Məhkəmə qərarları › İş №e-2-2(113)-478/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-478/2020

11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-478/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “İddiaçı”-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 2670 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı “İddiaçı” MMC xx.xx.2019-cu ildə internet bankçılıq xidməti ilə Cavabdeh MMC-nin yağ filtri və servis xidməti üçün 670 manat və xx.xx.2019-cu ildə transformatorlara servis xidməti üçün 2000 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, tərəflərin uzun müddətli qarşılıqlı əlaqələri olduğundan, iddiaçı yağ filtrli və transformatorlara servis xidmətinin göstərilməsi üçün cavabdehə vəsait ödəsə də, cavabdeh ödənilən pulun müqabilində üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq tələbin təmin olunmasını və qiyabi qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “İddiaçı” MMC tərəfindən yağ filtri və servis üçün 670 manat məbləğində pul ödənilmişdir. xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “İddiaçı” MMC tərəfindən transformatorların servis xidməti üçün 2000 manat məbləğində pul ödənilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Göründüyü kimi “İddiaçı” MMC yağ filtrli və transformatorlara servis xidməti üçün Cavabdeh MMC-yə 2670 manat məbləğində pul ödəsə də, cavabdeh ödənilən pulun müqabilində üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 2670 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “İddiaçı” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 238-253-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2670 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “İddiaçı” MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar