Məhkəmə qərarları › İş №e-2-2(113)-4733/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4733/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4733/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Əhədov Əhməd Babaşah oğluna qarşı “borcun tutulması” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: kredit, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdеh Əhədov Əhməd Babaşah oğluna qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 358518-CNS-40128 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3593,82 manat məbləğində əsas borc, 343,90 manat məbləğində faiz borcu və 237,51 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4175,23 manat pul məbləğinin, mediasiya prosesi ilə bağlı ödənilmiş 66 manat məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61.75 manat dövlət rüsumunun xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbi barədə kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 358518-CNS-40128 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3593,82 manat məbləğində əsas borc, 343,90 manat məbləğində faiz borcu və 237,51 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4175,23 manat pul məbləğinin, mediasiya prosesi ilə bağlı ödənilmiş 66 manat məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61.75 manat dövlət rüsumunun xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 358518-CNS-40128 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədi üçün illik 23% hesablanması şərti ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit vəsaiti cavabdehin adına açılmış cari hesabına, cari hesabdan isə onun adına açılmış kart hesabına köçürülmüşdür. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun Banka 3593,82 manat məbləğində əsas borc, 343,90 manat məbləğində faiz borcu və 237,51 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4175,23 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir (müqavilənin 6.4.7-ci bəndi). Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən Bu Müqavilə ilə müəyyənləşdirilən Kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər Kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0.5% (sıfr tam onda beş faiz) həcmində cərimə hesablanır və Kredit alan tərəfindən Bankın xeyrinə ödənilir. İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, həmin tələbə riayət edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət edilmiş, mediator təyin edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyası təşkil edilərək keçirilmiş və müvafiq arayış verilmişdir. Bakı 12 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/12/2023- 00509 saylı arayışından müəyyən olunur ki, cavabdehə kommersiya mübahisəsi üzrə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 66 manat məbləğində mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 358518-CNS-40128 saylı kredit müqaviləsi baglanmış, müqaviləyə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 23% hesablanması şərti ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit vəsaiti cavabdehin adına açılmış cari hesabına, cari hesabdan isə onun adına açılmış kart hesabına köçürülmüşdür. Cavabdehin iddiaçıya 3593,82 manat məbləğində əsas borc, 343,90 manat məbləğində faiz borcu və 237,51 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4175,23 manat məbləğində borcu qalmışdır. Müqavilə və ödəniş cədvəli tərəflərin imzası və möhürləri ilə təsdiq olunmuşdur.

9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

10. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

12. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

13. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinin, ödəniş qrafikinin və maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən ümumilikdə 4000 manat məbləğində pul cavabdehin kart hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

16. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2022-ci il tarixli 358518-CNS-40128 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3593,82 manat məbləğində əsas borc, 343,90 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

18. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 9.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində borc verənə dəbbə pulu ödəməlidir.

19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

20. Məhkəmə hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və xx.xx.2022-ci il tarixli 358518-CNS-40128 saylı kredit müqaviləsinə əsasən 179 manat məbləğində cərimə pulu cavabdehdən tutulmalıdır.

21. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 66 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 66 manat məbləğində pul Bakı 12 saylı Mediasiya təşkilatına ödənilmişdir.

23. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən 61,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

24. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 358518-CNS- 40128 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 3593,82 manat məbləğində əsas borc, 343,90 manat məbləğində faiz borcu və 179 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4116,72 manat pul məbləği, mediasiya prosesi ilə bağlı ödənilmiş 66 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61.75 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 358518-CNS-40128 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3593,82 manat məbləğində əsas borc, 343,90 manat məbləğində faiz borcu və 179 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4116,72 manat pul məbləği, mediasiya prosesi ilə bağlı ödənilmiş 66 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 61.75 manat dövlət rüsumu cavabdeh Əhədov Əhməd Babaşah oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar