Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4717/2023 14.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oglunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 4.523,34 manat məbləğində icarə haqqı borcunun və 306,20 manat məbləğində cərimə borcunun, habelə ödənilmiş 60,00 manat məbləğində mediyasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İdiaçı cavabdehə qarşı cavabdehdən 4.523,34 manat məbləğində icarə haqqı borcunun və 306,20 manat məbləğində cərimə borcunun, habelə ödənilmiş 60,00 manat məbləğində mediyasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 22 fevral 2018-ci il tarixli, 2624 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2624 nömrəli qeyri-yaşayış sahəsini (çamodanların satışı üzrə mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 220 (iki yüz iyrimi) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən ilə icarəçi arasında bağlanılmış 22 yanvar 2018-ci il tarixli, 2624 nömrəli icarə müqaviləsinə 30 iyun 2021-ci il tarixdə xitam verilmişdir. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında 22 fevral 2018-ci il tarixli, 2655 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və ŞəhərlərarasıAvtovağzal Kompleksinin 2-ci mərtəbəsində yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 2655 nömrəli qeyri-yaşayış sahəsini (çamodanların satışı üzrə mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla ƏDV daxil aylıq 300 (üç yüz) manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanılmış 22 fevral 2018-ci il tarixli, 2655 nömrəli icarə müqaviləsinə 30 aprel 2021-ci il tarixdə xitam verilmişdir. İcarəçi qeyd edilən hər iki müqavilə üzrə ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da təqdim edilmiş 04 iyul 2023-cü il tarixli maliyyə arayışından da görünür ki, 22 fevral 2018-ci il tarixli, 2624 nömrəli icarə müqaviləsi üzrə 30 iyun 2021-ci il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 2.273,34 (iki min iki yüz yetmiş üç manat otuz dörd qəpik) manat, ona hesablanmış cərimə borcu 184,07 (bir yüz səksən dörd manat yeddi qəpik) manat olmaqla, cəmi borc 2.457,41 (iki min dörd yüz əlli yeddi manat qırx bir qəpik) manatdır. 22 fevral 2018-ci il tarixli, 2655 nömrəli icarə müqaviləsinə görə 30 aprel 2019cu il tarixə icarəçi Cavabdeh icarə haqqı borcu 2.250 (iki min iki yüz əlli) manat, ona hesablanmış cərimə borcu 121,50 (bir yüz iyirmi bir manat əlli qəpik) manat olmaqla, cəmi borc 2.371,50 (iki min üç yüz yetmiş bir manat əlli qəpik) manatdır; -ümumilikdə, hər iki icarə müqaviləsinə görə 4.523,34 (dörd min beş yüz iyirmi üç manat otuz dörd qəpik) manat məbləğində icarə haqqı borcu və 306,20 (üç yüz altı manat iyirmi qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar icarəyə verən tərəfindən icarəçinin ünvanına məktub (pretenziya) göndərilmiş, sonuncu tərəfindən borc ödənilməmiş, pretenziyaya rəsmi münasibət bildirilməmişdir. Pretenziya məktubu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən göndərilmişdir. Bundan sonra, mübahisənin mediasiya ilə həll edilməsi cavabdehə təklif olunmuş, cavabdeh təklifə münasibət bildirməmiş və bu səbəbdən də iddiaçı tərəfindən mediatorun təyin edilməsi ilə əlaqədar Mediasiya Şurasına ərizə ilə müraciət edilmiş, mediator vəkil təyin edilmişdir. Mediator vəkilin də çağırışlarına cavabdeh tərəfindən məhəl qoyulmamış və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göründüyü kimi, cavabdeh icarə müqavilələrinə əsasən ödənişlə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmir və həmin öhdəliklərin icrasından boyun qaçırır.
II. Tərəflərin mövqeləri:
3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
8. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 22 fevral 2018-ci il tarixli, 2624 nömrəli, 22 fevral 2018-ci il tarixli, 2655 nömrəli müqavilələr baglanmışdır. Müqavilələrə əsasən iddiaçı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksində yerləşən, qeyri-yaşayış sahəsini icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdələrinə götürmüşlər.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilələrin, maliyyə arayışlarının və obyektin Əməliyyat tarixçələrinin müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehə icarəyə verdiyi sahələri vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya göstərilən müqavilələrə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və iddia təmin edilməlidir.
13. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 0,1% həcmində cərimə ödəməlidir.
14. Məhkəmə hesab edir ki, 306,20 manat manat cərimə məbləgi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 15.Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Bakı 2 saylı Mediasiya təşkilatına ödənilmişdir. 16.Yuxarıda qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdehdən 4.523,34 manat məbləğində icarə haqqı borcu və 306,20 manat məbləğində cərimə borcu, habelə ödənilmiş 60,00 manat məbləğində mediyasiya xərcinin əvəzi tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
16.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 4.523,34 manat məbləğində icarə haqqı borcu, 306,20 manat məbləğində cərimə və ödənilmiş 60,00 manat məbləğində mediyasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Zaur Pirverdiyev