Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-471/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X1 Azərbaycan” QSC (bundan sonra – iddiaçı) cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən (birgə) müştərək qaydada 42224 manat ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 21.628.07 manat, mediasıya xərci əvəzi 210 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə cavabdeh "xxxx" MMC arasında18 aprel 2012-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə "xxxx" MMC-yə 18 oktyabr 2013-cü il tarixinədək, illik 18% (on səkkiz faiz) dərəcəsi olmaqla 70.000 (yetmiş min) manat məbləğində kredit ayrılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə almış olduğu krediti bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə Banka qaytarmasını öhdəsinə görürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 18 aprel 2012-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(006)-81/2016 saylı qətnaməsi ilə Cavabdehlərdən cəmi45.470 qırx beş min dörd yüz yetmiş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması qət etmişdir. Göründüyü kimi, Cavabdehin 18 yanvar 2016-cı il tarixə əsas borc üzrə 42224 (qırx ikimin iki yüziyirmi dörd) manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 18 yanvar 2016-cı ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyisəbəbindən İddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiztələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda Cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 42224 (qırx iki min iki yüz iyirmi dörd) manat hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilə qədər Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, 21.628.00 (iyirmi bir min altı yüziyirmi səkkiz) manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əsas borc üzrə qismən ödənişlər edildiyi üçün yeni maliyyə arayışı təqdim edərək, iddianın 16773,66 manat hissədə təmin edilməsini xahiş edir. Bundan əlavə, icra sənədinin icraya 2021-ci ildə yönəldilməsinin səbəbi çıxarılmış məhkəmə aktlarından verilmiş şikayətlər olmuşdur. Borclu MMC-nin adına hər hansı əmlak, bank hesabında vəsaiti aşkar edilməmiş, bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.
5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 aprel 2012-cı il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlətlə kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc pul məbləğlərini bu müqavilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür. Kreditin məbləği 70000 manat təşkil edir. Kredit borcalana 18 ay müddətinə və istifadəsinə görə illik 18 faiz dərəcəsi ödəmək şərti ilə verilir.
9. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(006)-81/2016 saylı qətnaməsinə əsasən iddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “X1 Azərbaycan” QSC-nin xeyrinə 42224 manat əsas, 2951,46 manat faiz, 287,04 manat cərimə, 07,50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 45470 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 10.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(006)-81/2016 saylı icra vərəqəsi xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. 12.Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borclulara xx.xx.2021-ci il tarixdə tələbin könüllü icra edilməsi barədə bildiriş ünvanlanmışdır. 13.Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən borclulara xx.xx.2022-ci il tarixdə tələbin könüllü icra edilməsi barədə bildiriş ünvanlanmışdır. 14.Tələbin könüllü icra edilməsi barədə bildiriş borclu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır. 15.Borclu Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə yazılı izahat verərək, icra sənədinin maddi imkanı olmadığı üçün icra edə bilmədiyini göstərmiş, borcu hissəhissə ödəyə biləcəyini bildirmişdir. 16.Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin inkasso sərəncamları əsasında xx.xx.2023-cü il tarixdən etibarən hər təqvim ayı borclu Cavabdeh2 vəsaitindən (yaşa görə aldığı pensiya) aylıq tutulmalar aparılır. 17.İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin 18 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair maliyyə arayışından görünür ki, əsas borcdan qalan 42224 manat ödənilməsinin 3688 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 21628,07 manat təşkil edir. 18.İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin 18 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan hissəsinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş zərərin hesablanmasına dair maliyyə arayışından görünür ki, əsas borcdan qalan 42224 manat ödənilməsinin 3019 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 16773,66 manat təşkil edir. 19.Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. 20.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.” 21.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). 23.MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. 25.Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. 26.Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. 27.Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1). 28.MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. 29.MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 30.Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 31.Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. 32.Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. 33.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 35.“Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı). 36.Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşımaları üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. 37.Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. 38.Bundan əlavə, materiallardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icra edilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh2 təqdim edilmiş (icra işində bildirişin digər borclulara təqdim edilməsi ilə bağlı sənəd aşkar edilməmişdir), həmin tarixdən etibarən cavabdehlər tərəfindən qismən ödənişlər edilmişdir. 39.Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış vəsaitin tutulması ədalətlilik prinsipindən kənarda qalır. 40.Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 210 manat mediasiyaya dair xərc iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 210 (iki yüz on) manat mediasiyaya dair xərc iddiaçı “X1 Azərbaycan” QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova