Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4767/2023 08.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 418.531,80 manat ödənilməmiş borc məbləğinin, 400 manat mediasiyaxərcinin və 309 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 01 sentyabr 2010-cu il tarixli, “Kredit sazişinə” əsasən cavabdehə 300.000 manat məbləğində kredit vermiş, cavabdeh isə həmin məbləği qəbul edib, ondan yalnız sazişdə nəzərdə tutulmuş məqsədlər çərçivəsində istifadə etmək və sazişdə nəzərdə tutulmuş şərt və müddətlərlə geri qaytarmaq öhdəliyi götürmüşdür. 30 may 2012-ci il tarixdə həmin müqaviləyə 2 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmaya əsasən cavabdeh iddiaçıya 2011-ci il tarixdə əlavə 100.000 manat məbləğində borc aldığını etiraf etmişdir. Bundan əlavə, tərəflər arasında 05 avqust 2010-cu il tarixdə “Texniki və idarəetmə dəstəyi üzrə”xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə texniki və idarəetmə üzrə dəstək xidmətləri göstərməli, cavabdeh isə bunun qarşılığında razılaşdırılmış xidmət haqqı ödəməli idi. Bildirir ki, cavabdeh hər iki müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri pozmuş və kredit sazişinə əsasən aldığı borc məbləğini qaytarmamış, habelə xidmət müqaviləsi üzrə ödəməli olduğu xidmət haqqlarını ödəməmişdir. Hal-hazırda cavabdehin hər iki müqavilə üzrə iddiaçıya 418.531,80 manat ödənilməmiş borcu qalmışdır.
3. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, göstərmişdir ki, cavabdehin iddiaçıya 418.531,80 manat ödənilməmiş borcu qalmışdır. Lakin həmin borc 2013-cü il tarixdən iddiaçı tərəfindən cavabdehdən tələb edilmir. Bu səbəbdən hazırkı iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Tərəflər arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehə 300.000 manat məbləğində kredit verməyi, cavabdeh həmin məbləği tam həcmdə qaytarmağı öhdəsinə götürür.
10. Həmin müqaviləyə xx.xx.2012-ci il tarixdə 2 saylı Əlavə Razılaşma imzalanmışdır.
11. Razılaşmanın 1-ci bəndinə əsasən cavabdeh iddiaçıdan əlavə olaraq 100000 manat məbləğində borcu qəbul etdiyini bəyan edir.
12. Tərəflər arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsinə 1 saylı xx.xx.2012ci il tarixli Əlavəyə əsasən cavabdeh iddiaçıya olan kredit borcunu xx.xx.2012-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür.
13. Tərəflər arasında 05 avqust 2010-cu il tarixdə “Texniki və idarəetmə dəstəyi üzrə”xidmət müqaviləsi imzalanmışdır.
14. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə texniki və idarəetmə üzrə dəstək xidmətləri göstərməli, cavabdeh isə bunun qarşılığında razılaşdırılmış xidmət haqqı ödəməlidir.
15. Tərəflər arasında tərtib edilmiş xx.xx.2011-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh tərəfindən iddiaçıya xidmət müqaviləsi üzrə ödənilməli olan borcun məbləği 80299 manat təşkil edir.
16. Tərəflər arasında tərtib edilmiş 2011-ci il tarixli təhvil-təslim aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 13000 manat, 13950 manat, 14200 manat, 13400 manat, 13500 manat təşkil edir.
17. İddiaçı tərəfindən cavabdehə texniki və idarəetmə üzrə dəstək xidmətləri üzrə müqaviləyə əsasən xx.xx.2011-ci il tarixdə 80299 manat məbləğində elektron qaimə təqdim edilmişdir.
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc və xidmət müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilələrdən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
22. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş edir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
24. Tərəflər arasında borc müqaviləsi xx.xx.2010-cu il tarixdə, xidmət müqaviləsi isə 05 avqust 2010-cu il tarixdə bağlanmışdır.
25. Cavabdeh borc müqaviləsi üzrə götürdüyü krediti borc müqaviləsinin əlavəsinə əsasən xx.xx.2012-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür.
26. Xidmət müqaviləsi üzrə cavabdehə iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə qaimə təqdim edilmişdir.
27. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
28. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).
30. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
31. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
32. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
33. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
34. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
35. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
36. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
37. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
38. Beləlikdə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıqaşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 709 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 709 (yeddi yüz doqquz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova