Məhkəmə qərarları › İş №e-2-2(113)-4765/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4765/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4765/2022 21.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti (İddiaçı2 ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı2 ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11745,96 manat əsas borc, 1192,92 manat faiz borcu, 1756,83 manat cərimə borcu olmaqla, ümumilikdə 14695,71 manat borc və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “” Kredit Bank olmayan Kredit təşkilatından illik 18 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. “” Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı2 ASC arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən Cavabdeh2 ilə “” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı2 ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27 avqust 2021-ci il tarixədək Cavabdeh2 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11745,96 manat əsas borc, 1192,92 manat faiz borcu, 1756,83 manat cərimə borcu olmaqla, ümumilikdə 14695,71 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı2 ASC ilə cavabadehlər Cavabdeh2 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı2 ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11745,96 manat əsas borc, 1192,92 manat faiz borcu, 1756,83 manat cərimə borcu olmaqla, ümumilikdə 14695,71 manat borc və 200 manat dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi iddia tələbini əsas borc və faiz borcunun tutulması hissəsində qəbul etdiklərini və iddianın qismən təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, ELİM-645- 451 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə, bu müqavilənin tərkib hissəsi olan müvafiq razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, illik ən çoxu 50 (əlli) faiz dərəcəsilə hesablanmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 15000 (on beş min) manat (AZN) məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur. Həmin məbləğdə kredit borcalana kredit tələblərinə cavab verilməsi, kreditin məqsədli təyinatına uyğun istifadə olunma imkanları və əməliyyatın sağlamlığı barədə kredit verənin birtərəfli rəyinə əsasən, həmçinin tərəflər arasında tələb edilən zaminlik, ipoteka və girov müqavilələrinin bağlanaraq bütün ipoteka müqavilələrinin (tələb edildiyi halda həm də ipoteka kağızlarının) müvafiq dövlət qeydiyyatına alınması, lazımi ipoteka və girov predmetlərinin, habelə tələb olunduğu halda müvafiq şəxslərin həyat və əmək qabiliyyətlərinin sığorta olunması təmin edildikdən sonra hissə-hissə verilə bilər. Kredit verən aydın surətdə bəyan edir və borcalan isə qəbul edir ki, kredit verən yuxarıda göstərilən kredit məbləğinin hamısını tam məbləğdə vermək öhdəliyini daşımır və göstərilən əsaslara istinad edilməklə kreditin hər hansı hissəsinin verilməsindən imtina edə bilər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği, illik 50-dən (əlli) artıq olmayan faizi, məqsədli təyinatı və kredit verənə qaytarılması ardıcıllığı və müddəti bu müqavilənin tərkib hissəsi olan razılaşma(lar) ilə müəyyən olunur. Verilmiş kreditin qaytarılması müddəti və qaytarılma hissələri razılaşma(lar)da əks olunan ödəniş cədvəli ilə müəyyən olunur. - "xxxx" MMC ilə Cavabdeh2 arasında 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmanın 2-ci bəndinə əsasən bu razılaşmaya əsasən borcalan illik 18% (on səkkiz) faizlə 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit borcalanın adına açılmış bank hesabına, borcalanın təqdim etdiyi "xxxx" ASC Nəsimi filiali, AZN - AZ30BRES******************** bank hesabına, borcalanın "xxxx" MMC tərəfindən buraxılan “İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartına yüklənmək üçün saylı tranzit hesabına və ya notariusun depozit hesabına köçürülməklə verilir. Borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya kreditin əsas borc və faiz borcunun bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən ödəniş tarixində ödəməməklə 30 təqvim günündən çox gecikdirdikdə, bu müqavilə ilə verilmiş kreditdən istifadə üçün nəzərdə tutulan illik faiz dərəcəsi kredit verən tərəfindən 5 (beş) faiz artırıla bilər və bu müqaviləni imzalamaqla borcalan bu şərtlə razılaşır və krediti yeni faiz dərəcəsi ilə qaytaracağına dair öhdəlik qəbul edir. Bu halda kreditin ödənilməmiş qalıq əsas borca faiz hesablanacaq və faiz borcunun artmış hissəsi ödəniş cədvəlində göstərilən ödəniş tarixlərində qaytarılacaqdır. Bu razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi illik 19,7% faiz təşkil edir. Həmin razılaşmanın 6-cı bəndinə əsasən borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1%-i miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. - "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, ELİM-645- 451+ELİM-647 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - "xxxx" MMC ilə İddiaçı2 ASC arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə saziş bağlanmış və həmin sazişə əsasən Cavabdeh2 ilə “” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı2 ASC-yə ötürülmüşdür. - İddiaçı2 ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh2 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli razılaşma üzrə banka 10745,96 manat əsas borc, 3409,63 manat faiz borcu, 18383,47 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 32539,06 manat manat təşkil edir. - İddiaçı2 ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı2 ASC tərəfindən Bakı 5 saylı Mediasiya Təşkilatının AZ97UBAZ**********0090AZN001 nömrəli hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı2 ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 09 avqust 2021-ci il tarixli, KBD/2795 nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin müqavilənin tərkib hissəsi olan 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli razılaşma bağlanmış və həmin razılaşmaya əsasən borcalana bank tərəfindən 18% (on səkkiz) faizlə 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında 12 mart 2020-ci il tarixli, ELİM-645-451+ELİM-647 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin zaminlik müqaviləsinə əsasən 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. "xxxx" MMC ilə İddiaçı2 ASC arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən Cavabdeh2 ilə “” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı2 ASC-yə ötürülmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişlər, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.4-ci maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. İddia tələbinin bir hissəsini cavabdehlərdən müştərək qaydada 11745,96 manat əsas borc və 1192,92 manat faiz borcunun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, kredit müqaviləsi üzrə borcu tələb etmək hüququnun İddiaçı2 ASC-yə ötürüldüyünü, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən, yəni cavabdehlərdən müştərək qaydada əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 10745,96 manat (on min yeddi yüz qırx beş manat doxsan altı qəpik) əsas borc və 1192,92 manat (min yüz doxsan iki manat doxsan iki qəpik) məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 1756,83 manat cərimə borcunun tutulması təşkil edir. Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2020-ci il tarixli, ELİM-645-451 nömrəli kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1%-i miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 700 (yeddi yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10745,96 manat (on min yeddi yüz qırx beş manat doxsan altı qəpik) əsas borc, 1192,92 manat (min yüz doxsan iki manat doxsan iki qəpik) faiz borcu, 700 (yeddi yüz) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 12838,88 manat (on iki min səkkiz yüz otuz səkkiz manat səksən səkkiz qəpik) məbləğində pul İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar