Məhkəmə qərarları › İş №e-2-2(113)-4729/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4729/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4729/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zamin) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında bağlanmış 16 aprel 2024-cü il tarixli 452773-CNS-54550 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 10616 manat məbləğində əsas borc, 293,81 manat məbləğində faiz borcu, ümumilikdə isə 10909,81 manat məbləğində pulun və 122,73 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 16 aprel 2024-cü il tarixli 452773-CNS-54550 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 15000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh2 ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli 452773-CNS-54550 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1) 16 aprel 2024-cü il tarixli 452773-1-4642 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 10616 manat məbləğində əsas borc, 293,81 manat məbləğində faiz borcu, ümumilikdə isə 10909,81 manat məbləğində borcu qalmışdır. Cavabdeh2 tərəfindən imzalanmış 16 aprel 2024-cü il tarixli 452773-CNS- 54550 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh2 “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.26.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edilir. 16 aprel 2024-cü il tarixli 452773-CNS-54550 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,02 manat məbləğində cərimə hesablanır. Bundan əlavə, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 452773-1-4642 saylı zaminlik müqaviləsinin tələbinə görə «kredit alan» xx.xx.2024-cü il tarixli 452773-CNS-54550 saylı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, «zamin» «kredit alan» ilə birlikdə Bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləin və qanunvericiliyin tələblərinə əsasən 16 aprel 2024-cü il tarixli 452773-CNS54550 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 122,73 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. Belə ki, cavabdehlər kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan (VÖEN: **********), həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: malmaterialın alınması) hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 13.1-ci bəndinə əsasən qarşılıqlı razılıqla həll edilməyən mübahisələrin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll edilməsi nəzərdə tutulmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər bildirmişlər ki, iddianı qəbul edirlər. Onlar krediti biznes məqsədilə götürmüşlər. Sonradan işləri alınmamış və COP29 dövründə iflas olmuşlar. Uzun müddətli kredit kimi bölünüb hissə-hissə ödəmək istəyirlər. Sonda iddianın təmin olunmasına etiraz etməmişlər. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, 452773-CNS-54550 saylı kredit müqaviləsinə “Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh2 illik 21 faizlə 24 ay müddətinə 15000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhəsinə götürmüşdür. Cavabdeh2 təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və aparılan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X2/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron- Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. İddiaçı ASC ilə Cavabdeh1 (Zamin) arasında xx.xx.2024-cü il tarixli 452773-1-4642 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən Kredit alan Zaminliklə təmin edilmiş hazırkı Müqavilənin 1.2.-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. Bu müqavilənin 1.2-ci maddəsinə zaminliklə təmin edilmiş öhdəliklər Bankın, Kredit müqaviləsindən irəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə bərabərdir (bundan sonra - zəmanət ilə təmin edilmiş öhdəliklər) o cümlədən: 15000 manat məbləğində və müddətə xx/xx/2026-ci il (daxil olmaqla) verilmiş kredit; Kredit müqaviləsinə əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsini artırma ehtimalı nəzərə almaqla, illik 21% məbləğində kreditdən istifadəyə görə faiz. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə AR qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Bu müqavilənin 2.2.1-ci maddəsinə əsasən, bu Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Zamindən tələb edir. 001 saylı, xx.xx.2023-cü il tarixli “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”-nin 13.1-ci bəndinə əsasən qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Bakı Kommersiya Məhkəməsi vasitəsilə həll ediləcəkdir. Cavabdeh2 İddiaçı ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində bank onun hesabına xx.xx.2024-cü il tarixli, 452773-CNS-54550 saylı kredit müqaviləsi üzrə 15000 manat köçürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh2 banka 10616 manat əsas, 293,81 manat faiz olmaqla, cəmi 10909,81 manat borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 10909,81 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 122,73 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 452773-CNS-54550 saylı kredit müqaviləsinə əsasən 15000 manat məbləğində illik 21 faizlə kredit vermişdir. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli 452773-1-4642 saylı zaminlik müqaviləsi bağlanmış və zamin borclu ilə birlikdə Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 15000 manat kredit versə də, cavabdehlər öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdehlər iddiaya qarşı heç bir etiraz etməmiş, borc məbləğini mübahisələndirməmiş, iddianı qəbul etmişlər. Nəticədə, tərəflərin razılaşmasına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehlərə qarşı borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdıraraq cavabdehlərin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehlərin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onun iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin edilməlidir. Odur ki, xx.xx.2024-cü il tarixli, 452773-CNS-54550 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 10616 manat məbləğində əsas bоrc, 293,81 manat məbləğində faiz bоrcu tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 122,73 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16 aprel 2024-cü il tarixli 452773- CNS-54550 saylı kredit müqaviləsi üzrə 10616 manat əsas borc, 293,81 faiz borcu olmaqla, cəmi 10909 (on min doqquz yüz doqquz) manat 81 (səksən bir) qəpik borc və ödənilmiş 122 (yüz iyirmi iki) manat 73 (yetmiş üç) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar