Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-471/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8.402 ABŞ dolları, bundan CR/552 saylı qarantiya müqaviləsi üzrə cəmi 1.617 ABŞ dolları faiz borcu və CR/553 saylı qarantiya müqaviləsi üzrə cəmi 6.785 ABŞ dolları faiz borcunun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanmış CR/552 №-li, 04 dekabr 2019-cu il tarixli Qarantiya müqaviləsinə əsasən, Bank Prinsipialın xahişi ilə, “Sammi Construction CO.” LTD-nin xeyrinə 59.316,41 ABŞ dolları və CR/553 №-li, 04 dekabr 2019-cu il tarixli Qarantiya müqaviləsinə əsasən, 248.949,10 ABŞ dolları məbləğində qarantiya təqdim edilmişdir. Bu müqavilənin 2.1-ci bəndinə əsasən, qarantiya 04 dekabr 2019-cu il tarixindən 24 aprel 2021-ci il tarixinədək təqdim edilir. Benefisiarın xeyrinə Bankın vəsaiti hesabına ödənişin həyata keçirildiyi gündən qarantiya üzrə ödəmə zamanı yaranmış borc tam ödənilənədək ödənilmiş məbləğə illik 50% (əlli faiz) hesablamaq hüququna malikdir. Həmçinin, Prinsipial Banka qarantiyanın tam məbləğindən illik 1.5% ölçüsündə komissiya ödəyir. Cavabdeh1 MMC-yə qarantiya təqdim edilərkən Cavabdeh2 ilə Bank arasında 04 dekabr 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında Prinsipial ilə birlikdə məsuliyyət daşıyırlar. Qarantiya müqaviləsinin 3.1-ci bəndinə əsasən Prinsipial bu müqavilə üzrə Benifisiarın xeyrinə və onun hesabına ödəniş məbləğlərinin Banka qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və qarantiyanın bütün məbləğinin, qarantiyadan istifadəyə görə müqavilənin 2.8 və 3.3.2-ci bəndinə uyğun olaraq faizlərin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi üçün Cavabdeh1 MMC və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********165 və **********168 saylı, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 MMC və Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı tərəf məhkəmə hazırlıq iclasında iştirak etsə də, məhkəmə baxış iclasında iştirak etməmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixdə CR/552 saylı, xx.xx.2019-cu il tarixdə CR/553 saylı və xx.xx.2019-cu il tarixdə CR/554 saylı qarantiya müqavilələri bağlanmışdır. Müqavilələr hər iki tərəfin səlahiyyətli şəxsinin imzası və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1 MMC və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli CR/552 saylı, xx.xx.2019-cu il tarixli CR/553 saylı qarantiya müqavilələri üzrə eyni tarixli Zaminlik müqavilələri bağlanmışdır. Hazırkı mübahisə məhz 2 ədəd yəni, xx.xx.2019-cu il tarixli CR/552 saylı, xx.xx.2019cu il tarixli CR/553 saylı qarantiya müqavilələri ilə bağlıdır. xx.xx.2019-cu il tarixli CR/552 saylı qarantiya müqaviləsinə əsasən Bank Prinsipialın (Cavabdeh1 MMC) xahişi ilə, “Sammi Construction CO.” LTD-nin (benefisiar) xeyrinə 59.316,41 ABŞ dolları məbləğində qarantiya təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən qarantiya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarxinədək təqdim edilir. Müqavilənin 2.8-ci bəndinə əsasən prinsipial Banka qarantiyanın tam məbləğindən illik 1,5% ölçüsündə komissiya ödəməlidir. Digər xx.xx.2019-cu il tarixli CR/553 saylı qarantiya müqaviləsinə əsasən Bank Prinsipialın (Cavabdeh1 MMC) xahişi ilə, “Sammi Construction CO.” LTD-nin (benefisiar) xeyrinə 248.949,10 ABŞ dolları məbləğində qarantiya təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən qarantiya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarxinədək təqdim edilir. Müqavilənin 2.8-ci bəndinə əsasən prinsipial Banka qarantiyanın tam məbləğindən illik 1,5% ölçüsündə komissiya ödəməlidir. Məhkəmə həmçinin mübahisə predmeti olmasa da, qeyd edir ki, tərəflər arasında bağlanmış olan digər xx.xx.2019-cu il tarixli CR/553 saylı qarantiya müqaviləsində 232.000 ABŞ dolları qarantiya məbləğinə konkret olaraq 2.581,10 ABŞ dolları birdəfəlik komissiya nəzərdə tutulmuşdur. Həmçinin işin müəyyən olunmuş və mübahisələndirilməyən digər halı ondan ibarətdir ki, Bank tərəfindən benefisiar təmin edilməmiş və qarantiya məbləğindən istifadə olunmamışdır. Məhkəmə hazırkı mübahisənin həlli baxımından aşağıdakı normalara nəzər yetirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 460.1-cı maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 478-ci maddəsinə əsasən Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 479.2-ci maddəsinə əsasən qarantiya verilməsinə görə prinsipial qaranta şərtləşdirilmiş muzd ödəyir. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir. Həmin Məcəllənin 488.1 və 488.1.2-ci maddələrinə əsasən qarantiyada müəyyənləşdirilmiş müddət qurtardıqda qarantın benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə xitam verilir. Qeyd edilmiş normaların məzmunundan da, göründüyü kimi, Qarantiya müqaviləsi öhdəliyin təmini üsullarından biri olmaqla, müstəqil xarakter daşıyır və müvafiq muzdla şərtləşmiş olur. Bu konteksdə qeyd edilməlidir ki, Qarant (indiki halda Bank) şərtləşdirilmiş muzdu qarantiya müqaviləsinin bitmə anına kimi hesablamalıdır. Hazırda məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı tərəf CR/552 və CR/553 saylı qarantiya müqavilələri üzrə iddia ərizəsində tələb edilən pulun faiz borcu kimi göstərilsə də, illik 1,5% komissiya haqqı nəzərdə tutulduğunu və sadalanmış 2 müqavilə üzrə komissiya haqqının ödənilmədiyini bildirir və xx.xx.2019-cu il tarixli CR/553 saylı qarantiya müqaviləsi üzrə nəzərdə tutulmuş 2.581,10 ABŞ dolları birdəfəlik komissiyanın ödənildiyini qeyd edir. Cavabdeh tərəf isə buna etiraz olaraq, bütün müqavilələr üzrə komissiya haqlarının tam ödənildiyini və Bank qarşısında heç bir öhdəliklərinin qalmadığını, hətta tələb olunan puldan da artıq məbləğ ödənildiyini qeyd edir. Həmçinin də, Bankla sadalanmış qarantiya müqavilələrindən başqa heç bir müqavilə bağlanmadığını bildirir. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh1 MMC tərəfindən Banka xx.xx.2019-cu il tarixdə 6.004 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə isə 6.760 ABŞ dolları məbləğində pul yəni, cəmi 15.764 ABŞ dolları məbləğində pul mədaxil edilmişdir. Bu baxımdan da, mübahisənin həlli üçün qarantiya müqavilələri üzrə komissiya haqları hesablanmalıdır. xx.xx.2019-cu il tarixli, CR/552 saylı qarantiya müqaviləsinin məbləğinin 59.316,41 ABŞ dolları, müddətinin isə xx.xx.2021-ci il tarixdə bitməsi nəzərə alındığında görünür ki, qarantiya 16 ay müddətinə verilmişdir. Belə olan halda bu müddət üçün komissiya haqqı (yəni muzd) 1.186,32 ABŞ dolları (59.316,41x1.5/100=889,746 (illik komissiya haqqı), 889,746/12=74,145 (aylıq komissiya haqqı), 74,145x16=1.186,32 (16 aylıq komissiya haqqı)) təşkil edir. Digər xx.xx.2019-cu il tarixli, CR/553 saylı qarantiya müqaviləsinin məbləğinin 248.949,10 ABŞ dolları, müddətinin isə xx.xx.2021-ci il tarixdə bitməsi nəzərə alındığında görünür ki, qarantiya 16 ay müddətinə verilmişdir. Belə olan halda bu müddət üçün komissiya haqqı (yəni muzd) 4.978,98 ABŞ dolları (248.949,10x1.5/100=3.734,236 (illik komissiya haqqı), 3.734,236/12=311,186 (aylıq komissiya haqqı), 311,186x16=4.978,982 (16 aylıq komissiya haqqı)) təşkil edir. Göründüyü kimi, mübahisələndirilmiş CR/552 və CR/553 saylı qarantiya müqavilələri üzrə komissiya haqlarının (muzdun) cəmi 6.165,3 ABŞ dolları (1.186,32+4.978,982) təşkil edir. Belə olan halda, hətta Bank tərəfindən mübahisələndirilməmiş, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli CR/554 saylı qarantiya müqaviləsində komissiya haqqının konkret olaraq 2.581,1 ABŞ dolları olması, mübahisələndirilən qarantiya müqavilələri üzrə isə cəmi 6.165,3 ABŞ dolları komissiya haqlarının olması nəzərə alındığında görünür ki, cavabdeh tərəfindən Banka cəmi 15.764 ABŞ dolları məbləğində pul ödənilməklə hətta bütün müqavilələr üzrə nəzərdə tutulmuş komissiya haqlarından da, artıq məbləğdə pul ödənilmişdir. Belə olan halda, yəni cavabdehin icra edilməmiş hər hansı bir öhdəliyi qalmadığından iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-471/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-471/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver