Məhkəmə qərarları › İş №e-2-2(113)-476/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-476/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-476/2023 03.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11705,60 manat (əsas qalıq məbləği), pul öhdəliklərinin yerinə yetirməsinin gecikdirilməsinə görə - 11649.79 manat dəbbə pulu, 1200 manat vəkil xərci olmaqla, cəmi 24555,39 manat məbləğində pul və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 050-OB/21 saylı, 14 iyul 2021-ci il tarixli Qeyri - yaşayış sahəsinin İcarə Müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə yaranmış icarə borcunun ödənilməsinə dair 01 fevral 2022ci il tarixli Razılaşmanın 2-ci bəndinə əsasən cavabdeh 24 205,60 manat məbləğində borcunu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 8 068.53 manat olmaqla xx.xx.2022-ci il tarixədək iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli Razılaşma üzrə öhdəliklərinə tam əməl etməyərək, xx.xx.2022-ci il tarixində 4500 manat, xx.xx.2022-ci il tarixində isə 8000 manat manat məbləğində ödənişlər etmişdir. Belə olan halda, cavabdeh qrafik üzrə borc öhdəliyini vaxtında icra etmədiyinə görə aşağıda qeyd edilən hesabat cədvəlinə əsasən 11649,79 manat məbləğdə dəbbə pulu öhdəliyi yaranmışdır. Cavabdehə xx.xx.2022-ci il tarixli, Ç22-046 nömrəli məhkəmə qabağı pretenziya göndərilərək, iddiaçıya olan borcunun ödənilməsi tələb edilmişdir. Cavabdeh məhkəmə qabağı pretenziyanı almış olsa da, bu günə kimi borc ödənilməmişdir. İddia tələbinin məbləği və hesablanma qaydası: 01 fevral 2022-ci il tarixli Razılaşmanın 3-cü bəndinə görə İcarəçi (bu halda - cavabdeh) Razılaşmanın 1-ci bəndi ilə müəyyənləşdirilmiş qrafik üzrə borc öhdəliyini vaxtında icra etməzsə, onda iddiaçıya hər təqvim günü üçün ödənilməmiş borc məbləğinin 0,5 % məbləğində dəbbə pulu ödəyir. Belə olduğu halda cavabdeh tərəfindən ödənilməli olan dəbbə pulu məhkəməqabağı pretenziyanın tərtib edildiyi xx.xx.2022-ci il tarixə aşağıdakı kimi təşkil edir: 24205,60 manat (əsas borc) - 4500 manat (ödəniş məbləği) = 19705,60 manat (əsas qalıq məbləği) x 0,5 % = 98,53 manat (bir təqvim günü üçün) dəbbə pulu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək – 82 təqvim günü x 98,53 manat = 8079,46 manat dəbbə pulu 19705,60 manat (əsas qalıq məbləği) – 8000 manat (ödəniş məbləği) = 11705,60 manat (əsas qalıq məbləği) x 0,5 % = 58,53 manat (bir təqvim günü üçün) dəbbə pulu xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək – 61 təqvim günü x 58,53 manat = 3570,33 manat dəbbə pulu Dəbbə pulunun cəmi: - 8079,46 manat + 3570,33 manat = 11649,79 manat 11705,60 manat (əsas qalıq məbləği) + 11649,79 manat (dəbbə pulu) = borc məbləğinin cəmi - 23355,39 manat borc məbləği. Razılaşmanın 4-cü bəndinə görə Razılaşma hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 14 iyul 2021-ci il tarixli 050-OB/21 saylı qeyri-yaşayış sahəsinin icarəsinə dair müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Xətai rayonu 25E Nobel prospektində yerləşən binanın dördüncü mərtəbəsində ümumi sahəsi 340 kv.m və binanın mərtəbə planında göstərilən (Əlavə 1) qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi bə bu müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilədə göstərilən 340 kv.m sahə - 230 kv.m əsas və 11 kv.m köməkçi sahədən ibarətdir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə obyektinin ümumi icarə haqqının illik məbləği 85560 manat təşkil edir (ƏDV daxil olmamaq şərtilə). Bu məbləğ icarə obyektindən istifadəyə görə 60720 manat icarə haqqı və müqavilənin 5.6-cı bəndində göstərilən xidmətlərə görə 24840 manat xərcdən ibarətdir. Yeraltı parkinq mərtəbəsində icarəçinin 2 avtomobili üçün müəyyən edilmiş parkinq yerlərinin icarə haqqısı həmin məbləğə daxildir. Müqavilənin 5.2-ci bəndinə əsasən tam təqvim ayına görə icarə haqqı icarə obyekti üzrə illik icarə haqqının 1/12 hissəsinə bərabər olmaqla müəyyən edilir. Natamam təqvim ayı üzrə icarə haqqı həmin aydakı faktiki icarə günlərinin sayının müvafiq ayının təqvim günlərinin ümumi sayına olan nisbətini tam təqvim ayı üzrə müəyyən edilmiş icarə haqqı məbləğinə vurmaqla müəyyən edilir. Müqaviləyə 01 nömrəli Əlavəyə əsasən icarə obyekti binanın dördüncü mərtəbində yerləşir və faydalı sahəsi 230 kv.m təşkil edir. Müqaviləyə 02 nömrəli Əlavəyə əsasən binanın yeraltı dayancağının 203 və 205 nömrəli 2 avtodayanacaq yeri cavabdehin adına 15 avqust 2021-ci il tarixindən 31 avqust 2024-cü il tarixinə kimi müqavilənin 5.1-ci bəndinə əsasən təyin olunur. İddiaçı ilə cavabdeh arasında bağanmış 01 fevral 2022-ci il tarixli 050-OB/21 saylı, 14 iyul 2021-ci il tarixli qeyri-yaşayış sahəsindən icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə yaranmış icarə borcunun ödənilməsinə dair razılaşmaya əsasən Bakı şəhəri 25E Nobel prospektində yerləşən binanın dördüncü mərtəbəsində yerləşən faydalı sahəsi 230 kv.m təşkil edən qeyri-yaşayış sahənin və yeraltı mərtəbəsində icarəçinin 2 avtomobili üçün aşağıda müəyyən edilmiş 203 və 205 saylı parkinq yerlərinin icarəsinə görə icarəsinə görə icarəçinin 01 fevral 2022-ci il tarixinə icarəyəverənə ödənilməmiş 24205,60 manat məbləğində borcu vardır və icarəçi bu razılaşma əsasında borcunu qrafik üzrə icarəyəverənə ödənilməsini öhdəsinə götürür. İcarəçinin aylıq icarə haqqını ödəmək imkanın məhdud olduğunu, fəaliyyətindən gəlir əldə edə bilmədiyini, müqavilə üzrə öhdəliyini vaxtında icra edə bilməyəcəyini və bununla əlaqədar müqaviləyə vaxtından əvvəl ləğv edilməsi ilə bağlı icarəyəverənə şifahi müraciətini nəzərə alaraq tərəflər müqavilənin 11.1-ci bəndini əsas tutuaraq razılığa gəlirlər ki, 050-OB/21 saylı 14 iyul 2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarə müqaviləsi 01 fevral 2022-ci il tarixdən ləğv edilmişdir. İcarəçi 24205,60 manat məbləğində borcunu xx.xx.2022-xx.xx.2022-ci il tarixinə 8068,53 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixinə 8068,53 manat, xx.xx.2022xx.xx.2022-ci il tarixinə 8068,53 manat olmaqla icarəyəverənə ödəməyi öhdəsinə götürür. İcarəçi bu razılaşmanın 1-ci bəndi ilə müəyyənləşdirilmiş qrafik üzrə borc öhdəliyini vaxtında icra etməzsə, onda icarəyəverənə hər təqvim günü üçün ödənilməmiş borc məbləğinin 0,5 % məbləğində dəbbə pulu ödəyir. İddiaçıya məxsus bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 8000 manat, xx.xx.2022-ci il tarixdə 4500 manat məbləğində pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 fevral 2022-ci il tarixli 050- OB/21 saylı, 14 iyul 2021-ci il tarixli qeyri-yaşayış sahəsindən icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə yaranmış icarə borcunun ödənilməsinə dair razılaşmadan irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 11705,60 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11705,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 fevral 2022-ci il tarixli 050-OB/21 saylı, 14 iyul 2021-ci il tarixli qeyri-yaşayış sahəsindən icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə yaranmış icarə borcunun ödənilməsinə dair razılaşmaya əsasən hesablanmış 11649,79 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsində 1200 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iddiaçı ilə 14 saylı Vəkil Bürosu arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli 1244 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən “Vəkil Bürosu”na hüquqi yardıma görə 1190 manat, marka üçün 10 manat olmaqla, cəmi 1200 manat ödəniş həyata keçirilir. xx.xx.2022-ci il tarixli 352 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 14 saylı Vəkil Bürosunun hesabına 1200 manat məbləğində pul köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 11705,60 manat məbləğində əsas borc, 500 manat cərimə, 1200 manat hüquqi yardıma çəkilmiş xərc, ümumilikdə 13405,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11705,60 (on bir min yeddi yüz beş manat altmış qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat cərimə, 1200 (bir min iki yüz) manat hüquqi yardıma görə ödənilmiş vəsait, ümumilikdə 13405,60 (on üç min dörd yüz beş manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar