür. Bildiririk ki, Saatlı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(055)-1213/2018 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş dövlət büdcəsinə olan 65277,37 manat məbləğində borcun ödənilməsi təmin edilməmişdir. Dövlət büdcəsinə olan sözügedən qətnamə üzrə borc məbləği tam şəkildə ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların İcrası məcburidir. Nəzərinizə çatdırırıq ki, Mülki-Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi İcraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə bildiririk ki, Cavabdeh firmasının xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 44121,34 manat əsas, 13895,16 manat faiz borcu, 160 manat maliyyə sanksiyası və məhkəmə qətnaməsi ilə təmin edilmiş məbləğ üzrə 7382,73 manat olmaqla, ümumilikdə 65 559,23 manat vergi borcu mövcuddur. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (1951) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

14. İşin müəyyən edilən halları ondan ibarətdir ki, "REAL-555” Firmasının təsisçilərinin 19 iyun 2017-ci il tarixli qərarı ilə Nümayəndə "REAL-555” Firmasının qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsinə təyin edilmişdir. Nümayəndə Cavabdeh Firmasının direktoru vəzifəsinə təyin olunması barədə qərar verilsə də, əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün Cavabdeh müəssisəsi tərəfindən qanunvericiliklə imperativ şəkildə müəyyən olunmuş qaydada hər hansı əmək müqaviləsi bildirişi daxil edilməmişdir.

15. Göründüyü kimi, iddiaçının cavabdeh qurum tərəfindən direktor vəzifəsinə təyin olunması barədə 19 iyun 2017-ci il tarixli qərar verilsə də, qanunvericiliklə müəyyən edilmiş qaydada onunla əmək müqaviləsi bağlanılmamışdır (bu işin mübahisələndirilməyən halı kimi məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir).

16. Halbuki, qanunverci şəxsin hər hansı bir qurumda işləməsi ounla bağlanılmış əmək müqaviləsi əsasında həyata keçirilməklə tərəflər arasında bu müqavilədən əmələ gələn öhdəliklərin yaranmasına səbəb ola bilər.

17. Belə olan halda iddiaçı cavabdeh qurumla hər hansı əmək münasibətlərinə daxil olmamaqla nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada göstərilən vəzifənin icrasına cəlb edilməmişdir. Belə ki, verilməsindən sonra qərarın hüquqi qüvvəsinin olması üçün həmin şəxslə əmək müqaviləsi bağlanılmalı və əmək qanunvericiliyin imperativ göstərişinə əsasən əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün əmək müqaviləsi bildirişi daxil edilməlidir. Yalnız bundan sonra, yəni əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının direktor vəzifəsinə təyin edilməsi barədə qərar, qərarın qəbul edilməsindən sonra əmək məcəlləsinin tələblərinə əsasən edilməli olan hərəkətlər kimi, yəni əmək müqaviləsinin bağlanılması və həmin müqavilənin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün əmək müqaviləsi bildirişi daxil edilmədiyindən tərəflər arasında əmək müqaviləsindən irəli gələn öhdəliklərinin yaranmasını özündə ehtiva etmir.

19. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və Nümayəndə "REAL-555” Firmasının qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsinə təyin edilməsi barədə "REAL-555” Firmasının təsisçilərinin 19 iyun 2017-ci il tarixli qərarı qanuni hesab edilməməklə ləğv edilməlidir.

VI. Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı Nümayəndə cavabdeh "REAL-555” Firmasının qanuni təmsilçilik hüququna malik direktoru vəzifəsinə təyin edilməsi barədə cavabdeh "REAL-555” Firmasının təsisçilərinin 19 iyun 2017-ci il tarixli qərarı ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar