Məhkəmə qərarları › İş №e-2-2(113)-4788/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4788/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4788/2022 20.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı razılaşmanın ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 8649,46 manat əsas borc, 973,31 manat faiz borcu və 120,40 manat dəbbə pulu olmaqla, cəmi 9743,17 manat borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı razılaşmaya əsasən ikinciyə 26% faizlə 24 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmiş və kreditin aylıq 539 (beş yüz otuz doqquz) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 10 avqust 2021-ci il tarixdə xxxxxxx+BAKU1-43402 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 04 avqust 2022-ci il tarixədək verilmiş kredit üzrə 8649,46 manat əsas borc, 973,31 manat cari faiz borcu və 120,40 manat cari dəbbə pulu olmaqla, cəmi 9743,17 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, kredit müqaviləsi üzrə ödənişləri vaxtında edirdi. Daha sonra əmək haqqı məbləği azaldıldığı üçün ödənişlər edə bilməmişdir. Aylıq ödənişlərin azaldılması ilə bağlı iddiaçıya müraciət etsə də, bu barədə razılığa gələ bilməmişlər. Borc məbləğini qəbul edir və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - "xxxx" MMC ilə Cavabdeh1 arasında 10 avqust 2021-ci il tarixli, xxxxxxx nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə, bu müqavilənin tərkib hissəsi olan müvafiq razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, illik on çoxu 50 (əlli) faiz dərəcəsilə hesablanmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 10100 (on min yüz) manat (AZN) məbləğində kredit verilməsi mümkünlüyünü nəzərdə tutur. Həmin məbləğdə kredit borcalana kredit tələblərinə cavab verilməsi, kreditin məqsədli təyinatına uyğun istifadə olunma imkanları və əməliyyatın sağlamlığı barədə kredit verənin birtərəfli rəyinə əsasən, həmçinin tərəflər arasında tələb edilən zaminlik, ipoteka və girov müqavilələrinin bağlanaraq bütün ipoteka müqavilələrinin (tələb edildiyi halda həm də ipoteka kağızlarının) müvafiq dövlət qeydiyyatına alınması, lazımi ipoteka və girov predmetlərinin, habelə lələb olunduğu halda müvafiq şəxslərin həyat və əmək qabiliyyətlərinin sığorta olunması təmin edildikdən sonra hissə-hissə verilə bilər. Kredit verən aydın surətdə bəyan edir və borcalan isə qəbul edir ki, kredit verən yuxarıda göstərilən kredit məbləğinin hamısını tam məbləğdə vermək öhdəliyini daşımır və göstərilən əsaslara istinad edilməklə kreditin hər hansı hissəsinin verilməsindən imtina edə bilər. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirirlər. Hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği, illik 50-dən (əlli) artıq olmayan faizi, məqsədli təyinatı və kredit verənə qaytarılması ardıcıllığı və müddəti bu müqavilənin tərkib hissəsi olan razılaşma(lar) ilə müəyyən olunur. Verilmiş kreditin qaytarılması müddəti və qaytarılma hissələri razılaşma(lar)da əks olunan ödəniş cədvəli ilə müəyyən olunur. - "xxxx" MMC ilə Cavabdeh1 arasında 10 avqust 2021-ci il tarixli, xxxxxxx nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan 10 avqust 2021-ci il tarixli xxxxxxx nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmanın 2-ci bəndinə əsasən bu razılaşmaya əsasən borcalan illik 26% (iyirmi altı) faizlə 24 (iyirmi dörd) ay müddətinə 10000 (on min) manat məbləğində kredit borcalanın adına açılmış bank hesabına, borcalanın təqdim etdiyi "xxxx" ASC, Nəsimi filialı, AZN - AZ76RBTA******************** bank hesabına, borcalanın "xxxx" MMC tərəfindən buraxılan "İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartına yüklənmək üçtin saylı tranzit hesabına və ya notariusun depozit hesabına köçürülməklə verilir. Borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya kreditin əsas borc və faiz borcunun bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində göstərilən ödəniş tarixində ödəməməklə 30 təqvim günündən çox gecikdirdikdə, bu müqavilə ilə verilmiş kreditdən istifadə üçün nəzərdə tutulan illik faiz dərəcəsi kredit verən tərəfindən 5 (beş) faiz artırıla bilər və bu müqaviləni imzalamaqla borcalan bu şərtlə razılaşır və krediti yeni faiz dərəcəsi ilə qaytaracağına dair öhdəlik qəbul edir. Bu halda kreditin ödənilməmiş qalıq əsas borca faiz hesablanacaq və faiz borcunun artmış hissəsi ödəniş cədvəlində göstərilən ödəniş tarixlərində qaytarılacaqdır. Bu razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi illik 27,1% faiz təşkil edir. Həmin razılaşmanın 6-cı bəndinə əsasən borcalan kreditin əsas və ya faiz borcunu bu Müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1%-i miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. - "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 10 avqust 2021-ci iltarixdə xxxxxxx+BAKU1-43402 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, xxxxxxx nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 10 avqust 2021-ci il tarixli, xxxxxxx nömrəli kredit müqaviləsinin tərkib hissəsi olan 10 avqust 2021-ci il tarixli xxxxxxx nömrəli razılaşma üzrə banka əsas borcu 8649,46 manat, faiz borcu 973,31 manat və cərimə borcu 120,40 manat olmaqla, ümumilikdə 9743,17 manat təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 AZ76RBTA******************** nömrəli hesabına 10000 (on min) manat məbləğində vəsait köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, AZ0010702 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı 3 saylı Mediasiya Təşkilatının AZ94İBAZ********************50 nömrəli hesabına 100 (yüz) manat məbləğində vəsait köçürülmüşdür. - "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 12 aprel 2022-ci il tarixli, 1124/HO-OUT nömrəli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, kredit müqaviləsi üzrə borcun banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən müqavilənin ləğvi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normalarını pozmuşlar. İddia tələbinin bir hissəsini Cavabdeh1 ilə bağlanmış 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı razılaşmanın ləğv edilməsi təşkil edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bundan başqa sözügedən müqavilənin 3.1.4-cü bəndinə əsasən kredit verən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə verdiyi krediti, kreditin müddəti ərzində və bu müddət bildikdən sonra gecikdirilən günlər də daxil olmaqla, əsas borc tam ödənilənədək hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilədə göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini borcludan tələb edə bilər. Bu hallardan biri 3.1.4.1-ci bəndinə əsasən borcalan davam edən 10 (on) təqvim günü ərzində cari əsas borcu və ya cari faiz borcunu tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəlində göstərilən tarixdə ödəməməklə gecikdirməsidir. Müəyyən olunmuşdur ki, borcalan borcunu ödəniş cədvəlində göstərilən tarixlərdə ödəməməklə gecikdirmiş və müqavilə şərtlərini pozmuşdur. Ona görə də hazırkı tələb Cavabdeh1 ilə bağlanmış 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı razılaşmanın ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 avqust 2021-ci il tarixli xxxxxxx saylı razılaşma ləğv edilməlidir. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 8649,46 manat əsas borc və 973,31 manat faiz borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən, yəni cavabdehlərdən müştərək qaydada əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8649,46 manat (səkkiz min altı yüz qırx doqquz manat qırx altı qəpik) əsas borc və 973,31 manat (doqquz yüz yetmiş üç manat otuz bir qəpik) məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 120,40 manat cərimə borcunun tutulması təşkil edir. TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, xxxxxxx nömrəli kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda, gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1%-i miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, müqavilə şərtləri nəzərə alınaraq iddiaçı cavabdehlərdən müştərək qaydada dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan təmin edilməli və cavabdehlərdən müştərək qaydada 120,40 manat (yüz iyirmi manat qırx qəpik) məbləğində cərimə borcu tutulmalıdır. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, hər iki cavabdehə münasibətdə 08 iyul 2022-ci il tarixdə mediasiya sessiyası keçirilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, AZ0010721 nömrəli ödəniş tapşırığı üzrə 100 manat mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən mediasiya təşkilatına 100 manat məbləğində pul vəsaitinin ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada mediasiya xərci olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, xxxxxxx nömrəli kredit müqaviləsi və onun tərkib hissəsi olan 10 avqust 2021-ci il tarixli, xxxxxxx nömrəli razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8649,46 manat (səkkiz min altı yüz qırx doqquz manat qırx altı qəpik) əsas borc, 973,31 manat (doqquz yüz yetmiş üç manat otuz bir qəpik) faiz borcu, 120,40 manat (yüz iyirmi manat qırx qəpik) cərimə və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 9843,17 manat (doqquz min səkkiz yüz qırx üç manat on yeddi qəpik) məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar