Məhkəmə qərarları › İş №e-2-2(113)-4734/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4734/2024

01.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4734/2024 01.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 480 azn əsas borc, 5180 azn dəbbə pulu, ümumilikdə 5660 azn pul vəsaitin, 77,30 azn dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsinə və elektron qaydada göndərilməsinə görə ödənilmiş 70 manat olmaqla cavabdehdən iddiaçının tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə imzalanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbüllə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 47 ünvanında yerləşən, qeyri yaşayış binasının 7515.2 kv.m əsas sahənin 60 kv.m cavabdehə icarəyə verilmişdir. Cavabdeh öz növbəsində razılığa əsasən aylıq icarə haqqını müvafiq olaraq 60 kv.m sahə üçün 120 manat müəyyən edilmişdir. Qeyd edilən icarə müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. İcarədə olduğu müddətdə icarə haqqı 1380 azn təşkil etsə də, cavabdeh cəmi 900 azn ödəmişdir. Beləliklə ümumilikdə 480 azn ödənilməmişdir. İmzalanmış müqavilənin 5.3-cü bəndinə icarə haqqı və komunal xərclərin dəyərimüəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə 1-ci on günlükdə gecikdirilmiş hər gün üçün icarə haqqının 1% miqdarında , 10 gündən artıq gecikdirilən hər gün üçün icarə haqqının 2 % miqdarında faiz dəbbə pulu tətbiq edilir. Ötən müddət ərzində dəbbə pulu 5180 azn təşkil edilir. Nəticə olaraq bağlanmış icarə müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş və ümumilikdə 5660 azn borc ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" QSC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır.

10. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarədar “ünvan 1 ünvanında yerləşən, qeyri yaşayış binasının 7515.2 kv.m əsas sahənin 60 kv.m anbar sahəsini cavabdehə kirayəyə verir, icarəçi Cavabdeh MMC də kirayəyə götürür.

11. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflərin razılığına görə aylıq icarə haqqı müvafiq olaraq 60 kv.m anbar sahəsi üçün 120 manat müəyyənləşdirilir.

12. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

14. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBE seriyalı 746408 nömrəli dəyəri 120 manat, xx.xx.2021-ci il tarixli EBBG seriyalı 063915 nömrəli dəyəri 120 manat, xx.xx.2021-ci il tarixli EBBH seriyalı 955001 nömrəli dəyəri 120 manat, xx.xx.2021-ci il tarixli EBBK seriyalı 869817 nömrəli dəyəri 120 manat, xx.xx.2021-ci il tarixli EBBL seriyalı ******* nömrəli dəyəri 120 manat, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 795526 nömrəli dəyəri 120 manat, xx.xx.2022-ci il tarixli EBBP seriyalı 515329 nömrəli dəyəri 120 manat, xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 773073 nömrəli dəyəri 120 manat, xx.xx.2022-ci il tarixli EBBS seriyalı 806028 nömrəli dəyəri 120 manat, xx.xx.2022-ci il tarixli EBBU seriyalı 181353 nömrəli dəyəri 120 manat olan elektron qaimələri işə əlavə etmişdir.

16. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 1.200 manat təşkil edir.

17. İddiaçı tərəf iddiasında cavabdeh tərəfindən 900 manat məbləğin ödənildiyini bildirmişdir.

18. Məhkəmə qeyd edir ki, 1.200 manatdan 900 (ödənilmiş məbləğ) çıxıldıqda 300 manat edir.

19. Göründüyü kimi, iddiaçı tərəf, tərəflər arasında bağlanmış müqavilənin xx.xx.2022-ci il tarixdə xitam verildiyini və icarə haqqı borcunun 480 manat qaldığını bildirsə də, qeyd edilən halı tam təsdiq edəcək sübutları Məhkəməyə təqdim etməmiş, ancaq borcun 300 manat qalmasına dair sübutları təqdim etmişdir.

20. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində qismən əsaslıdır və icarə haqqı üzrə 300 manat məbləğində pul Treyd-İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" QSC-yə ödənilməlidir.

21. Bundan başqa, məhkəmə 5.180 manat məbləğində cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

23. Məhkəmə hesab edir ki, müqavilə üzrə cavabdehin 300 manat əsas borcuna münasibətdə 20 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

24. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,3 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.

25. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 77,3 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

26. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir.

27. Məhkəmə həmçinin qeyd edir ki, iddia iddia ərizəsinin tərtib edilməsi və elektron qaydada göndərilməsinə görə 70 manat xidmət haqqının cavabdehdən tutulması hissəsində təmin edilə bilməz.

28. Belə ki, iddiaçı tərəfindən 70 manat xidmət haqqının nə üçün və kimə ödənilməsi və bunun hansı zərurətdən yaranmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 300 (üç yüz) manat, cərimə borcu üzrə 20 (iyirmi) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar