Məhkəmə qərarları › İş №e-2-2(113)-48/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-48/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-48/2021 12.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 qızının, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X6 İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit borcun tutulması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“xxxx” ASC) cavabdeh “X6 İnvestisiya Korporasiya” Açıq Səhmdar Cəmiyyətinə (“X6 İnvestisiya Korporasiya” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“xxxx” MMC) hüquqi varisi “X6 İnvesitisiya Korporasiyası” ASC-dən “xxxx” ASC-nin xeyrinə xx.xx.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4552267,21 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Müştəri Xidməti Departamenti ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsinə əsasən bank “xxxx” MMC-yə 49500000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə kreditlər üzrə faizlər illik 16 faizlə hesablanmışdır. Eyni zamanda müqavilənin 6.1-ci bəndinə əsasən borc vaxtı-vaxtında ödənilmədikdə vaxtı keçmiş borc əmələ gəlir və borc hesabatında əks etdirilir. Eyni zamanda kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borcalan banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 16 faizlə hesablanan cərimə faizlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən kreditin tam həcmdə qaytarılma tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesablarına daxil olduğu tarix hesab edilir. “X6 İnvesitisiya Korporasiyası” ASC tərəfindən Banka ünvanlanan xx.xx.2011-ci il tarixli müraciətdə bildirilmişdir ki, “xxxx” MMC “X6 İnvesitisiya Korporasiyası” ASC-yə qoşulma nəticəsində yenidən təşkil edilmiş və “X6 İnvesitisiya Korporasiyası” ASC “xxxx” MMC-nin yeganə hüquqi varisidir. Qeyd edilmişdir ki, əvvəllər imzalanmış və hazırda qüvvədə olan bütün kredit sazişləri və müqavilələri üzrə borcalan qismində “X6 İnvesitisiya Korporasiyası” ASC çıxış edəcəkdir. “xxxx” MMC kredit xəttindən istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq hesablanmış faiz borcunu müqavilə ilə müəyyən edilən qaydada ödəməmişdir. xx.xx.2019-cu il tarixə cavabdeh “xxxx” MMC-nin hüquqi varisi “X6 İnvesitisiya Korporasiyası” ASC-nin banka kredit müqaviləsi üzrə 4552267,21 ABŞ dolları məbləğində faiz borcu vardır. Cavabdeh “xxxx” MMC-nin hüquqi varisi “X6 İnvesitisiya Korporasiyası” ASC kreditin qaytarılması haqqında dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq, bu günə kimi kredit borcu və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - “xxxx” ASC (bank) ilə “xxxx” MMC (borc alan) arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsinə əsasən bank borc alana 49500000 ABŞ dolları məbləğində kredit xətti açmağı, borc alan isə hesabında vəsaitin olmaması nəticəsində ssuda borcunu istifadə tarixindən 12 ay ərzində rüblük bərabər hissələr ilə qaytarmağı qeyd-şərtsiz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - xx.xx.2019-cu il tarixli, MXK 401 saylı maliyyə arayışından görünür ki, xx.xx.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdə bank tərəfindən “xxxx” MMC-yə verilmiş 16950000 manat kredit məbləği üzrə “xxxx” ASC-yə xx.xx.2019-cu il tarixə qalıq borc 4552267,21 ABŞ dolları təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1539 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən “xxxx” MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxx 2007-ci il tarixli, 148/1 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla “xxxx” MMC-nin xx.xx.2010-cu il tarixə (kredit məbləğindən istifadə tarixindən 12 ay müddətinə) banka olan faiz borcu ******* ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən “xxxx” MMC ilə “xxxx” ASC arasında bağlanmış xx xxx 2007-ci il tarixli, 148/1 saylı kredit sazişi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən xx.xx.2010-cu il tarixdən (kredit məbləğindən istifadə tarixindən 12 ay müddətinə) sonra 18021479,76 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, bank tərəfindən həmin məbləğin 16950000,00 ABŞ dolları əsas borca, 1071479,76 ABŞ dolları isə faiz borcuna silinmişdir. - “X6 İnvestisiya Korporasiya” ASC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, “xxxx” MMC-nin “X6 İnvesitisiya Korporasiyası” ASC-yə qoşulma nəticəsində yenidən təşkil edilmiş və “X6 İnvesitisiya Korporasiyası” ASC “xxxx” MMC-nin yeganə hüquqi varisidir. xx.xx.2011-ci il tarixindən etibarən əvvəllər imzalanmış və hazırda qüvvədə olan bütün kredit sazişləri və müqavilələri üzrə borcalan qismində “X6 İnvesitisiya Korporasiyası” ASC çıxış edəcəkdir. - “X6 İnvestisiya Korporasiya” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolundan görünür ki, “xxxx” MMC-nin hüquq və vəzifələrinin “X6 İnvestisiya Korporasiya” ASC-yə keçirilməsi qərara alınmışdır. - “xxxx” ASC tərəfindən “X6 İnvestisiya Korporasiya” ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 14/A815 nömrəli bildirişdən görünür ki, sonuncuya kredit müqaviləsi üzrə borcun 5 gün müddətində banka ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Cavabdeh “X6 İnvestisiya Korporasiya” ASC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə tarixindən 12 il keçdikdən sonra məhkəməyə müraciət edildiyini bildirərək, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” MMC ilə “xxxx” ASC arasında xx.xx.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsi bağlanaraq 49.500.000,00 (qırx doqquz milyon beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə üzrə xx.xx.2009-cu il tarixdə “xxxx” MMC-yə 16950000 manat kredit məbləği verilmişdir. “xxxx” ASC göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri pozmuş, nəticədə cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya faiz borcu yaranmışdır. “xxxx” MMC “X6 İnvesitisiya Korporasiyası” ASC-yə qoşulma nəticəsində yenidən təşkil edilmiş və “X6 İnvesitisiya Korporasiyası” ASC “xxxx” MMC-nin yeganə hüquqi varisidir. xx.xx.2011-ci il tarixindən etibarən hüquqi varis olan “X6 İnvesitisiya Korporasiyası” ASC “xxxx” MMC tərəfindən əvvəllər imzalanmış və qüvvədə olan bütün kredit sazişləri və müqavilələri üzrə borcalan qismində çıxış edərək, öhdəlikləri öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqaviləyə və təqdim olunmuş sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən, iddiaçı faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı ödənilməmiş qalan 4552267,21 ABŞ dolları məbləğində faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1539 saylı ekspert rəyinə əsasən cavabdehin xx.xx.2010-cu il tarixə banka olan faiz borcu ******* ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə əsasən iddia tələbi qismən, ******* ABŞ dolları məbləğində borcun tutulması hissəsində (ekspert rəyinə müvafiq) təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi, cavabdeh “X6 İnvestisiya Korporasiya” ASC-nin nümayəndəsi hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Tərəflər arasında bağlanmış kredit müqvaviləsinin: 2.1-ci bəndinə əsasən Borcalanın bu Kredit Sazişində nəzərdə tutulmuş bütün tələblərə əməl etməsi şərti ilə Bank ona 49.500.000,00 (qırx doqquz milyon beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açır. 3.2-ci bəndinə Borcalan kredit xətti çərçivəsində ayrılan vəsaiti Banka təqdim olunmuş akkreditivlərin açılması üçün ərizə əsasında həyata keçirir. 4.1-ci bəndinə əsasən Borcalan hesabında vəsait olmaması nəticəsində Akreditivlər üzrə yaranan ssuda borcunu istifadə tarixindən 12 (on iki) ay ərzində rüblük bərabər hissələr ilə əsasında qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunur. 15.1-ci bəndinə əsasən Saziş hər iki tərəf onu imzaladıqdan sonra qüvvəyə minir və Borcalanın Bank qarşısında öhdəlikləri tamamilə yerinə yetirilənədək qüvvədə qalır. Beləliklə, qanunvericilik normalarını və müqavilə şərtlərini, müqavilə ilə kreditin tam həcmdə qaytarılması tarixinin kredit üzrə əsas borc və hesablanmış faizlərin Borc verənin hesabına daxil olduğu tarix hesab olunması şərtinin olmasını nəzərə alınaraq məhkəmə belə qənaətə gəlir ki, iddia müddəti ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X6 İnvestisiya Korporasiya” Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon yeddi yüz on iki min) ABŞ dolları məbləğində faiz borcu (ekspert rəyinə müvafiq olaraq) tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 12 manat hissəsi iddiaçıya aid edilməlidir. Bundan başqa, cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 200 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X6 İnvestisiya Korporasiya” Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2007-ci il tarixli, 148/1 saylı kredit müqaviləsi üzrə ******* (iki milyon yeddi yüz on iki min) ABŞ dolları məbləğində faiz borcu manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 18 (on səkkiz) manat məbləğində pul “xxxx” Açıq Səhmdar Cəmiyyətinə xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 12 (on iki) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul “X6 İnvestisiya Korporasiya” Açıq Səhmdar Cəmiyyətindən tutulub Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar