Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4743/2021 13.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilən 49.937,5 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilən 200 manat haqqın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilən 49.937,5 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilən 200 manat haqqın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, iddiaçı ilə cavabdeh arasında 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh müqavilənin 1 və 2 saylı Əlavələrində göstərilən mənşəyə və keyfiyyətə malik səs sistemlərini gətirib iddiaçı üçün quraşdırmağı öhdəsinə götürmüşdür. Təchiz olunan malların və onların quraşdırılması müqabilində iddiaçının cavabdehə 49.937,50 manat ödəyəcəyi razılaşdırılmışdır. Sifariş olunan avadanlıqlar iddiaçının müxtəlif xidmət sahələrində (toplantıların, yığıncaqların keçirilməsi, musiqi yayımı və d.) səsləndirmənin keyfiyyətini yüksətmək məqsədi ilə əldə olunurdu. Müxtəlif diplomatik tədbirləri də nəzərə aldıqda bu məqsəd olduqca ciddi əhəmiyyət kəsb edirdi. Cavabdehin nümayəndəsi menecer Emrah Kaya malların Türkiyədən idxal olunacağını əsas gətirərək əvvəlcədən ödənişin aparılmasını tələb etdiyindən 02 aprel 2021-ci ildə 25.500,05 manat ödənilmişdir. 21 aprel 2021-ci ildə isə 24.437 manat, cəmi 49.937,50 manat ödənilmiş və bununla müqavilə üzrə iddiaçının ödəniş öhdəliyi yerinə yetirilmişdir. Quraşdırılmış malların istismara başlanılması üçün onlara baxış keçirilərkən kino klubda quraşdırılan səs ucaldıcı cihazın üzərində brend etiketinin olmadığı aşkar olunduqda dərhal cavabdehə məlumat verilmişdir. Cavabdehin nümayəndələri yalnışlıq olduğunu bildirirərək həmin malı başqa bir malla əvəz etsələr də, həmin malın da orijinal olmadığı aşkar edilmişdir. Yenidən həmin mal cavabdeh tərəfindən tamamilə fərqli bir malla əvəz edilmişdir. Qarşı tərəfin dürüstlüyünə və peşəkarlığına şübhələr yarandığından quraşdırılan malların sənədlərinin və texniki istismar təlimatlarının təqdim olunmasını tələb etdikdə, cavabdehin nümayəndəsi onlarda quraşdırdıqları mallara dair heç bir sənəd olmadığını bildirmişdir. Halbuki, bu mallar müqavilədə nəzərdə tutulduğu kimi orijinal, keyfiyyətli mallar olmalı, onlar mənşə sertifikatı, gömrük sənədləri, iş təlimatı və s. müşayiət olunmalı idi. Aparılmış əlavə araşdırmalar gedişində müqavilə üzrə təklif edilən qiymətlərin orijinal malların qiymətləri ilə uzlaşmadığını, təchiz edilən malların qiymətinin isə Bakı şəhərində Sədərək Ticarət Mərkəzində 2-3 dəfə ucuz olduğu məlum olmuşdur. Bu da iddiaçıya saxta mallar gətirildiyinə və ciddi şəkildə aldadıldığına dəlalət etmişdir. Ona görə də, 02 aprel 2021-ci il tarixli müqavilə üzrə cavabdehin tədarük etdiyi malların mütəxəssis tərəfindən yoxlanılması üçün ekspert dəvət eedilmişdir. “A+A Events” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil eksperti X1 tərtib etdiyi 16 may 2021-ci il tarixli rəydə mallarda qüsurlar olduğu öz əksini tapmışdır. Belə ki, malların bir hissəsinin açıq şəkildə yeni deyil, istifadədə olmuşdur; malların bir hissəsində mənşəyini göstərən etibarlı bir işarələmə (istehsalçının adı, istehsal tarixi, seriya nömrəsi) yoxdur, bu malların kontrafakt mənşəli olduğu deməkdir, kontrafakt və istifadədə olmuş malların orijinal və yeni mallarla əvəz olunmasını tələb etməyə iddiaçıya tam əsas verir. 17 may 2021-ci ildə cavabdeh tərəfindən tədarük edilmiş malların keyfiyyətsizliyi ilə bağlı məsələnin müzakirə edilməsi üçün cavabdehin nümayəndələri (menecer E.Kaya və mütəxəssisi E.Gür) dəvət edilmiş və aşkar edilmiş qüsurlar barədə məlumat verilmişdir. Tərtib olunmuş Protokoldan görünür ki, malların bir hissəsinin açıq şəkildə yeni deyil, istifadə edilmişdir, məsələn Martin (15”sub), Compressor (Yamaha GC2020 2 channel), malların bir hissəsində mənşəyini göstərən etibarlı bir işarələmə (istehsalçının adı, istehsal tarixi, seriya nömrəsi) yoxdur və bu da malların kontrafakt mənşəyini göstərir, məsələn, X3 PX3, X3 PX5, Martin (15”sub), JBL Speaker (Control 28), Martin (15”sub) məhsullarının arxa tərəfində seriya nömrəsi ilə əlavə yamaq (stiker) yapışdırılıb. Bu yamağın (stikerin) altında AR-2015 yazısı aşkar olunur. Martin Sound məhsulları arasında belə bir model mövcud deyil, müqavilədə göstərilən malların bəziləri ümumən iddiaçıya tədarük edilməmişdir və başqa mallarla əvəzlənib, məsələn, Martin (10” AQ Series Speaker) reproduktoru əvəzinə ağ rəngli Blackline F10 modeli quraşdırılmışdır. Martin Sound məhsulları arasında nə ağ rəngli reproduktorlar, nə də F10 modeli mövcud deyildir, X3 PX 8 gücləndirici əvəzinə X3 PX 6 gücləndiricisi quraşdırılmış, Yamaha məhsulları arasında X3 PX6 gücləndiricisi mövcud deyil, JBL (Amplifier RMA3300) gücləndiricisi əvəzinə X3 PX3 gücləndiricisi quraşdırılmış, malların tədarükü üçün ümumi qəbul edilmiş qaydalara zidd olaraq, cavabdeh iddiaçıya malların “Mənşə Sertifikatları”nı (Certificate of Origin) təqdim etməmişdir. Göstərilənlərdən aydın olur ki, cavabdeh müqavilə bağlayarkən onu müqavilənin məzmununa uyğun deyil, iddiaçıya yanlış məlumat verməklə müqavilə öhdəliyini nəzərdə tutulan qaydada və əşyaların istehsalçısına, markasına uyğun təmin etmək məqsədi ilə deyil, iddiaçını həmin malları xaricdən idxaledəcəyi ilə aldadaraq öz öhdəliklərini yerinə yetirmək görünüşü yaratmaqla saxta, ucuz və keyfiyyətsiz mallar təqdim etməklə daha çox pul əldə etmək üçün qəsdli hərəkətlər etməklə, orijinal olmayan və istifadədə olmuş (köhnə) malları təchiz etməklə iddiaçını aldatmışdır. Sonradan sifariş edilmiş malların qiymətləri, təchiz olunmuş oxşar malların qiymətləri ilə maraqlandıqda bir daha aldadıldığını başa düşmüşdür. Yəni cavabdeh öz tamahkar maraqlarına görə təchiz edəcəyi və etdiyi mallar barədə həqiqi vəziyyəti iddiaçıdan gizlətməklə iddiaçını aldatmaya yol vermişdir. Tərəflər arasında bağlanmış 02 aprel 2021-ci il tarixli müqavilə bir tərəfin (İcraçının) digər tərəfi (Sifarişçini) aldatması nəticəsində bağlandığından etibarsız əqddir və müqavilə üzrə ödənilmiş vəsait iddiaçıya geri qaytarılmalıdır. 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı Müqaviləyə əsasən, İcraçı və Sifarişçi bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Əqdin etibarsızlığı barədə cavabdehə dəfələrlə şifahi və yazılı şəkildə bildirilmişdir. Lakin 02 avqust 2021-ci il tarixli, 21/214/01 nömrəli pretenziya məktubuna da, heç bir cavab verilməmişdir. Mübahisənin məhkəmədən kənar mediasiya qaydasında həll edilməsi üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilsə də, məktuba cavab verilməmiş, mediator Tural Şahbazovun iştirakı ilə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiyada iştirak üçün iddiaçı tərəfindən 200 manat ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mütəxəssis X2 izahat verərək bildirdi ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlamışlar. İddiaçı onu çağırmış və o da alınan mallara baxış keçirmişdir. Müəyyən etmişdir ki, satılan malın bəzilərinin modeli hazırda istehsal olunmur, həmin detalın rənginə baxdıqda onun orjinal olub-olmadığını müəyyən etmək olur. Ona təqdim olunmuş mallar orjinal deyildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilədən görünür ki, iddiaçı sifariş verməyi və xidmətlərin dəyərini ödəməyi, cavabdeh isə bu Müqavilənin təkib hissəsi hesab edilən 1 saylı Əlavədə qeyd olunan xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən 02 aprel 2021-ci il tarixdə 25.500,05 manat, 21 aprel 2021-ci il tarixdə isə 24.437 manat, cəmi 49.937,50 manat cavabdehə ödənilmişdir. 17 may 2021-ci il tarixli Protokoldan görünür ki, iddiaçının nümayəndələri, cavabdehin iddiaçıya 02 aprel 2021-ci il tarixli 01-01/21 nömrəli Müqavilə əsasında tədarük etdiyi mallarla əlaqəli aşağıdakı qüsurları aşkar etmişlər: Malların bir hissəsi açıq şəkildə yeni deyil, istifadə olunmuş mallardır. Bəzi misallar - Martin (15" sub), Compressor (Yamaha GC2020 2 channel), malların bir çoxunun üstündə mənşəyini təsdiqləyən etibarlı bir işarələmə (səlahiyyətli istehsalçının adı, istehsal tarixi, seriya nömrəsi) yoxdur ki, bu da malların kontrafakt (counterfeif) olduğuna əsaslı şübhələr yaradır, bəzi misallar - X3 PX 3, X3 PX 5, Martin (15" sub), JBL Speaker (Control 28), Martin (15" sub) məhsullarının arxa tərəfində seriya nömrəsi ilə əlavə yamaq (stiker) yapışdırılmışdır, bu yamağın (stikerin) altında AR-2015 yazısı aşkar olunur, Martin Sound məhsulları arasında belə bir model mövcud deyil, müqavilənin mətnində göstərilən malların bəziləri Sifarişçiyə tədarük edilməmiş və başqa mallarla əvəz edilmişdir, bəzi misallar - Martin (10" AQ Series Speaker), X3 PX 8, X3 PX 6, JBL (Amplifier RMA3300), yəni Martin (10" AQ Series Speaker) reproduktoru əvəzinə ağ rəngli Blackline F10 modeli quraşdırılmış, Martin Sound məhsulları arasında nə ağ rəngli reproduktorlar, nə də F10 adlı model mövcud deyillər. X3 PX 8 gücləndiricisi əvəzinə X3 PX 5 gücləndiricisi quraşdırılmış, Yamaha məhsulları arasında X3 PX 6 gücləndiricisi mövcud deyil, JBL (Amplifier RMA3300) gücləndiricisi əvəzinə X3 PX 3 gücləndiricisi quraşdırılmış, malların tədarükü üçün ümumi qəbul edilmiş qaydalara zidd olaraq, İcraçı Sifarişçiyə malların "Mənşə Sertifikatlarını (Certificate of Origiri) təqdim etməmişdir. 16 may 2021-ci il tarixli Təftiş baxılışı haqqında rəyin surətindən görünür ki, audio avadanlıqlarına təftiş baxılışı nəticəsində aşağıdakıları müəyyən etmişdir ki, malların bir hissəsi açıq şəkildə yeni deyil, istifadə olunmuş mallardır, məsələn - Martin (15" sub), Compressor (Yamaha GC2020 2 channel), Malların bir çoxunun üstündə mənşəyini təsdiqləyən etibarlı bir işarələmə (səlahiyyətli istehsalçının adı, istehsal tarixi, seriya nömrəsi) yoxdur ki, bu da malların kontrafakt olduğuna əsaslı şübhələr yaradır, məsələn - X3 PX 3, X3 PX 5, Martin (15" sub), JBL Speaker (Control 28), Martin (15" sub) məhsullarının arxa tərəfində seriya nömrəsi ilə əlavə yamaq (stiker) yapışdırılıb. Bu yamağın (stikerin) altında AR-2015 yazısı aşkar olunur. Martin Sound məhsulları arasında belə bir model mövcud deyil, Müqavilənin mətnində göstərilən malların bəziləri sifarişçiyə tədarük edilməyib və başqa mallarla əvəz edilmişdir, məsələn - Martin (10" AQ Series Speaker), X3 PX 8, X3 PX 6, JBL (Amplifier RMA3300), yəni Martin (10" AQ Series Speaker) reproduktoru əvəzinə ağ rəngli Blackline F10 modeli quraşdırılıb, Martin Sound məhsulları arasında nə ağ rəngli reproduktorlar, nə də F10 adlı model mövcud deyillər, X3 PX 8 gücləndiricisi əvəzinə X3 PX 5 gücləndiricisi quraşdırılıb, Yamaha məhsulları arasında X3 PX 6 gücləndiricisi mövcud deyil, JBL (Amplifier RMA3300) gücləndiricisi əvəzinə X3 PX 3 gücləndiricisi quraşdırılıb, Malların tədarükü üçün ümumi qəbul edilmiş qaydalara zidd olaraq, tədarükçü sifarişçiyə malların "Mənşə Sertifikatları"nı təqdim etməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.11.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "Martin Audio” və "Harman Pro" şirkətinin Azərbaycanda rəsmi distributorudur. Harman Pro şirkətinə bir sıra markalar daxildir, bunlardan biri də JBL-dir. Siyahıya ilkin baxışdan sonra aydın olmuşdur ki, qeyd olunmuş avadanlıqlarla bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "Ekma Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir satış etməmişdir, hətta siyahıda olan modellərdən bir çoxunun Azərbaycan bazarına satışına istehsalçı tərəfindən icazə verilmir, ancaq Çin bazarı üçün istehsal edilmiş modellərdir. Daha sonra avadanlıqlara yerində baxış keçirilmişdir. "Martin Audio" olaraq göstərilən avadanlıqların heç biri bu istehsalçıya aid deyildir, avadanlıqların üzərindəki brend etiketləri saxtadır. Nəticə olaraq, İddiaçı aldığı heç bir avadanlıq ölkəyə rəsmi distributor tərəfindən gətirilməmişdir, avadanlıqlar orijinal deyil, üzərlərindəki brend etiketləri saxtadır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin Baglanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, iddiaçı ilə cavabdeh arasında 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı sifariş verməyi və xidmətlərin dəyərini ödəməyi, cavabdeh isə bu Müqavilənin təkib hissəsi hesab edilən 1 saylı Əlavədə qeyd olunan xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 02 aprel 2021-ci il tarixdə 25.500,05 manat, 21 aprel 2021-ci il tarixdə isə 24.437 manat, cəmi 49.937,50 manat cavabdehə ödənilmiş və bununla iddiaçının müqavilə üzrə ödəniş öhdəliyi yerinə yetirilmişdir. Cavabdeh tərəfindən sifariş yerinə yetirilərək, mallar iddiaçıya təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş malların bir hissəsi yeni olmamaqla istifadə olunmuş mallar olmuş, malların bir çoxunun üstündə mənşəyini təsdiqləyən etibarlı bir işarələmə (səlahiyyətli istehsalçının adı, istehsal tarixi, seriya nömrəsi) olmamış, müqavilənin mətnində göstərilən malların bəziləri başqa mallarla əvəz edilmiş və malların "Mənşə Sertifikatları" təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Eyni zamanda, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: a) Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; b) Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Alqı-satqı müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququnda və onun qiymətini ödəmək öhdəliyində, satıcı üçün əşyanı alıcının mülkiyyətinə verməkdə ifadə olunur. Bir qayda olaraq, alqı-satqı müqaviləsini bağlamaq niyyəti satıcı və alıcı arasında yaranmış bazar münasibətlərinin təsiri altında yaranır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh müqavilədə göstərilən malları iddiaçıya verəcəyini müqavilədə göstərsə də, satıcı Cavabdeh MMC alıcı İddiaçı MMC-yə malların müqavilədə göstərildiyi kimi vermək niyyəti, yəni iradə ifadəsi mövcud olmamış, iddiaçını aldatmaqla əqd bağlanmasına nail olmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilə iddiaçının iradə ifadəsini yanlış təsəvvür yaratmaqla aldadılaraq bağlanması öz təsdiqini tapdığından, müqavilənin etibarsızlığı tələbi əsaslı hesab olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 49.937,5 manat pul vəsaitinin geri qaytarılması hissəsinə münasibətdə hesab edir ki, qeyd olunan pul məbləği 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilə əsasında verildiyindən və həmin müqavilə də məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən iddia tələbi bu hissədə də təmin edilməklə yanaşı müqavilə üzrə iddiaçıya verilmiş mallar iddiaçıdan alınaraq cavabdehə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilə etibarsız hesab edilsin. 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilə üzrə İddiaçı tərəfindən ödənilən 49.937,5 manat pul vəsaiti, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilən 200 manat haqq və 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. 02 aprel 2021-ci il tarixli, 01-01/21 saylı müqavilə üzrə İddiaçınə verilmiş mallar İddiaçındən alınaraq Cavabdehnə qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4743/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4743/2021
13.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver