Məhkəmə qərarları › İş №e-2-2(113)-4763/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4763/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4763/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: texniki overdraft, cərimə, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 40060AZNHK********** saylı kart hesabı üzrə overdraft əməliyyatı üzrə 281,06 (iki yüz səksən bir manat altı qəpik) manat əsas borcu 171.38 (bir yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 452.44 (dörd yüz əlli iki manat qırx dörd qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02210LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Borclu Cavabdeh MMC-nin40060AZNHK********** nömrəlihesabından xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərində ayrılıqda 93,48 (doxsan üç manat qırx səkkiz qəpik) manat 0.47 (qırx yeddi qəpik) manat konversiya xərci offline silinmələr həyata keçmişdir, bu səbəbdən Borclunun hesabı üzrə balans mənfiyə enmişdir. Qeyd edilən əməliyyatların aparılması Borclunun bank hesabından çıxarışda öz əksini tapmışdır. Bildiririk ki, müştəri ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasənda yaranmışdır. Belə ki, X1 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatların V bölməsinin, dördüncü hissəsinin “Debet kartı üzrə overdraft” hissəsində qeyd edilir ki, Bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir(4.1.1). Texniki overdarft razılaşdırılmış overdraft məbləğini aşan məbləğdir. Məzənnə fərqi və ya digər səbəblərdən Kart hesabının overlimitə keçməsi halıdır(4.1.9). Hər hansı bir səbəbdən aylıq əmək haqqı ödənilmədiyi halda (Cari borcun Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya Overdraft üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, Banka Cari borc üzrə ödənişini ayda bir dəfədən az olmamaq şərti ilə nağd və ya köçürmə yolu ilə ödəmək; Müqavilə ilə müəyyən olunan və Banka Müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə Cari borcu Banka qaytarmaq və Xidmət haqqını ödəmək; Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir. (4.2.4). Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri40060AZNHK********** saylı kart hesabı üzrə overdraft əməliyyatı üzrə 281.06 (iki yüz səksən bir manat altı qəpik) manat əsas borcu 171.38 (bir yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 452.44 (dörd yüz əlli iki manat qırx dörd qəpik) manat təşkil edir. Gecikmə günü: 1012 İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir.

II. Məhkəmə baxışının hədləri:

3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-02210LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır.

5. Ümumi şərtlər toplusuna əsasə:

6. 1.Bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.

7. 2. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin Bank tərəfindən bu Müqavilənin şərtlərini qəbul etmiş Müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan Ərizə formalarının Banka təqdim olunması və ya bu Müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün Ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə Müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə Müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur (bundan sonra “Ərizə” dedikdə hər iki qaydada təqdim olunmuş sifariş nəzərdə tutulacaq). Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi Bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur.

8. 1.1. Bank, Müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın və Maliyyə bazarlarına nəzarət orqanının normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür.

9. 1.2. Müqavilə qüvvəyə minməzdən əvvəl açılmış hesablara da bu Müqavilədə qeyd olunan qaydalar tətbiq edilir, habelə onların açılması ilə əlaqədar bağlanmış müqavilələrdə bu Müqavilə ilə ziddiyyət təşkil edən şərtlər olduqda, bu Müqavilə üstünlük təşkil edir.

10. 1.3. Tərəflərin qarşılıqlı razılığı əsasında hesabın kreditləşməsi (overdraft) nəzərdə tutula bilər. Bu halda Bank kreditləşmənin həyata keçirildiyi gündən Müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Hesabın kreditləşməsi üzrə şərtlər bu Müqavilənin müvafiq bəndinin müddəaları və Bankın qüvvədə olan tariflərinə uyğun müəyyən olunacaq.

11. 3.8. Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir.

12. 6.1. Bu Müqavilə üzrə Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə, valyuta və müddətdə güzəşt müddətli kredit xətti (bundan sonra “Overdraft limiti”) verilir.

13. 6.2. Müştəri Overdraftdan istifadə etdiyi zaman ona həmin tarixdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan müddətdə Güzəşt müddəti verilir.

14. 6.3. X2 limitinin istifadə olunmuş hissəsini Güzəşt müddəti bitməzdən əvvəl Banka tam olaraq qaytararsa, ona heç bir faiz hesablanmır və 1 iş günü ərzində Bank qarşısında bu məhsul üzrə heç bir ödəniş öhdəliyi olmazsa, overdraft limitindən yenidən istifadə etmək hüququ yaranır. Əgər Overdraft limitinin istifadə olunmuş hissəsi Güzəşt müddəti bitməzdən əvvəl tam olaraq bağlanmazsa Müştəriyə faiz güzəşt müddətinə daxil olan günlər üçün də hesablanır.

15. 6.4. Overdraftın istifadə olunmuş hissəsi üzrə faizlər “Maliyyələşdirmə üçün ərizə” formasında müəyyən olunan qaydada hesablanaraq ödənilir. “Maliyyələşdirmə üçün ərizə” formasında müəyyən olunan qaydada Müştərinin hesabında vəsait olduğu təqdirdə hesablanmış faizlər Müştərinin hesabından akseptsiz qaydada silinir.

16. 6.5. Overdraftın istifadə olunmuş hissəsi üzrə əsas məbləğ müəyyən tarix olmadan, yəni Müştərinin hesabına vəsait daxil olduqca akseptsiz qaydada silinir.

17. 6.6. Overdraftın istifadə olunmuş hissəsi üzrə əsas məbləğ və faizlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə Müştəri tərəfindən ödənilmədiyi təqdirdə, Overdraft limiti birtərəfli qaydada ləğv olunur və gecikdirilmiş əsas borc öhdəlikləri üzrə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan cərimə faizləri hesablanır.

18. 6.7. Bank Müştəriyə ayrılan Overdraft limitini ildə 1 (bir) dəfə nəzərdən keçirə və Müştərinin maliyyə göstəricilərindən asılı olaraq birtərəfli qaydada dəyişə və ya ləğv edə bilər.

19. 6.8. Müştəri açılan Overdraftdan “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddətdə istifadə edilə bilər və həmin müddətin sonunda Overdraftın istifadə olunmuş hissəsi Banka tam olaraq qaytarılır.

20. 6.9. Müştərinin cari hesabına yönəldilmiş hər-hansı tələb (vergi orqanları, DSMF, məhkəmə və digər səlahiyyətli qurumlar tərəfindən sərəncamlar) yalnız Müştərinin yazılı müraciəti əsasında Overdraft limiti hesabına ödənilə bilər.

21. 29.05.2025-ci il tarixli PB/PBL-OUT-00442-2025 saylı maliyyə arayışına əsasən borcalanın xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 40060AZNHK********** saylı kart hesabı üzrə overdraft əməliyyatı üzrə 281.06 manat əsas borcu, 171.38 manat cərimə borcu olmaqla, cəmi 452.44 (dörd yüz əlli iki manat qırx dörd qəpik) manat təşkil edir. Gecikmə günü: 1012

22. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

29. Overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur.

30. İşin faktiki hallarından görünür ki, texniki overdraft nəticəsində iddiaçı bank tərəfindən cavabdehin kart hesabına 281,06 məbləğində pul köçürülmüşdür.

31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

32. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin razılıq ərizəsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında 40060AZNHK********** saylı kart hesabı üzrə overdraft əməliyyatı üzrə 281.06 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləği cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

33. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında 40060AZNHK********** saylı kart hesabı üzrə overdraft əməliyyatı üzrə hesablanmış 171,38 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 15 manat məbləğində müəyyən edilməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Materiallardan da göründüyü kimi iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

IV. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 40060AZNHK********** saylı kart hesabı üzrə overdraft əməliyyatı üzrə 281.06 manat əsas borc, 15 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar