Məhkəmə qərarları › İş №e-2-2(113)-4724/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4724/2022

04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4724/2022 04.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 may 2021-ci il tarixdə Bərdə rayonu, Güloğlular kəndində yerləşən ticarət mərkəzində yerləşən ona məxsus mağazanın yanması nəticəsində ona dəymiş olan 87001 manat ziyandan cavabdehlə arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən ödəməli olan 49800 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən sığorta məbləği 50000 manat olmaqla xx.xx.2020-ci il tarixdə bir illik müddətə müqavilə bağlanmış və bunun əsasında AZ069292 saylı sığorta şəhadətnaməsi verilmişdir. Həmin sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə, 26 may 2021-ci il tarixdə sahibkar kimi fəalliyyət göstərdiyi Bərdə rayonu, Güloğlular kəndində yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində yanğın baş vermişdir. Yanğın nəticəsində digər mağazalar kimi, eynilə onun mağazasına da maddi ziyan dəymiş və faktiki olaraq mağazada olan bütün əmlakı məhv olmuşdur. Mağazada olan əmlakın ümumi dəyəri 87001 manat təşkil etmişdir. Qeyd olunan yanğınla bağlı araşdırma başlanmış, müvafiq qərarlar qəbul edilmişdir. Qeyd olunan yanğından sonra müvafiq olaraq hazırkı iş üzrə cavabdehə tərəfindən müraciət edilmiş, lakin sığorta şirkəti dəymiş ziyana görə ödənişi etməkdən imtina etmişdir. Belə ki, faktiki olaraq mağazada olan malın dəyəri yuxarıda da qeyd etdiyi kimi 87001 manat olmuşdur. Lakin bunu da qəbul edir ki, cavabdehlə aralarında bağlanmış olan müqaviləyə (sığorta şəhadətnaməsinə) əsasən əmlak yalnız 50000 manat məbləğində sığortalanmışdır. Eyni zamanda bundan əlavə şərtsiz azadolma məbləği kimi həmin şəhadətnamədə qeyd olunan azadolmanın da mövcud olduğunu qəbul edərək, minimum kimi hesdablanmış 200 manatın tələbini hazırda etməməklə, mağazaya dəymiş ziyana görə 49800 manat maddi ziyanın ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixində təsdiq edilmiş “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydaları” və sığortalı İddiaçı razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona 062052 saylı, xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 914.1-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanana predmetə (əmtəə mallarına) baxış keçirmiş, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etmiş, sxem və cizgilər tərtib etməklə, foto çəkilişlər aparmaqla 10169 manat dəyərində qiymətləndirmişdir. 062052 saylı xx.xx.2020-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddi 49000 (50000 manat sığorta məbləğinin 2 % həcmində, yəni 1000 manat məbləğində azadolma məbləği çıxılmaqla) manat müəyyənləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə saat 8 radələrində Bərdə rayonu Güloğlular kəndində yerləşən "xxxx" MMC-yə məxsus ticarəy mərkəzində yanğın hadisəsi baş vermiş, nəticədə ümumi sahəsi 13 ha olan ticarət mərkəzinin təxminən 2100 kv.metr sahəsində yerləşən geyim və digər malların satıldığı ticarət sahələri, eləcə də satış üçün nəzərdə tutulmuş sənaye, geyim və s. mallar yanğının təsirindən yanaraq məhv olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə fakta görə FHN-nin Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Fuad Məhərrəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılmışdır. xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs müəyyənləşdirilib istintaqa cəlb edilənə kimi cinayət işi üzrə icraat dayandırılmışdır. Sığortalı müqavilənin tərkib hissəsi olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydaları”nın 22.3-cü maddəsinə əsasən sığortalı İddiaçı (iddiaçı) zədələnmiş əmtəə mallarını fiziki olaraq sığortaçıya təqdim etməmişdir. O cümlədən, zədələnmiş əmtəə mallarına dair mülkiyyət hüququnu təsdiq edən sənədləri və s. sənədləri təqdim etməmişdir. xx.xx.2021ci il tarixində sığortaçı yanğın hadisəsi ilə bağlı mağazada yerləşən əmtəə mallarına dair mülkiyyət hüququnu təsdiq edən sənədləri və s. sənədləri təqdim etməmişdir. xx.xx.2021ci il tarixində sığortaçı yanğın hadisəsi ilə bağlı mağazada yerləşən əmtəə mallarına dəymiş zərəri 9000 manat dəyərində qiymətləndirmiş, lakin sığortalı bu məbləğlə razı olmamışdır. xx.xx.2021-ci il tarixində səlahiyyətli dövlət orqanının sənədləri qəbul edilərək və müqavilə şərtləri əsas götürülərək 1000 manat azadolma məbləği zərər məbləğindən çıxılmaqla 8000 manat sığorta ödənişinin faydalanan şəxsə birbaşa ödənilməsi haqqında bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli 01-2-20221-660 saylı məktuba əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.3-cü maddəsinə əsasən zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, sığortalı (iddiaçı) İddiaçı tərəfindən "xxxx" MMC seçilmişdir. Müstəqil ekspert "xxxx" MMC-nin məlumatına əsasən sığortalı İddiaçı ekspertiza tədqiqatına tələb olunan sənədləri, yəni VÖEN-in surəti, 2021ci il üzrə mühasibar kitabları, 2021-ci il üzrə vergi hesabatları, bəyənnamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan sənədlər, 2021-ci il üzrə əmtəə mallarına aid gömrük bəyənnamələri, 2021-ci il üzrə mallara dair elektron qaimə-fakturalar, 2021-ci il üzrə idxal gömrük bəyənnaməsi və bu bəyənnamə ilə bağlı hesab-faktura (invoys) və s. sənədləri ekspertizaya təqdim etməmişdir. Ona görə də ekspertizanın keçirilməsindən imtina edilmişdir. Göründüyü kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs İddiaçı Azərbaycan Respunlikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixində təsdiq edilmiş Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının əsas qaydalarının 17.5-ci hissəsinə əsasən mülkihüquqi vəzifəsi olmuş – lazımi sənəd və məlumatları sığortaçıya təqdim etməmişdir. Bununla da sığorta hadisəsinin tənzimlənməsi üçün tələb olunan mühasibat uçotu sənədlərini sığortaçı və müstəqil ekspertə təqdim etməyərək üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, qanunsuz və əsassız olaraq sığortaçıdan 49800 manat məbəğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mağazada məhv olmuş əmlaka dair elektron qaimələr, ödəniş sənədləri təqdim edə bilmir. Buna baxmayaraq təqdim etdikləri qaimələrdən də görünür ki, mağazada yanğın nəticəsində məhv olmuş əmlak iddiaçıya məxsus olmuş, həmin əmlaklar iddiaçı tərəfindən Binə və Sədərək adlanan ticarət mərkəzlərində olan mağazalardan əldə edilmişdir. Bundan əlavə, təqdim etdikləri fotoşəkillərdən də göründüyü kimi mağazada yanğın ərəfəsində kifayət qədər geyim əşyaları olmuşdur. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi (oğlu) E.Əhmədov ayrı-ayrılıqda iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. İddiaçı izahatında əlavə olaraq bildirdi ki, mağazada mövcud olmuş geyim əşyalarının qiymətlərini, iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənədlər yanğın zamanı məhv olmuş, bu səbəbdən onların qiyməti (87000 manat) tərəfindən təxmini olaraq hesablanmış, təqdim etdiyi qaimələr sonradan tərəfindən həmin malları aldığı satıcılardan əldə edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, yanğın baş verdikdən sonra sığorta ödənişinin verilməsi ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, dəymiş ziyanın hesablanması məqsədilə ekspert qismində təyin edilmiş "xxxx" MMC iddiaçı tərəfindən mühasibat kitabları, gömrük bəyannamələri, elektron qaimə fakturalar, hesab fakturalar (invoys) təqdim edilmədiyi üçün dəymiş ziyanı müəyyən edə bilməmiş, rəy verilməsindən imtina edilmişdir. Yanğın nəticəsində mallar tam məhv olduğu üçün də həmin tədqiqat obyektləri rəy verilməsi üçün yararsız olmuşdur. Bu səbəbdən cavabdehin sığorta mütəxəssisləri tərəfindən yanğın baş vermiş Bərdə rayonu, Güloğlular kəndində iddiaçıya məxsus mağaza ilə analoji eyni ölçüdə olan geyim mağazaları nəzərə alınmaqla təxmini olaraq 9000 manat ziyan dəyməsi müəyyən edilmiş, sığorta müqaviləsində nəzərdə tutulmuş hər sığorta hadisəsi üzrə nəzərə alınmalı olan 1000 manat məbləğində (ümumi sığorta məbləğinin 2 faizi, lakin mimimum 200 manat olmaqla) azadolma məbləği çıxıldıqdan sonra iddiaçıya 8000 manat məbləğində sığorta ödənişinin verilməsinə razılıq verilmiş, lakin iddiaçı həmin məbləğlə razılaşmamışdır. Tərəflər arasında olan mübahisənin məhkəmədənkənar həlli baş tutumadığı üçün hazırda iddia tələbinin təmin edilməməsini xahiş edir. Bundan əlavə, iddiaçının yanğın baş verən zaman mağazada ümumilikdə 87000 manat məbləğində geyim əşyalarının olması barədə dəlili ilə də razılaşmır. Belə ki, sığorta müqaviləsi bağlanan zaman tərəflərindən müvafiq qiymətləndirmə aparılmış, mağazada ümumilikdə 10169 manat məbləğində əmtəə mallarının olması müəyyən edilmişdir. Həmin mallar satılıb yenisi ilə əvəz olunacağı üçün tərəflərindən sığortalanmış əmlakın siyahısı tərtib edilməmişdir. Belə ki, sığorta qaydalarına əsasən həmin məbləğ sonradan artıb azaldıqda, satılan malların növü, çeşidi və sairə dəyişdikdə sığortaçıya bu barədə məlumat verilməli idi, lakin onlara iddiaçı tərəfindən hər hansı məlumat verilməmişdir. Sübutların tədqiqi: İddiaçı ilə cavabdeh arasında bağlanmış 069292 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, Bərdə rayonu Güloğlular kəndində yerləşən ticarət mərkəzində yerləşən mağazadakı qadın geyimləri xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 50.000 manat məbləğində sığorta olunmuşdur. Həmin şəhadətnamədən görünür ki, "xxxx" ASC-nin “Əmlakın yanğından və digər risklərdən sığortası”nın əsas qaydaları müqaviləyə tətbiq olunur. Şəhadətnaməyə əsasən sığorta məbləği 50000 manat, şərtsiz azadolma hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 2 faizi, lakin minimum 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli 10/2314 nömrəli ekspert rəyinin nəticəsi hissəsindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində yaranmış yanğın izlərinin nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi ticarət mərkəzinin “Depozit” adlanan sahəsinin 4-cü sırasında yerləşən 113-114 nömrəli mağazanın qarşısında olmuşdur. Hadisənin baş vermə şəraitini, cinayət işində olan məlumatları nəzərə almaqla tədqim olunmuş elektrik naqillərinin üzərində qısa qapanma izlərinin olmadığına, yanğın ilkin aşkar olunmuş sahədən götürülərək fiziki-kimyəvi ekspertizaya təqdim edilmiş nümunələrin üzərində neft məhsullarına məxsus izlər aşkar edildiyinə əsaslanaraq yanğın, kənarda düşmüş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Yanğın kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş verdiyi üçün yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulub-pozulmamasına dair sual üzrə tədqiqat aparılmadı. 02 oktyabr 2021-ci il tarixli ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, 26 may 2021-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinə baxmayaraq həmin cinayət törətmiş şəxsi müəyyən etmək mümkün olmamışdır. Odur ki, təqsirləndirilən şəxs müəyyənləşdirilib istintaqa cəlb edilənə kimi ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Tərəflər arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən hər birinin razılığı ilə "xxxx" MMC müstəqil ekspert olaraq seçilmişdir. xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, xx.xx.2021-ci il tarixə Bərdə rayonu Güloğlular kəndində yerləşən bazarda baş vermiş yanğın nəticəsində iddiaçıya 9000 manat məbləğində zərər dəymişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2183 nömrəli sığorta ödənişinin verilməsinə dair bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının istifadəsində olan qadın geyim malları mağazasına zərər dəymişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AZ069292 saylı sığorta şəhadətnaməsinin şərtlərinə əsasən sığorta məbləği 50.000 manat müəyyən edilmiş və həmin müqavilə şərtlərinə əsasən şərtsiz azadolma məbləği zəlzələ, yanğın, sel və subasma risklərinə münasibətdə hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 2 %, lakin minimum 200 manat müəyyən edilmişdir. Sığorta məbləğinin 50000 manat təşkil etdiyini və hadisənin yanğın nəticəsində baş veridiyini nəzərə alaraq şərtsiz azadolma məbləği 1000 manat təşkil etmişdir. Müqavilə şərtləri əsas götürülərək 1000 manat azadolma məbləği zərər məbləğindən çıxılaraq tərəflərindən 8000 manat məbləğində sığorta ödənişinin faydalanan şəxsə birbaşa ödənilməsi mümkün hesab edilir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş Bərdə rayonu Güloğlular bazarında yerləşən 115-116 nömrəli qadın geyimləri mağazasında sığorta müqaviləsi bağlanan zaman mağazada mövcud olan əmtəə malların qiymət cədvəlindən görünür ki, mağazada mövcud olan əmtəə mallarının cəmi dəyəri 10169 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********555300 nömrəli məlumatların təqdim olunması haqqında məktubdan görünür ki, fərdi sahibkar İddiaçı vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyənnaməsi məlumatlarına əsasən 2017-ci ildə 18000 manat, 2019-cu ildə 18000 manat, 2020-ci ildə 18300 manat, 2021-ci ildə 4000 manat, 2022-ci ilin doqquz ayı ərzində isə 4000 manat vergitutulan dövriyyəsi olmuşdur. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, hazırkı iş üzrə sığorta ödənişinin ödənilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 934.1-ci maddəsi təşkil edir. Tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və qeyd olunan normaların dispozisiya şərtlərini nəzərə alaraq Məhkəmə qeyd edir ki, iddianın əsaslı hesab edilməsi üçün iddiaçının istinad etdiyi sığorta hadisəsinin baş verməsi halı sübut olunmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 069292 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsindən görünür ki, yanğın sığorta hadisəsi hesab olunur. Tərəflərin izahatlarından, habelə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli 10/2314 nömrəli ekspert rəyindən iddiaçıya məxsus əmtəə mallarının olduğu mağazada kənardan düşmüş alışdırıcı mənbənin təsirindən yanğın baş verdiyi faktı öz təsdiqini tapmışdır. Belə olan halda isə baş vermiş hadisə sığorta hadisəsi hesab olunur. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda sığorta hadisəsi nəticəsində iddiaçıya məhz 49800 manat məbləğində zərərin dəydiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Materiallarda olan "xxxx" MMC-nin məlumatına əsasən sığortalı (iddiaçı) ekspertiza tədqiqatına tələb olunan sənədləri, yəni VÖEN-in surəti, 2021-ci il üzrə mühasibat kitabları, 2021-ci il üzrə vergi hesabatları, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan sənədləri, gömrük bəyannamələri, mallara dair elektron qaimə fakturaları, bəyannamə ilə bağlı faktura (invoys) və sairə sənədləri ekspertizaya təqdim etmədiyindən ekspertizanın keçirilməsindəm imtina edilmişdir. İddiaçı ona dəymiş ziyanla bağlı özü tərəfindən tərtib edilmiş ziyan aktı və qaimə fakturalər təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfindən tərtib edilmiş ziyan aktını hazırkı iş üzrə mötəbər sübut hesab etmir. Belə ki, həmin ziyan aktında yanğın nəticəsində iddiaçıya 87001 manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Həmin akt iddiaçının özü tərəfindən tərtib edilmiş, lakin ziyan aktında göstərilmiş malların mövcudluğunu, miqdarını, habelə dəyərini təsdiq edən sənədlər iddiaçı tərəfindən Məhkəməyə təqdim edilməmiş, iddiaçı Məhkəmədə verdiyi izahatında həmin sənədlərin yanğın nəticəsində mallarla birlikdə məhv olduğunu bildirmişdir. Əvəzində iddiaçı Məhkəməyə qaimə-fakturalar təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən yazılı sənədlər sübut hesab olunur. Hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənədin aşağıdakı şərtlərə cavab verməsi tələb olunur, başqa sözlə yazılı sübutun həqiqiliyi prezumpsiyası aşağıdakılarla bağlıdır: - sənədin əsli olmalı; - sənəddə tarix olmalı; - sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalı; - sənədə düzəliş edilməməli-qaralanmamalıdır. Sübut mübahisələndirildiyi halda həmin şərtlərdən hər hansı birinin olmaması həmin sübutun həqiqiliyini şübhə altına alır. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş qaimə fakturalarda onların kim tərəfindən hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilmir, bundan əlavə həmin qaimələr nə iddiaçı, nə də satıcı (və ya onun nümayəndəsi) tərəfindən imzalanmamış, bundan əlavə həmin sənədlərin əsli deyil, surətləri Məhkəməyə təqdim edilmişdir. Beləliklə də, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər yanğın nəticəsində iddiaçıya 870001 manat dəyərində ziyan dəyməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçı Məhkəməyə dəymiş ziyanla bağlı başqa sübut təqdim edə bilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********555300 nömrəli məlumatların təqdim olunması haqqında məktubdan görünür ki, fərdi sahibkar İddiaçı vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyənnaməsi məlumatlarına əsasən 2017-ci ildə 18000 manat, 2019cu ildə 18000 manat, 2020-ci ildə 18300 manat, 2021-ci ildə 4000 manat, 2022-ci ilin doqquz ayı ərzində isə 4000 manat vergitutulan dövriyyəsi olmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən yanğın nəticəsində ona 870001 manat dəyərində ziyan dəyməsi ilə bağlı arqumentini Məhkəmə əsaslı hesab etmir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 2183 nömrəli sığorta ödənişinin verilməsinə dair bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində sığorta hadisəsi olan yanğının baş vverməsi faktı təsdiq edilərək iddiaçıya 1000 manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra 8000 manat məbləğində sığorta ödənişinin veilməsi mümkün hesab edilmiş, həmin fakt Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə sığorta hadisəsinin baş verməsi sübut olunduğundan, iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. İş materiallarında olan sənədlərlə iddiaçıya məxsus mağazada yerləşən daşınar əmlaka həqiqətən zərər dəyməsi halı təsdiq olunduğundan, cavabdeh də iddiaçıya məxsus əmlaka 9000 manat məbləğində zərər dəyməsi faktını etiraf etdiyindən Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 26 iyul 2022-ci il tarixli nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiyaya dair xərc cavabdehə, ödənilmiş 40 manat dövlət rüsumu idə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar