Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-473/2024 05.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı X3 Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni təmsilçisi Benibil İsmailin iştirakları ilə, iddiaçı X3 Cavabdeh MMC-yə qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. X5 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında 08 oktyabr 2021-ci il tarixli 277 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyəverən bu Müqaviləyə Əlavədə göstərilən müasirayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə İcarəçinin müvəqqəti istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını aybaay ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı bu Müqaviləyə Əlavədə göstərilir. Hər bir Avadanlıq üzrə icarə haqqı Avadanlıqların təhviltəslim aktında (aktlarında) və ya digər, ona bərabər olan sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır. - 2.2-ci bəndinə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənə ödənilməlidir. - 3.1-ci bəndinə əsasən hazırki müqavilə 1 il müddətinə bağlanır. Müqavilə müddətinin başa çatmasına ən azı 10 (on) təqvim günü qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında 1 (bir) il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərdə də tətbiq edilir. - 3.2-ci bəndinə əsasən hazırki müqavilə avadanlıqların təhvil-təslimi haqqında akt imzalandığı tarixdən hüquqi qüvvəyə minir və icarə müddəti hər bir avadanlıq üçün bir aylıq nəzərdə tutulur. İcarə müddəti ərzində icarə haqqı sabit qalır və yalnız tərəflər arasında qiymət artımı olduqda qarşılıqlı razılaşma yolu ilə dəyişdirilə bilər. - 4.1-ci bəndinə əsasən avadanlıq bu Müqavilə imzalandığı, icarəyə götürən tərəfin öz hesabına nəql olunur və avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan sənədlərlə təhvil verilir. - 5.3.2-ci bəndinə əsasən icarə haqqını müqavilə ilə müəyyən edilən məbləğdə və şətrlardə ödəmək icarəçinin vəzifəsidir. - 6.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə bütün ödənişlər nağd və ya bank yolu ilə manatla həyata keçiriləcək. - 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində olan ödəmə mənbəyindən tutulan vergi (ÖMV) icarəçi tərəfindən tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. - 6.3-cü bəndinə əsasən icarə müddətinin ilk ayı üzrə icarə haqqı avans olaraq ödənilir və növbəti aylar üzrə icarə haqqı hər ayın sonuna qədər ödənilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. 08 oktyabr 2021-ci il tarixli 277 nömrəli icarə müqaviləsinin 1 saylı əlavəsi olan xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə avadanlığın (Dəmir dirək 3.85m) bir ədədinin aylıq icarə haqqısının 0,93 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. 08 oktyabr 2021-ci il tarixli 277 nömrəli icarə müqaviləsinin 2 saylı əlavəsi olan xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə avadanlığın (Dəmir dirək 5.7m) bir ədədinin aylıq icarə haqqısının 1,74 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. 08 oktyabr 2021-ci il tarixli 277 nömrəli icarə müqaviləsinin 3 saylı əlavəsi olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə avadanlığın (Dəmir dirək 3.85m) bir ədədinin aylıq icarə haqqısının 1,20 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. xx.xx.2021-ci il tarixli 04/25 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən betonaltı dəmir dirəkləri (dəmir dirək 3.85m) X2 icarəyə götürülmüşdür. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. Təhvil-təslim aktından görünür ki, xx.xx.2021-xx.xx.2021-ci illəri əhatə edən dövrdə betonaltı dəmir dirəklər (dirək 3.85m və dirək 5.7m) icarəçi Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. 31.10.2021-xx.xx.2023-cü il dövrlərini əhatə edən görülən işlər barədə aktlar, icarəyə götürülmüş mallar barədə hesabatlar və elektron qaimələrdən görünür ki, oktyabr 2021-fevral 2023-cü illərdə Cavabdeh MMC X2 ümumilikdə 32.167,83 manat məbləğində avadanlıqlar (dirək 3.85m və dirək 5.7m) icarəyə götürmüşdür. Akt və hesabatlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. X5 tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu ünvanlanaraq borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
9. Köçürmənin aparılması haqqında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-ci il tarixli bildirişlərlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ümumilikdə 2.401,34 manat məbləğində (icarə haqlarından gəlir vergisi) pul vəsaiti köçürülmüşdür.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
10. X5 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X5 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 277 saylı icarə müqaviləsi əsasında 22.606,48 manat məbləğində borcun, hüquqi yardım üçün vəkilə ödənilən 150 manat pulun, ilkin mediasiya xərci üçün ödənilən 200 manat dövlət rüsumunun və 10 manat poçt xərcinin Cavabdeh MMC-dən tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X5 ilə Cavabdeh arasında 08 oktyabr 2021-ci il tarixli, № 277 saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyə verən bu müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri tikinti, təmir-bərpa işləri məqsədilə icarəçinin müvəqqəti istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ayba-ay ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə öhdəliklər tərəflərindən tam şəkildə yerinə yetirilsə də cavabdeh öhdəliyi yerinə yetirməmiş və ona hazırda ümumi borc məbləği 22.606,48 manat müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh MMC-yə pretenziya qaydasında müraciət edərək müqavilə üzrə yaranmış borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Lakin, Cavabdeh MMC tərəfindən qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1 və 1096.1-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
13. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Vəkil izahatında həmçinin bildirmişdir ki, cavabdeh müəyyən ödəniş etmiş, həmçinin borcun bir hissəsi mal-material ilə əvəzləşdirilmişdir və hazırda cavabdehin 14856 manat məbləğində borcu qalmışdır. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən 13.751,07 manat məbləğində ödəniş etdiyini qəbul edirlər. ÖMV ilə bağlı mövqeləri odur ki, ÖMV icarəçi tərəfindən ödənilməlidir. Onların hesablamalarına əsasən cavabdehin 14856 manat ödənilməmiş borcu qalıb. Cavabdeh tərəfindən verilən 8 kub mal-materialları nəzərə almışlar.
15. Cavabdehin qanuni təmsilçisi Benibil İsmail iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, icarə münasibətləri 2021-ci ilin dekabr ayında yaranmışdır. Onların hesablamalarına əsasən onların bu günə olan borcları 12.455,42 manat təşkil edir. İ.Benibil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023cü il tarixində 1047 manat, 1599 manat, 1353 manat, xx.xx.2024-cü il tarixində 1000 manat + ÖMV-lər: 170,44 manat, 260,40 manat, 220,32 manat, 40,08 manat, 122,71 manat ödənilmişdir. Onlara göndərilən ümumi dəyəri 32.167,83 manat təşkil edən bütün eqaimələrlə onlar razıdırlar. 2.401,34 manat ÖMV ödənişi edilmişdir. Müqavilənin 6.2-ci maddəsinə əsasən ÖMV-ni iddiaçının göndərdiyi e-qaimədən tutub dövlət büdcəsinə ödəmişlər. Onların 12.455,42 manat borcları qalıb. ÖMV ödəniləndə mütləq elektron qaimənin nömrəsi qeyd edilir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
İV.TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
19. Vergi Məcəlləsinin: - 13.2.16.11-ci maddəsinə görə Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirlərə daxildir. - 95-ci maddəsinə görə rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. - 96.1-ci maddəsinə görə ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. - 124.1-ci maddəsinə görə daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. - 150-ci maddəsinə görə vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: - 150.1.6. bu Məcəllənin 124-cü, 125-ci və ya 126-cı maddələrində nəzərdə tutulan ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər
20. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, iddia qismən edilməlidir.
22. İşi mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı X5 ilə Cavabdeh MMC aralarında 08 oktyabr 2021-ci il tarixli 277 nömrəli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətində icarəyə verən olan X5 müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (Dəmir dirək 3.85m və Dəmir dirək 5.7m) cavabdehə təhvil verərək həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmişdir. Cavabdeh isə icarə haqqını tam şəkildə ödəməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur. Belə ki, mübahisəli icarə müqaviləsi üzrə cavabdehə hesablanmış icarə haqqı cəmi 32.167,83 manat təşkil etdiyi halda, cavabdeh tərəfindən həmin məbləğdən yalnız 14.751,07 manat məbləğində ödəniş edilmiş, (1000 manat hissəsi işə məhkəmədə baxıldığı dövrdə olmaqla), borcun 2560 manat hissəsinin əvəzi olaraq cavabdeh tərəfindən onlara taxta verilmiş(həmin məbləğinin borcun çıxılmalı olmasını hər iki tərəf qəbul edir), bundan əlavə cavabdeh tərəfindən icarə haqqından cəmi 2401,34 manat məbləğində gəlir vergisi tutaraq dövlət büdcəsinə köçürülmüşdür.
23. İşin mübahisəli halı isə cavabdeh tərəfindən icarə haqqından tutulmuş 2401,34 manat məbləğində gəlir vergisinin cavabdehin borcundan çıxılmalı olub-olmaması ilə bağlıdır.
24. Belə ki, iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında qətnamənin çıxarıldığı tarixə cavabdehin icarə haqqı borcunun 14856,76 manat (32.167,83-14.751,07- 2560) təşkil etdiyini təsdiq etmiş, cavabdeh tərəfindən ödənilmiş ÖMV-nin isə borca aidiyyətinin olmadığını, həmin vergi məbləğinin müqavilənin 6.1-ci bəndinə əsasən icarə haqqından əlavə cavabdeh tərəfindən ödənilməli olduğunu iddia etmişdir.
25. Cavabdeh isə ödənilmiş 2401,34 manat ÖMV-in icarə haqqı ödənişinə daxil edilməli olduğundan icarə haqqı borcunun 12.455,42 manat (14856,76-2401,34 manat) təşkil etdiyini bildirmişdir.
26. Məhkəmə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad edilən normalarından göründüyü kimi fiziki şəxslərin əmlakın icarə verilməsindən əldə etdiyi gəlir 14%-lə gəlir vergisinə cəlb edilir. Bu zaman icarəçi (ödəmə verən) hüquqi şəxs olduqda həmin vergi icarə haqqı ödənişi həyata keçirilərkən icarəçi tərəfindən dövlət büdcəsinə tutulmalıdır.
27. Digər tərəfdən gəlir vergisinin icarə haqqından əlavə olaraq cavabdeh tərəfindən ödənilməli olması iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, göstərilən mövqe “gəlir vergisi”nin anlayışı və mahiyyəti ilə ziddiyyətdədir. Belə ki, gəlir vergisinin vergitutma obyekti fiziki şəxsin (hazırkı halda iddiaçının) əldə etdiyi gəlirdir (hazırkı halda icarə haqqı məbləğidir) . Yəni ƏDV-dən fərqli olaraq gəlir vergisi görülmüş işlərin və ya təqdim edilmiş malların dəyərinə əlavə olaraq hesablanmır, vergi ödəyicisinin əldə etdiyi gəlirdən çıxılmaqla ödənilir. Həmin verginin ödəyicisi gəlir əldə edən fiziki şəxsdir (hazırkı halda iddiaçıdır), vergini ödəmə mənbəyində tutan şəxs (hazırkı halda cavabdeh) isə yalnız vergi agenti qismində çıxış etməklə vergi ödəyicisinə ödənişi həyata keçirərkən həmin ödənişdən gəlir vergisinin məbləğini çıxır və həmin məbləği dövlət büdcəsinə köçürür.
28. Bundan əlavə hər iki tərəfin istinad etdiyi müqavilənin 6.1-ci bəndinə görə dəAzərbaycan Respublikasının qanunvericiliyində olan ödəmə mənbəyindən tutulan vergi (ÖMV) icarəçi tərəfindən tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.
29. Göründüyü kimi müqavilənin sözügedən bəndində də gəlir vergisinin icarə haqqına əlavə olaraq hesablanaraq icarəçi tərəfindən ödənilməsindən deyil, məhz vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq ÖMV-nin icarəyə verənə ödənilən icarə haqqıdan (gəlirdən) icarəçi tərəfindən tutulması, yəni icarəyə verənə ödənilməli olan icarə haqqının məbləğindən icarəçi tərəfindən 14%-in çıxılması və çıxılmış məbləğin gəlir vergisi olaraq dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulmuşdur.
30. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icarə haqqından tutularaq dövlət büdcəsinə ödənilmiş 2401,34 manat ÖMV də icarə haqqı ödənişlərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulacaq icarə haqqı borcu 12.455,42 manat məbləğində müəyyən edilməlidir.
31. Hazırkı iş üzrə 210 (200+10 manat poçt xərci) manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
32. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 157,82 manat təşkil edir.
33. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
34. Hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 110 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
35. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12.455,42 manat məbləğində icarə haqqı borcu, mediasiya xərclərinin əvəzi olaraq 110 manat və vəkil yardımına çəkilmiş xərclərin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilsin. Qalan hissədə iddia rədd edilsin.. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva