Məhkəmə qərarları › İş №e-2-2(113)-4786/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4786/2023

13.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4786/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli, 143 nömrəli “Satınalma müqaviləsi”nə əsasən cavabdehə təhvil verilmiş, 123.837 manat əsas, 22.290,66 manat ƏDV, ümumilikdə 146.127,66 manat dəyərində olan malların dəyəri, 410 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,13 manat, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 1000 manat, cəmi 147.573,79 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi arasında 30 noyabr 2022-ci il tarixli, 143 nömrəli “Satınalma müqaviləsi” bağlanmışdır. Bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi, yəni Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi müqavilənin 2.1-ci bəndində göstərilmiş malların satın alınması üçün icraçının, yəni İddiaçı MMC-nin 154.387,66 məbləğindəki tender təklifini qəbul etmişdir. Bağlanmış müqavilənin müddəti 20 dekabr 2022ci il tarixədək qüvvədə olsa da, əldə olunmuş razılaşmaya uyğun olaraq cavabdehlə iddiaçı arasında 25 dekabr 2022-ci il tarixli, 161 nömrəli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən, müqavilənin icra müddəti 28 fevral 2023-cü il tarixədək uzadılmışdır. Sonradan, yəni 28 fevral 2023-cü il tarixli, 11 nömrəli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən isə müqavilənin icra müddəti 10 aprel 2023-cü il tarixədək uzadılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli daşınma vərəqləri, xx.xx.2023-cü il tarixli, 000144 saylı və 29 mart 2023-cü il tarixli, 000152 saylı malların təhvil-qəbul aktları, o cümlədən 831754 №-li, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən, 27766,58 manat dəyərində, 415011 №-li, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən, 92141,48 manat dəyərində və 022109 №-li, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən isə, 26219,60 manat dəyərində olmaqla, ümumilikdə 146127,66 manat dəyərində mal İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinə 30 noyabr 2022-ci il tarixli, 143 nömrəli satınalma müqaviləsində nəzərdə tutulan ünvana təhvil verilmişdir. Lakin müqavilə şərtlərinə uyğun olaraq mallar nəzərdə tutulan müddətdə cavabdehə təhvil verilsə də, bugünədək Sifarişçi, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən, yəni İddiaçınə heç bir ödəniş edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi (alıcı) arasında 30 noyabr 2022-ci il tarixdə 143 nömrəli satınalma müqaviləsi, müqaviləyə xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli əlavə razılaşmalar imzalanmışdır. Qeyd edilmiş müqavilə üzrə alıcı dəyəri 154.387,66 manat dəyərində olan malları qəbul edib ödəməyi öhdəsinə götürmüşdür.

12. Müqavilənin 8.7-ci bəndinə əsasən malların qəbulu aşağıda göstərilən sənədləri təqdim etməklə sifarişçinin və icraçının nümayəndələrinin iştirakı ilə yerinə yetirilir: a) hesab-faktura (bağlanmış müqavilənin nömrəsi və tarixi göstərilməlidir); b) elektron qaimə; c) malların zavod pasportu və ya keyfiyyət sertifikatının Azərbaycan dilinə tərcümə olunmuş surəti, ç) mənşə şəhadətnaməsi.

13. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər ( hesab-faktualar, qaimələr, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.

14. İşin digər müəyyən olunmuş halı ondan ibarətdir ki, tərəflər 30 noyabr 2022-ci il tarixli, 143 nömrəli satınalma müqaviləsinə imzaladıqları xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən müqavilənin icra müddəti 28 fevral 2023-cü il tarixədək uzadılmış, 28 fevral 2023-cü il tarixli, 11 nömrəli əlavə razılaşmaya əsasən isə müqavilənin icra müddəti 10 aprel 2023-cü il tarixədək uzadılmışdır.

15. Müqavilə və müqaviləyə əlavələr hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

17. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

18. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.

19. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 13 adda məhsul iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBCK 831754 saylı xx.xx.2022-ci il tarixli dəyəri 27.766,58 manat olan elektron qaimə göndərilmişdir.

20. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 15 adda məhsul iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə təhvil verilmişdir. Qeyd edilmiş təhvil-təslim aktında göstərilən məhsullara dair iddiaçı tərəfindən cavabdehə EBDA 415011 saylı xx.xx.2023-cü il tarixli dəyəri 92.141,48 manat olan elektron qaimə göndərilmişdir.

21. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, EBDD 022109 saylı xx.xx.2023-cü il tarixli dəyəri 26.219,60 manat olan elektron qaimədə qeyd edilmiş mallar iddiaçı tərəfindən təhvil verilmişdir.

22. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdə qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə ümumi məbləği 146.127,66 manat təşkil edir.

23. Hazırda da, iddiaçı 146.127,66 (ƏDV daxil) manat məbləğində pulun tutulmasını xahiş edir.

24. Cavabdeh məhkəməyə ünvanladığı mülahizəsində müqavilənin icra müddətinin xx.xx.2022-ci il tarixədək olmasına baxmayaraq İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin şərtləşdirilmiş vaxt ərzində icra edilmədiyini, müqavilənin ümumilikdə 146.127,66 manat hissəsinin icra edildiyini bildirmiş, qətnamə çıxarılarkən müqavilə üzrə İddiaçınə 146.127,66 manat qalıq borcun olduğunun nəzərə alınmasını xahiş etmiş, hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzi olaraq 1000 manat məbləğində pulun tələb edilməsinə etiraz etmişdir.

25. Göründüyü kimi, cavabeh tərəf də, 146.127,66 manat dəyərində malların verildiyini və qeyd edilmiş məbləğdə borcunun qaldığını etiraf etmişdir.

26. Ona görə də, Məhkəmə hesab edir ki, 146.127,66 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənməlidir.

27. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq ümumilikdə, 410 manat məbləğində pul Bakı 02 saylı Mediasiya təşkilatına ödənmişdir.

28. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənməlidir.

29. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzlə 36,13 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

30. Belə olan halda, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,13 manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə ödənməlidir.

31. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 1000 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

32. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Vəkil arasında bağlanmış xx.xx.2023cü il tarixli, 1048 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 980 manat və əlavə 20 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.

33. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənmişdir.

34. Məhkəmə MPM-nin 121.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 800 manat məbləğində pulun tutulması daha ağlabatandır.

35. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə ƏDV daxil 146.127 (bir yüz qırx altı min yüz iyirmi yeddi) manat, 66 (altmış altı) qəpik məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 (otuz altı) manat, 13 (on üç) qəpik məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə verilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 800 (səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar