Məhkəmə qərarları › İş №e-2-2(113)-4716/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4716/2025

27.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4716/2025 27.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “nömrənin bərpa edilməsi və s.” tələbinə dair ilk, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi Heydərova Mülayim Akif qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “nömrənin bərpa edilməsi və s.” tələbinə dair ilk, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakcell MMC tərəfindən "xxxx" MMC-yə yaradılmış bütün maneələrin aradan qaldırılması, Bakcell MMC tərəfindən "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsinin və digər nömrələrin aktiv edilməsi, Cavabdeh qanunsuz hərəkəti nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işgüzar nüfuza vurulmuş 6000 manat zərərin, 2000 manat əldən çıxmış faydanın, ümumilikdə 8000 (səkkiz min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2009-cu il tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınaraq həmin tarixdən etibarən sığorta fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin avqust ayında ********** nömrəsi, "xxxx" MMC tərəfindən alınaraq öz balansına keçirilmişdir. Özünün sığorta fəaliyyətinə müvafiq olaraq şirkət müştəriləri ilə həmin nömrə ilə əlaqə saxlayaraq xidmət göstərmişdir. 10 noyabr 2022-ci il tarixdən etibarən nömrə bağlanmış, istifadəsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar tərəfimizdən Cavabdeh MMC-yə elektron formatda müraciət edilmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli elektron cavab məktubu ilə bildirmişdir ki,"xxxx" MMC şirkətinin 2018-ci il fevral-sentyabr aralığında ödənməmiş faktura borcları var və ümumi borc 6472 AZN təşkiledir. ********** nömrəsinin bağlı olmasının səbəbi həmin borcdur. Borc ödənildikdən sonra nömrə aktivləşəcək. Lakin Cavabdeh MMC xx.xx.2022-ci il tarixli digər elektron cavab məktubu ilə bildirmişdir ki, ümumi borcumuz 6549.77 AZN təşkil edir. Göründüyü kimi,əvvəla cavabdeh tərəfindən verilmiş ayrı-ayrı məlumatlar birbirinə uyğun deyildir, bu da onun həqiqətə uyğun olmadığının göstəricisidir. Digər tərəfdən isə, qeyd etdiyimiz kimi, ********** nömrəsi 2022-ci ilin avqust ayında "xxxx" MMC tərəfindənalınaraq öz balansına keçirilmişdir, lakin cavabdehin göstərdiyi məbləğ isə 2018ci ili fevral-sentyabr aylarına aid olan borclardır. Bu səbəbdən həmin borc qanunsuz və əsassız olaraq hesablanmışdır. Həmçinin qeyd edirik ki,"xxxx" MMC13 ilə yaxın müddətdir ki, etibarlı sığorta faəliyyəti ilə məşğul olmuş, keyfiyyətli xidmətlərinə görə müştərilərdə inam, etibar formalaşdırmışdır. Cavabdeh tərəfindən qanunsuz hesablanmış borc səbəbindən sözügedən nömrə bağlanmış, şirkətimizin xidmətindən mütəmadi olaraq yararlanan müştərilərin şirkətlə əlaqə saxlaması qeyri-mümkün olmuş, nəticədə daimi müştərilən şirkətimizə olan inamı azalmış, şirkətin müştəri bazasında kəskin azalma baş vermişdir. Nəticədə şirkətin işgüzar nüfuzuna xələl gəlmiş, müştəriləri arasında öz nümunəvi rolunu itirmişdir. Şirkətimizin işgüzar nüfuzuna dəyən zərər tərəfimizdən 6000 (altı min) manat həcmində qiymətləndirilir. Bundan əlavə, nömrənin bağlanması səbəbindən 10 noyabr 2022-ci il tarixdən etibarən bu günə qədər şirkət öz fəaliyyətini həyata keçirə bilməmiş, şirkət gəlirlərdən məhrum olmuşdur. Belə ki, əgər cavabdeh tərəfindən qanunsuz borc hesablanaraq ********** nömrəsi bağlanmış olmasaydı, şirkət bu günə qədər təxminən 2000 manatdan artıq gəlir əldə etmiş olacaqdı. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkəti nəticəsində "xxxx" MMC-yə 2000 (ikimin) manat miqdarında əldə çıxmış fayda formasında maddizərər vurulmuşdur.

3. "xxxx" MMC "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-dən 6527,6 manat borc məbləğinin və ödənilmiş 85,5 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir .

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 01 sentyabr 2011-ci il tarixli “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqaviləyə əsasən icraçı sifarişçiyə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib, xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Lakin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC öz üzərinə düşən öhdəlikləri pozaraq 6527.60 manat borc məbləğini bu günə kimi ödəməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4716/2025 saylı 24 iyun 2025-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. "xxxx" MMC-nin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmişdir.

8. Məhkəmə işə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı olan "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır.

12. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli ilk növbədə İddiaçı MMC-nin iddiasına münasibət bildirilməsini zəruri hesab edir.

13. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh MMC (icraçı) ilə İddiaçı MMC (sifarişçi) arasında 01 sentyabr 2011-ci il tarixli, 1083 saylı, xx.xx.2011-ci il tarixli 0816 saylı “Mobil rabitə xidmətlərin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Qeyd edilmiş müqavilələrə əsasən icraçı sifarişçiyə müqaviləyə Əlavələrdə göstərilən nömrələr təqdim edir, sifarişçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və danışıq haqqını vaxtı vaxtında ödənilməsini təmin edir.

14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə otel qonaqlama xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

15. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

16. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

17. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

18. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Hazırda ilkin İddiaçı MMC, ***-***-**-** mobil nömrə və digər nömrələrin Cavabdeh MMC tərəfindən aktiv edilməsini məhkəmədən tələb edir.

21. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X1” MMC-nin adına olan bütün borc məbləği tam ödənildikdən sonra “211” nömrəli xəttin açılmasının təmin olunacağını bildirmişdir.

22. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, ********* nömrəsi 2022-ci il tarixədək "xxxx" MMC-nin adına qeydiyyatda olmuş, "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli razılıq məktubu və İddiaçı MMC-nin 03 avqust 2022-ci il tarixli müraciət məktubu əsasında sonuncunun adına keçirilmişdir.

23. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən X1” MMC-yə 2014-cü ildən 2018-ci il tarixədək olan dövr üçün ümumilikdə 6.535 manat, ********* nömrəsi üzrə isə 2022-ci il üçün 7,38 manat məbləğində borc hesablanmışdır.

24. Məhkəmə iclasında iştirak edən X1” MMC-nin nümayəndəsi ********* nömrəsi üzrə borcu ödədiyini, lakin nömrənin ilkin iddia üzrə cavabdeh tərəfindən aktiv edilmədiyini bildirmişdir.

25. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 062869 nömrəli mədaxil qəbzinə əsasən ilkin iddia üzrə iddiaçı tərəfindən Cavabdeh MMC-yə 8 manat məbləğində ödəniş edilmişdir.

26. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilərək, İddiaçınə məxsus yalnız ***-***-**-** mobil nömrəsi Cavabdeh tərəfindən aktiv edilməlidir.

27. Məhkəmə, həmçinin hesab edir ki, iddia mənəvi ziyanın əvəzi olaraq 6.000 manat məbləğində pulun tələb edilməsi hissəsində də təmin edilməməlidir.

28. Belə ki, mənəvi ziyan məhz fiziki şəxsə xas olan bir haldır, hüquqi şəxsin mənəvi zərər görə bilməsi halı mümkün deyildir.

29. Bundan başqa Məhkəmə hesab edir ki, iddia əldə çıxmış faydanın əvəzi olaraq 2.000 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.

30. Məhkəmə ilk növbədə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə).

31. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

32. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan halların təsdiqi yəni əldən çıxmış faydanın nədən ibarət olması halına dair sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

33. Ona görə də, qeyd edilən hissədə, ilkin iddia təmin edilə bilməz.

34. Bundan başqa, Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir

35. Məhkəmə Cavabdeh iddiası ilə bağlı aşağıdakıları qeyd edir.

36. Cavabdeh MMC hazırda İddiaçı MMC-dən 6.527,6 manat məbləğində borcun ödənilməsini tələb edir. Yəni, ***-***-**-** mobil nömrəsi üçün hesablanmış 7,38 manat borcu tələb etmir.

37. İddiaçı MMC Cavabdeh MMC tərəfindən verilmiş qarşılıqlı iddia tələbi üzrə iddia müddəti keçdiyi üçün, məhkəmə tərəfindən iddia müddətini tətbiq edərək qarşılıqlı iddia tələbini rədd edilməsini xahiş etdi.

38. İş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən tələb edilən borc 2014-2018-ci illəri əhatə edən dövr üçün hesablanmış borc məbləğidir.

39. Bu xüsusda Məhkəmə qeyd edir ki, həqiqətən də, İddiaçı MMC tərəfindən mobil nömrələrdən istifadə nəticəsində 6.527,6 manat borc yaranmışdır.

40. Bundan sonra Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin keçməsi barədə dəlilinə qiymət verilməlidir.

41. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.

42. Məhkəmə qeyd edir ki, İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

43. İşdən də, göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən borc məbləği son olaraq xx.xx.2018-ci ilədək hesablanmışdır.

44. Qarşılıqlı iddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə borcun ödənilməsi ilə bağlı pretenziya xx.xx.2025-ci il tarixdə göndərilmişdir.

45. Göründüyü kimi, borcun hesablandığı tarixdən qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətdən kifayət qədər artıq vaxt keçmişdir.

46. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə qarşılıqlı iddia rədd edilməlidir.

47. Beləliklə, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

48. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. İddiaçınə məxsus ***-***-**-** mobil nömrəsi Cavabdeh tərəfindən aktiv edilsin. Dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar