Məhkəmə qərarları › İş №e-2-2(113)-4746/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4746/2024

01.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4746/2024 01.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdeh tərəfindən ödənilməli olan 3250 manat pul vəsaitin, 53,20 manat dövlət rüsumunun, iddia ərizəsinin tərtib edilməsinə və elektron qaydada göndərilməsinə görə ödənilmiş 70 manat olmaqla cavabdehdən onun xeyrinə tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, qeyri yaşayış binasının 7515.2 kv.m əsas sahənin 400 kv.m cavabdehə icarəyə vermilmişdir. Cavabdeh öz növbəsində arasında razılığa əsasən aylıq icarə haqqını müvafiq olaraq 400 kv.m sahə üçün 800 manat müəyyən edilmişdir. Qeyd edilən icarə müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. İcarədə olduğu müddətdə icarə haqqı 2670 manat təşkil etsə də, cavabdeh cəmi 2400 manat ödəmişdir. Beləliklə ümumilikdə 270 manat ödənilməmişdir. Aralarında imzalanmış müqavilənin 5.3-cü bəndinə icarə haqqı və komunal xərclərin dəyəri müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə 1-ci on günlükdə gecikdirilmiş hər gün üçün icarə haqqının 1% miqdarında, 10 gündən artıq gecikdirilən hər gün üçün icarə haqqının 2 % miqdarında faiz dəbbə pulu tətbiq edilir. Ötən müddət ərzində dəbbə pulu 2980 manat təşkil edilir. Nəticə olaraq aralarında bağlanmış icarə müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş və ümumilikdə 3250 manat borc ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 448.2, 462.1, 700.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin məhkəmə prosesində iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılıb, qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" QSC (İcarədar) ilə Cavabdeh MMC (İcarəçi) arasında imzalanmış 01 fevral 2022-ci il tarixli qeyr-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, ünvan 2 ünvanında qeyri-yaşayış binasının 7515,2 kv.m əsas sahəsinin 400 kv.m-ni “İcarədar” kirayəyə verir, “İcarəçi” isə kirayəyə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər razılığına görə aylıq icarə haqqı müvafiq olaraq 400 kv.m anbar sahəsi üçün 800 Azərbaycan manatı müəyyənləşdirilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “İcarədar” müqavilə imzalandıqdan sonra 3 gün ərzində icarəyə verilən sahəni “İcarəçi”yə təhvil verir. Müqaviləni 5.1-ci bəndinə əsasən “İcarəçi” hər ayın icarə haqqını “İcarədar” tərəfindən təqdim olunmuş “e-qaimə” əsasında həmən ayın birinci həftəsi ərzində nağd və nağdsız qaydada “İcarədar”ın müvafiq bank hesabına ödəyir. Müqavilənin 7.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixdən – 01 fevral 2023-cü il tarixədək müəyyənləşdirilir. Müqavilənin şərtləri nöqsansız yerinə yetirildiyi zaman tərəflərin razılığı ilə onun vaxtı qeyri-müəyyən müddətə uzadılmış hesab olunur. EBBQ seriyalı, 773101 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 800 manat, EBBS seriyalı, 806140 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 800 manat, EBBU seriyalı, 185082 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 800 manat, EBBV seriyalı, 935862 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 270 manat icarə haqqı məbləği "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" QSC 53,20 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 2 ünvanında qeyri-yaşayış binasının 7515,2 kv.m əsas sahəsinin 400 kv.m olan anbar sahəsi təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır, cavabdeh tərəfindən iddiaya heç bir münasibət bildirilməmişdir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək icarə haqqını, yəni 270 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 270 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 2980 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 14 manat müəyyən olunmalıdır Bundan başqa məhkəmə göstərilmiş hüquqi yardım üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 70 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 53,20 manat məbləğində dövlət rüsumunun 30 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-cü il tarixli icarə müqaviləsinə əsasən 270 (iki yüz yetmiş) manat əsas borc, 14 (on dörd) manat dəbbə pulu, hüquqi yardımla əlaqədar ödənilmiş 70 (yetmiş) manat pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar