Məhkəmə qərarları › İş №e-2-2(113)-4776/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4776/2021

22.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4776/2021 22.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X1 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 22 yanvar 2019-cu il tarixli, MXD-10574 saylı akt əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 040732 saylı müqavilə üzrə ona məxsus abonent koduna hesablanmış 16344 manat məbləğində borcun silinməsi barədə qatnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı İKF-nın istifadəsindədir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı İKF-yə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman, guya “obyektin su təchizatı və su sayğacına baxış keçirilən zaman məlum oldu ki, sayğacdan kənar D=40 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilir”. Bu barədə 22 yanvar 2019-cu il tarixli, MXD- 10574 saylı inventar aktı tərtib edilmiş və həmin akta əsasən İddiaçı İKF-yə ümumilikdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 16.344 manat məbləğində borc hesablanmışdır. Halbuki heç bir qeyri-qanuni sudan istifadə halı olmamış və istifadə edilmiş suya görə ödənişlər vaxtında ödənilmişdir. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən sayğacdan kənar su xəttinin quraşdırılmasında günahlandırılmış və ona əsassız olaraq borc hesablanmışdır. Belə ki, birincisi, qeyd edilən akt tərtib edilən obyektin nümayəndəsi qanunsuz aktın imzalanmasından imtina etmişdir. Bundan başqa bildirir ki, orada hər hansı bir sayğacdan kənar su xəttinin aşkar edilməsi o demək deyil ki, həmin xətt İddiaçı İKF tərəfindən quraşdırılmışdır. Eyni zamanda qeyd edilən aktın tərtib olunmasından 3 ilə yaxın müddət keçməsinə baxmayaraq həmin aktdan xəbərləri olmayıb. Tərəflərindən obyektə quraşdırılmış su sayğacına və xəttinə hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək bizim iqtidarında deyildi. Belə olan halda hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımaqları absurddur. Su xəttinə hər hansı bir müdaxilə varsa, belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən edilə bilər. Su xətti kənar müdaxilələrdən mühafizə olunmur. Cavabdeh tərəfindən qeyri-qanuni su xəttinin olmasının və həmin xəttin vasitəsilə sudan istifadə edilməsinin sübutu kimi yalnız akt tərtib edilmişdir ki, həmin aktın hansı şəraitdə tərtib olması məlum deyil və buna görə də həmin akt nöqsanın olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizəsinə əlavə edilən mübahisələndirilən 22 yanvar 2019-cu il tarixli, MXD-10574 saylı aktının surətindən müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə Cavabdeh ASC-nin əməkdaşları iştirak edərək akta imza etmişlər. Hesab edir ki, belə halda həmin aktın tərtib edilməsi üçün əsas olan hallar, yəni nöqsanın həqiqətən aşkar edilməsi şübhəlidir. Çünki hal şahidləri marağı olmayan şəxslər sırasından seçilməli və akta imza etməli olduqları halda, həmin nöqsanların aşkar edilməsini aktı tərtib edən orqanın öz əməkdaşları təsdiq etmişlər. Göründüyü kimi müəssisənin qanunsuz hərəkətlərinin nəticəsində cavabdehə maddi zərərin vurulmasını təsdiq edən mötəbər sübutlar olmadığından iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD-10574 saylı 22.01.2019-cu il tarixli inventar aktından görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı İKF-yə məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə quraşdırılan smart kart tipli su sayğacından keçməyən D=40 mm boru vasitəsilə çəkilmiş kənar xətt aşkarlanmışdır. Həmin akt əsasında tərtib edilmiş 040732 saylı 07.02.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından isə görünür ki, qeyri-qanuni istifadə edilən su borusunun diametri 40 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı İKF-yə 16344 manat məbləğində borc hesablanmışdır. -Abunə haqqında məlumatlardan görünür ki, abonent İddiaçı İKF-nin sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 2021-ci ilin sentyabr ayının sonuna borcu 27.332,02 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı İKF-nin iddiası təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 22.01.2019-cu ildə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 16.344 manat İddiaçı İKF-nin istifadəsində olan ünvan 2 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə quraşdırılmış su sayğacından keçməyən D=40 mm plastik boru vasitəsilə çəkilmiş kənar xəttin aşkarlanması barədə MXD-10574 saylı akt tərtib edilmiş və həmin akt əsasında İddiaçı İKF-yə 16.344 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı İKF MXD-10574 saylı akta əsasən hesablanmış 16.344 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı İKF tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş MXD-10574 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 16.344 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş 22.01.2019-cu il tarixli MXD-10574 saylı inventar aktına və qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən iddiaçı “İddiaçı İKF-yə hesablanmış 16.344 manat məbləğində borc silinməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hazırkı halda iddiaçının mediasiya xərclərini ödəməklə dövlət rüsumunu ödəməkdən azad edildiyini, eyni zamanda hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş 22.01.2019-ci il tarixli MXD- 10574 saylı inventar aktına və 07.02.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən İddiaçı İKF -yə hesablanmış 16.344 (on altı min üç yüz qırx dörd) manat məbləğində borc silinsin. İddia verilməsinə görə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar