Məhkəmə qərarları › İş №e-2-2(113)-477/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-477/2025

06.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-477/2025 06.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 036131 saylı aktınnın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1734,48 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qeyri-əhali istehlakçısıdır və yaşadığı A.Ağayev küçəsi, 1 ünvanda həyətyanı sahədə kiçik mağaza binası tikmişdir. Sözügedən cəriməli sayğac mağaza tikilməmişdən əvvəl iddiaçının evinə məxsus olmuşdur. Belə ki, həmin həyətyanı ərazidə mağaza tikildiyi üçün həmin elektrik enerjisini evin sayğacından çəkmişdir. Mağazaya sayğac quraşdırmaq zərurəti yarandığına görə Sabirabad EŞ-nin həmin əraziyə baxan işçisi İ. Fərzəliyevə müraciət etmiş və mağazaya sayğac qoyulmuşdur. Lakin Sabirabad EŞ-nin rəisi gələrək sayğaca baxmış, onun saxta, qanunsuz olduğu barədə məlumat verərək, sayğacı götürmüş və bütün mağazanın elektirik xəttini kəsmiş, xx.xx.2021-ci il tarixli, 036131 saylı akt tərtib edərək, iddiaçını cərimələmişdir. Sabirabad EŞ-nin əməkdaşları əvvəlcədən heç bir xəbərdarlıq etməmiş, özbaşına akt tərtib edib iddiaçını cərimə etmişlər. Halbuki, əhalinin qeyri-istehlakçısı olaraq yoxlama qaydalarına heç bir riayət olunmamışdır. Bununla bağlı qeyd olunur ki, istehlakçı olaraq hüquqları kobud şəklində pozulmuşdur. Çünki həmin sayğac Sabirabad EŞ-nin işçisi tərəfindən qurularaq iddiaçıya təhvil verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, xətdən qanunsuz formada istifadə etməyi barədə tərtib edilmiş akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Halbuki, elektrik enerjisinin istifadə qaydalarına uyğun olaraq hər bir elektrik enerji istehlakçısı tərəfindən sərf edilən elektrik enerjisinin hesabatı onun uçot nöqtəsində quraşdırılmış hesabat sayğacı ilə aparılmalıdır. Sayğac ayda bir dəfə, zəruri hallarda isə bir neçə dəfə oxuna bilər. Sayğac quraşdırılan zaman üzərində olan göstərici qeyd edilir, həmin göstərici sayğacın ilk göstəricisi və yaxud bazis göstərici adlanır. Sayğacın üzərindəki göstərici oxunarkən, ilk göstəricilə son göstərici arasındakı fərq abonentin həmin dövr üçün istifadə etdiyi elektrik enerji sərfiyyatı adlanır və bu sərfiyyata müvafiq olaraq abonentə vergi hesab-fakturası tərtib olunur. Tarif Şurasının qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilmişdir. Ona görə də istehlaka nəzarət ilk növbədə şirkətin “Rayon Enerji-satış İdarə”ləri tərəfindən aparılır. Bu birbaşa olaraq sayğac oxuyucusu və mühəndislər tərəfindən həyata keçirilir. Əgər sayğac oxuyucusunun hər hansı bir obyektin X1sinin qeyri-qanuni olduğu şübhəsi olarsa, obyektdə yoxlama aparılması məqsədi ilə tabe olduğu mühəndisə və ya şöbə rəisinə məlumat verilir və obyektin X1si mühəndislər tərəfindən yoxlanılır. Sonuncu olaraq istehlaka nəzarət “Nəzarət İdarəsi”-nin işçiləri tərəfindən hər hansı bir obyektin işinə mane olmamaq şərti ilə reyd vasitəsi ilə aparılır. Əgər obyektin X1sində qeyri-qanunilik aşkar olunarsa, “X1 Qaydalarının” 8.17-ci bəndinə istinad olaraq işlədicilərin yükünü nəzərə alaraq itirilmiş elektrik enerjisinin məbləği hesablanaraq əlavə sərfiyyat tətbiq olunur. Əlavə olaraq bildirilmişdir ki, ümumiyyətlə sayğacdan anlayışları yoxdur və hər ay istifadə etdiyi enerji pulunu vaxtında ödəyir. Aktın tərtib olunmasına nə iddiaçı, nə də ailə üzvləri rəsmi və ya şifahi dəvət olunmamışlar. Aktdan da görünür ki, aktda imzaları yoxdur. Elektrik enerjisinin sərfiyyatına dair abonentin saldosundan göründüyü kimi, sərfiyyatın dəyəri vaxtı-vaxtında ödənilmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, 036131 saylı akt üzrə hesablanmış 1734,48 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********0 saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacdan kənar birbaşa X1 etmişdir. Baxış zamanı xx.xx.2021-ci il tarixli, R036131 nömrəli akt tərtib edilmişdir. İcra vərəqəsinə əsasən: 15A x 0,22 x 16 saat x365 gün = 19272 kVts (0,09) 1734,48 manat. Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi, akt qanuni və əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil, iddiaçının ay üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir. “X1 qaydaları”nın 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakə dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və eyni zamanda bildirdi ki, mübahisələndirilən borcdan müəyyən ödənişlər edilmişdir.

7. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 036131 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus obyektdə (mağazada) sayğac yoxlanılmış, abonentin sayğacdan kənar birbaşa enerjidən istifadə etməsi müəyyən edilmiş və abonentin kənar xətti ləğv edilmişdir. Aktda İddiaçı aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.

8. "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumatdan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixə sayğac göstəricisi üzrə borcu 1734,48 manat təşkil edir.

9. "xxxx" ASC tərəfindən tərtib olunan abonentin borcu haqqında arayışdan görünür ki, İddiaçı adına olan **********0 kodlu elektrik sayğacı üzrə abonentin xx.xx.2022-ci ildən 11 ay müddətinə 1112,76 manat borcu yaranmışdır.

10. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 1734,38 manat borc məbləğin silinməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

12. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

13. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

15. Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi

16. İddia tələbi İddiaçı **********0 nömrəli abonent hesabından "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 036131 saylı akt üzrə hesablanmış 1734,48 manat cərimə borcunun silinməsindən ibarətdir.

17. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

18. Belə ki, işin hallarından göründüyü kimi, keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bununla belə, iddiaçı tələbində 1734,48 manat borcun silinməsini tələb etsə də, məhkəməyə təqdim edilmiş abonent saldosundan həmin məbləğdən ödənişlərin edildiyi məlum olur.

20. Məhkəmə, təqdim edilmiş sənədlərdən iddiaçının cavabdehə 1112,76 manat (min yüz on iki manat yetmiş altı qəpik) məbləğində borcunun olduğunun müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və **********0 abonent kodu üzrə xx.xx.2021-ci il tarixli, 036131 nömrəli akt əsasında hesablanmış məbləğdən 1112,76 manat (min yüz on iki manat yetmiş altı qəpik) borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 036131 nömrəli akt əsasında hesablanmış 1112,76 manat (min yüz on iki manat yetmiş altı qəpik) məbləğində borc İddiaçı **********0 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar