Məhkəmə qərarları › İş №e-2-2(113)-475/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-475/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-475/2023 09.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı “TET” İnternational Development” MMC-nin Cavabdeh MMC-yə qarşı borc müqaviləsi üzrə öhdəliklərin icra edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “TET” İnternational Development” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 14 iyun 2019-cu il tarixdə, 1 nömrəli borc müqaviləsi, 31 yanvar 2022-ci il tarixdə borc müqaviləsi və 15 oktyabr 2020ci il tarixdə sərmaye qoyuluşu fondu və Biznes kapital borc müqaviləsi üzrə ümumilikdə 4,606,040.22 manat və 100,000 avro məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsini iddiaçı “TET” İnternational Development” MMC-nin adından imzalamış nümayəndə və vəkil Nümayəndə1 həmin şirkətin adından etibarnamə vermiş X1 müvafiq səlahiyyətləırini təsdiq edən sənədin məhkəməyə təqdim edilmədiyini əsas göstərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin adından hazırkı iddia ərizəsi vəkil Nümayəndə1 elektron imzası ilə imzalanmışdır. Nümayəndə1 iddiaçının adından iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmasını təsdiq etmək üçün iddia ərizəsinə İddiaçı MMC-ni məhkəmədə təmsil etmək, o cümlədən həmin şirkətin adından iddia ərizəsini imzalamaq səlahiyyətinin sonuncuya verilməsinə dair İddiaçı MMC-nin adından şirkətin direktoru X3 tərəfindən imzalanmış etibarnamə əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı etibarnamənin verildiyi dövr də daxil olmaqla halhazıradək iddiaçı “TET” İnternational Development” MMC-nin qanuni təmsilçilik funksiyasına malik baş direktoru vəzifəsini X1 deyil, Taro Savadonun icra etdiyi müəyyən edildiyindən (göstərilən fakt iddiaçının nümayəndəsi və vəkili tərəfindən mübahisələndirilməmişdir) iddiaçının nümayəndəsi və vəkilinə X1 İddiaçı MMC-nin adından etibarnamə vermək səlahiyyətini təsdiq edən sənədin təqdim edilməsi təklif edilmiş və sonuncu tərəfindən EMİS-ə İddiaçı MMC-nin adından baş direktoruTaro Savado tərəfindən X1 adına verilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamənin surəti əlavə edilmişdir. Həmin etibarnamənin məzmunundan görünür ki, həmin etibarnaməyə əsasən X2 “TET” İnternational Development” MMC-nin adından əqd bağlamaq (o cümlədən etibarnamə vermək) səlahiyyəti verilsə də, etibarnamədə təmsil edənin şirkəti məhkəmədə təmsil etmək səlahiyyətinə, eləcə də MPM-in 74.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərə malik olması göstərilməmişdir. Bundan əlavə etibarnaməyə həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi barədə qeyd daxil edilmişdir. Mülki Məcəllənin 364.1-ci maddəsinə görə etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Göstərilən norma ilə bağlı məhkəmə qeyd edir ki, birincisi, qanunverici adına etibarnamə verilmiş şəxs tərəfindən etibarnamədə göstərilmiş hərəkətləri başqa şəxsə etibar edilməsi imkanını etibarnamədə belə bir hüququn nəzərdə tutulduğu və ya şəraitin buna məcbur etdiyi hallarla məhdudlaşdırmışdır. İkincisi, sözügedən normanın adından da göründüyü kimi adına etibarnamə verilmiş şəxs tərəfindən yalnız ona verilmiş səlahiyyətlər (etibar edilmişi etibaretmə) digər şəxsə etibar edilə bilər. Hazırkı halda “TET” İnternational Development” MMC adından X1 adına verilmiş etibarnaməyə səlahiyyətlərin başqa şəxsə verilməsi barədə qeyd daxil edildiyi halda Novruz Orucov şirkətin adından hərəkətləri icra etmək üçün digər şəxsə etibarnamə verməklə yanaşı ona verilmiş etibarnamədə göstərilməmiş, yəni faktiki olaraq ona verilməmiş səlahiyyətləri (sözügedən şirkəti məhkəmədə təmsil etmək, o cümlədən MPMin 74.2-ci maddəsində nəzərdə tutulmuş və etibarnamədə xüsusi göstərilməli olan səlahiyyətləri) başqa şəxsə ötürmüşdür. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə etibarnamədə mövcud qüsurların aradan qaldırılması və səlahiyyətli şəxs tərəfindən verilmiş etibarnamənin məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi və vəkili növbəti məhkəmə iclasına gəlməmiş, işin mahiyyəti üzrə baxılmasına maneçilik törədən nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.3-cü maddəsinə görə iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilməlidir. 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc müqaviləsi üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 2694 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar