Məhkəmə qərarları › İş №e-2-2(113)-473/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-473/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-473/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC), Cavabdeh3 və Qanuni nümayəndə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə 69277,35 manat əsas, 2493,69 manat faiz, 8098,65 manat cərimə borcu olmaqla ümumilikdə 79869,69 manat, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat xərcin və ödənilmiş 329,61 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 saylı kredit müqaviləsi üzrə sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 16% olan 100 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Qanuni nümayəndə (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2022ci il tarixli L001822 saylı ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,9 kv.m ibarət olan 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən əmlakın ilkin satış qiyməti tərəflərin razılığa əsasən 240 000 manat məbləğində qiymətləndirilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Qanuni nümayəndə və Cavabdeh3 arasında xx.xx.2022-ci tarixli L001822 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.2. xx.xx.2022-ci il tarixli L001822/0001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixinədək əsas və faiz borcları üzrə öhdəliklər ödəniş cədvəlinə uyğun şəkildə yerinə yetirilməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 16% olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən, tərəflər razılaşırlar ki, borcalan üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, bank borcalanın cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə və ya onun razılığı olmadan (həmçinin məhkəməyə müraciət edilmədən, icra qeydi almadan) və xəbərdar etmədən onun bankdakı milli və xarici valyutada olan cari, sub, əmək haqqı, əmanət və digər hesablarından birdəfəyə və ya hissə-hissə silə bilər.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 448, 449.1, 462-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri X7, X3, X8 və X5 məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahlar verdilər və iddianın təmin edilməsini xahiş etdilər.

6. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə bildirişləri göndərilməsinə, fiziki şəxslərin və hüquqi şəxsin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 12.12.222-ci il tarixli L001822 nömrəli kredit limit müqaviləsi çərçivəsində xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 100 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 16 faiz dərəcəsi ilə, 36 ay müddətinə – xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Qanuni nümayəndə və Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli L001822 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 100 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

11. İddiaçı xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə 69277,35 manat əsas, 2493,69 manat faiz bоrcunun cavabdehlərdən tutulmasını tələb edir.

12. Cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

13. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.

14. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

16. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

18. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərək bütün əsas borc məbləğini tələb etmiş, həmin bildiriş Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X1 Sistemi vasitəsilə alınmışdır. Başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iddiaçı iradəsini ifadə etmiş, Cavabdeh1 MMC tərəfindən bu ifadə qəbul edilmişdir.

19. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

20. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).

21. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

22. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

23. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-yə pretenziya məktubu yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və həmin məktubun qəbul edildiyi xx.xx.2024-cü il tarixdən kredit razılaşması xitam edilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

24. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər.

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6879/2024 nömrəli qərardadı əsasında aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9173 nömrəli 18 dekabr 2024-cü il tarixli məhkəməmühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMCnin əsas borcu 69277,35 manat, faiz borcu 2493,69 manat təşkil edir.

26. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə 9/9173 nömrəli 18 dekabr 2024-cü il tarixli ekspert rəyinə müvafiq olaraq 69277,35 manat əsas borc və 2493,69 manat faiz borcu mövcuddur.

27. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

28. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

29. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

30. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

31. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşması üzrə 69277,35 manat əsas borc, 2493,69 manat faiz borcu cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə tutularaq İddiaçı ASCyə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

32. İddia ərizəsində iddiaçı 8098,65 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

33. xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit razılaşmasının 2.1-ci bəndinə görə, borcalan kredit razılaşması üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 16 % olmaqla cərimə faizi ödəyir.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

37. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 4000 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

38. Belə olan halda, cərimə borcu olaraq 4000 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

39. İddiaçı eyni zamanda tutmanın Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə yönəldilərək, əmlakın açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya olan borcun ödənilməsi, əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

40. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

41. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

42. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

43. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

44. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

45. “İpoteka haqqında” Qanunun (zamana görə qüvvədə olan) 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

46. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

47. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

48. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə cavabdeh Qanuni nümayəndə (ipoteka qoyan qismində) və Cavabdeh1 MMC (borc alan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli L001822 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit limiti müqaviləsi (kredit limiti və onun tərkib hissəsi olan kredit razılaşmaları) üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir (2.1). İpoteka predmeti: Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m olan mənzil ipoteka qoyulur (3.1). Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olan ipoteka predmeti AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********26-05301-093084, Qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ipoteka qoyananın mülkiyyətindədir (3.2). İpoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatlarına da şamil edilir (3.3). İpoteka qoyan (eləcə də üçüncü şəxslər tərəfindən) sonrakı ipoteka saxlayanın razılığı ilə və ya razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı təmir, tikinti – quraşdırma işləri apardığı halda ipoteka hüququ sonradan yaradılmış tikililərə də şamil olunur (3.4). İpoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) 240 000 manat müəyən edilir. Tutma yönəldilməsi zamanı ipoteka predmeti bu qiymət əsasında hərraca çıxarılır (3.5). Öhdəliyin mahiyyəti: xx.xx.2022-ci il tarixli, L001822 saylı kredit müqaviləsi (4.1); Öhdəliyin ölçüsü (məbləği) (4.2): 500000 (beş yüz min) AZN kredit limiti məbləği (bu müqavilənin 4.1-ci bəndində qeyd edilmiş kredit limitinin ayrılmasına dair müqavilə və onun əsaslında bağlanan razılaşmalara əsasən Borcalanın Bankdan aldığı kredit); Kredit limiti üzrə illik 30 (otuz) faizdən çox olmamaqla hesablanacaq məbləğ (bu məbləğ Bank tərəfindən tələb edilən faiz dərəcəsini əhatə edir. Bankın bu müqavilə üzrə faiz borcunun tələbi isə Bu müqavilənin 4.1-ci bəndində qeyd edilən kredit limiti müqaviləsi və onun əsasında bağlanan razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır); 30 (otuz) faiz təşkil edən maksimum əlavə cərimə faizi; Borcalanın Bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlər (dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.). Öhdəliyin icra müddəti (4.3): Kredit limiti müqaviləsi üzrə 120 (bir yüz iyirmi) ay (xx.xx.2032 tarixədək).

49. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli L001822 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2032-ci il tarixədək olan öhdəlik üzrə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

50. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli bildiriş ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2024-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

51. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.

52. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

53. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

54. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

56. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-473/2025 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 01/25-504 nömrəli qiymətləndirmə hesabatı ilə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzil bazar dəyəri 285 000 manat, likvid dəyəri isə 255 000 manat müəyyən edilmişdir.

57. Məhkəmə tərəflərin qiymətləndirmə rəyi ilə bağlı hər hansı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyi qiymətləndirərək hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilin ilkin satış qiyməti 255 000 manat müəyyən edilməlidir.

58. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

59. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh1 MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə ilkin satış qiyməti 255000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə cəmi 75771,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2022ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə cəmi 75771,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat borcun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

60. İddiaçı eləcə də ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 51 manat məbləğində rüsumun, ödənilmiş 329,61 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

61. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, ********** nömrəli qəbz əsasında 329,04 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

62. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 9/9173 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

63. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 01/25-504 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 400 manat təşkil edir və iddiaçı tərəfindən ödənilmişdir.

64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 115.0, 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

66. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

68. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

69. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 400 manat cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Nəticə:

70. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında arasında bağlanmış xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə 69277,35 manat əsas borc, 2493,69 manat faiz borcu, 4000 manat cərimə olmaqla cəmi 75771,04 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Qanuni nümayəndə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36 (yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m ibarət olan 3 saylı mənzilə ilkin satış qiyməti 255000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılsın. Əmlakın satışdan əldə olunmuş vəsait xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə cəmi 75771,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat pulun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait xx.xx.2022-ci il tarixli L001822/0001 nömrəli kredit müqaviləsi üzrə cəmi 75771,04 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 329,04 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat borcun tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************), 400 manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar