Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4766/2025 02.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin birtərəfli ləğvi və iradə ifadəsi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “X3” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 2725micAİİM/23-EM nömrəli əsas kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli 2725micAİİM/23 nömrəli əlavə kredit müqaviləsi üzrə 4156,7 manat əsas bоrc, 356,22 manat faiz bоrcu və 72,25 manat cərimə borcu olmaqla ümumilikdə 4585,17 manat məbləğində pulun və ödənilmiş 65,86 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2725micAHM/23 saylı kredit müqaviləsinə əsasən, borcluya 24 ay müddətinə, illik 26 % ödəmək şərtilə, 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 2725micAHM/23-EM saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər müqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas borcu üzrə 4156,7 manat, faiz borcu üzrə 356,22 manat, cərimə üzrə 72,25 manat, cəmi 4585,17 manat məbləğində borcu vardır. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcu və cərimə borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, cavabdehlərin iddiaçıya olan borcları ödənilməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 445-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4766/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək sonuncu ödənişin 2025-ci ilin yanvar ayında edildiyini, təxminən 4000 manat məbləğində borcun qaldığını bildirdi.
8. Məhkəmə bildirişləri Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 2725micAİİM/23-EM nömrəli əsas kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli 2725micAİİM/23 nömrəli əlavə kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 5000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 24 ay müddətə illik 26 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin sazişə əlavə edilən ödəniş planı ilə kreditin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər razılaşdırılmışdır. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 xx.xx.2023-cü il tarixli 2725micAHM/23 nömrəli zaminlik müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh1 pul məbləğinə mülkiyyət hüququnu əldə etsə də, həmin vəsaiti iddiaçıya tam qaytarmamışdır.
13. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 4156,7 manat əsas bоrc, 356,22 manat faiz borcunun tutulmasını xahiş edir.
14. Cavabdeh1 təqribən 4000 manat borcunun qaldığını bildirir.
15. Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
16. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
17. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
21. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 X1 Sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu yollayaraq bütün əsas borc məbləğini tələb etmiş, həmin məktub Cavabdeh1 X1 Sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə çatdırılmış, başqa sözlə, iddiaçı ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir.
22. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.
23. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3).
24. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).
25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).
26. Belə olan halda, iddiaçının pretenziya ünvanlayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və həmin məktubun cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda da iddiaçı əsas borcu və xx.xx.2024-cü il tarixə olan faiz borcunu tələb edir.
27. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
28. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4766/2025 nömrəli qərardadı əsasında aparılmış xx.xx.2025-ci il tarixli 9/4003 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli 2725micAİİM/23 nömrəli əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 4175,66 manat, faiz borcu 174,25 manat təşkil edir. Həmçinin həmin tarixdən sonra 540 manat ödəniş edilmişdir.
29. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax § 9, 218.3-cü maddə)
30. Bu səbəbdən xx.xx.2023-cü il tarixli 2725micAİİM/23 nömrəli əlavə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə borc məbləği 4156,7 manat əsas borc, 174,25 manat faiz borcu olaraq müəyyən edilməlidir.
31. İddia ərizəsində iddiaçı 72,25 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
32. xx.xx.2023-cü il tarixli 2725micAİİM/23 nömrəli əlavə kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən, borcalan bu müqavilə üzrə müəyyən olunmuş borcun (əsas və/və ya faiz borcunun) ödənilməsini gecikdirdikdə borcverən borcun (əsas və/və ya faiz borcu) gecikdiriİdiyi hər təqvim günü üçün gecikdirilən borc (əsas və/və ya faiz borcu) məbləğinin illik 40 faizi həcmində cərimə tətbiq edə bilər.
33. xx.xx.2023-cü il tarixli 2725micAHM/23 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin borclunun kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əsas borc məbləğinin, hesablanmış faizlərin və cərimənin (dəbbə pulu), borcun tutulması üzrə məhkəmə xərclərinin və digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (müqavilənin 1.1-ci bəndində cərimə faizinin borcun (əsas və/və ya faiz borcunun) gecikdirildiyi hər təqvim günü üçün hər gecikdİrilən borc (əsas və/və ya faiz borc) məbləğinin illik 40 faizi təşkil etməsi göstərilmişdir).
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlər ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
37. Məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 72,75 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
38. Məhkəmə yekun borc məbləğinin müəyyən edilməsi ilə bağlı göstərir ki, xx.xx.2023-cü il tarixli 2725micAİİM/23-EM nömrəli əsas kredit müqaviləsinin 2.6-cı bəndinə müvafiq olaraq xx.xx.2024-cü il tarixdən sonra ödənilən 540 manat birinci növbədə cərimə, ikinci növbədə faiz, üçüncü növbədə əsas borca yönəldilməlidir. Belə olan halda, xx.xx.2023-cü il tarixli 2725micAİİM/23 nömrəli əlavə kredit müqaviləsi üzrə yekun borc 3863,2 manat (əsas borc) təşkil edir (əsas borc: 4156,7 + faiz borcu: 174,25 + cərimə borcu: 72,25 – cəmi ödəniş: 540 manat).
39. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
41. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
42. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
43. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 2725micAİİM/23 nömrəli əlavə kredit müqaviləsi üzrə 3863,2 manat əsas borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “X3” ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
44. İddiaçı eləcə də 65,86 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
45. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 65,86 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.
47. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
51. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəldiyindən (bax §36) məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq cavabdehlərdən tutulmalıdır.
52. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,86 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq tutularaq iddiaçı “X3” ASC-yə, ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 2725micAİİM/23-EM nömrəli əsas kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli 2725micAİİM/23 nömrəli əlavə kredit müqaviləsi üzrə 3863,2 manat əsas borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,86 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova