Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-48/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “kredit borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas borc, faiz borcu, cərimə borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı "kredit borcunun ödənilməsi” M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC-dən 11 fevral 2022-ci il tarixli, 02BK110222 saylı kredit müqaviləsi üzrə 17 avqust 2023-ci il tarixə300 000 (üç yüz min) manat əsas borc, 26 498.90 (iyirmi altı min dörd yüz doxsan səkkiz manat 90 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 326 498.90 (üç yüz iyirmi altı min dörd yüz doxsan səkkiz manat 90 qəpik) manat kredit borcu kredit borcunun, eyni zamanda ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 400 (dörd yüz) manat və məhkəməyə ödənilmiş 216.50 (iki yüz on altı manat, 50 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 204000 (iki yüz dörd min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Ban nömrəsi SALGA2VF3EA146097 olan, “LAND ROVERRANG ROVER” markalı avtomobilə, Ban nömrəsi WÖ1ZZZ92ZGLA01224 olan “PORSCHE CAYENNE” markalı avtomobilə və Ban nömrəsi WDD2221321A314391 olan, “MERCEDENS BENZ S350D” markalı avtomobilinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC-nin direktoru X4 arasında bağlanmış 11 fevral 2022-ci il tarixli, 02BK110222 saylı kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə (bundan sonra Borcalan) Bank tərəfindən 36 ay müddətinə illik 15% dərəcəsi ilə 300 000 (üç yüz min) manat məbləğində kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ Cavabdeh MMC-yə məxsus Ban nömrəsi SALGA2VF3EA146097 olan, “LAND ROVER-RANG ROVER” markalı avtomobil 09 fevral 2022-ci il tarixli, 090222 saylı ipoteka müqaviləsinə, Ban nömrəsi WÖ1ZZZ92ZGLA01224 olan “PORSCHE CAYENNE” markalı avtomobil 18 aprel 2022-ci il tarixli ipoteka müqaviləsinə və Ban nömrəsi WDD2221321A314391 olan, “MERCEDENS BENZ S350D” markalı avtomobil 15 fevral 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin DYP İdarəsi tərəfindən girovların yüklülüyü qeydiyyata alınmışdır. 11 fevral 2022-ci il tarixli 02BK110222 saylı Kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödəyir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərcləri Borcalan tərəfindən ödənilir.Bu Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bank öhdəliyin icrasını vaxtından əvvəl tələb edə bilər.Həmin müqavilənin 5.4-cü bəndinə əsasən Borclu kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərləri tamamilə ödəməyi öhdəsinə götürür.Kredit müqaviləsinə əsasən Borcalan Bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın dogər təsdiqlənmiş xərcləri həddində qarşılamağı öhdəsinə götürür.Kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən müəyyənləşdirilmişdir ki, bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacaqdır. Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 245 gecikmə günü qeydə alınmışdır. Borcun qaytarılması ilə bağlıCavabdeh MMCilə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, bizə məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktubları müvafiq poçt bölməsi tərəfindən göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlanmış, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilməsi üçün ərizə ilə mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında borcun ödənilməsinə dair razılıq əldə olunmamış və bu barədə MŞB/2-3210/2023 saylı arayış verilmişdir. İpoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edilir. İpoteka müqaviləsinin 8.2-ci bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranır. xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyanlara və borcalana - VİP Garage Service” MMC “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsi təklif edilmişdir. Cavabdeh MMC-nin 11 fevral 2022-ci il tarixli, 02BK110222 saylı kredit müqaviləsi üzrə 17 avqust 2023-ci il tarixə300 000 (üç yüz min) manat əsas borc, 26 498.90 (iyirmi altı min dörd yüz doxsan səkkiz manat 90 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 326 498.90 (üç yüz iyirmi altı min dörd yüz doxsan səkkiz manat 90 qəpik) manat kredit borcu öhdəliyi vardır.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-232/2024 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş və iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı "kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldiləsi və.s” tələbinə dair iş üzrə iddiaçı "xxxx" ASC tələb hüquqlarını güzəşt etdiyi "xxxx" ASC ilə əvəz edilməsi qərara alınmışdır.
4. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizənin azaldılması barədə ərizə verərək Cavabdehndən 11 fevral 2022-ci il tarixli, 02BK110222 saylı kredit müqaviləsi üzrə 17 avqust 2023-ci il tarixə 300 000 manat əsas borc, 26 498.90 manat faiz borcu olmaqla, ümumilikdə 326498,90 manat kredit borcunun, eyni zamanda ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 400 manat və məhkəməyə ödənilmiş 216.50 manat dövlət rüsumlarının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, tərəflər aralarında xx.xx.2022 ci il tarixli 02BK110222 saylı kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalana 15 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit 300,000.00 manat kredit xəttinin verilməsi nəzərdə tutulmuşdur. Bank tərəfindən kredit müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Kredit müqaviləsinin 4.8-ci bəndinə əsasən gecikdirilmiş faiz borcuna gecikdirilmiş vaxt üçün illik 10 faiz cərimə nəzərdə tutulmuşdur. Bu səbəbdəndə bankın iddia tələbində faiz borcu adı altında faizə hesablanmış faiz borcu (cərimə) tələb etdiyi müəyyən edilir. Belə ki, AR MM-in 445.7. maddəsinə əsasən Faizdən faiz ödənilməsi yolverilməzdir. Bir tərəfdən kredit müqaviləsinin 5.1- ci bəndinə əsasən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əməl olunmasını borcalandan tələb etmək Bankın hüququdur, digər tərədən isə kredit müqaviləsini 5.4 bəndinə əsasən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək borcalanın vəzifəsidir. Müqavilədən görüldüyü kimi borcun ödənilməsi üçün ödəniş qrafiki nəzərdə tutulmuşdur. Belə ki, borcalan müqavilə bağlayarkən ödəniş qrafikini tələb etmiş (aylıq hesablanan fazilərin ildə bir dəfə və ya qarşılıqlı razılaşdırılmış vaxtda ödənilməsi üçün), lakin ona müqavilənin bu bəndləri əsas gətirilərək ödəniş qrafikinin tərtibinin müəyyənləşdirildikən sonra imzaya təqdim ediləcəyi bildirilmişdir. Nəticə olaraq isə heç bir ödəniş cədvəli tərtib edilməyərək müqavilə şərtləri əsaslı şəkildə pozulmuşdur. Bu səbəbdəndə əsas borc kredit müddətinin sonunda və ona hesablanmış faizlər yalnız qanunla müəyyən edilən müddətdə tələb edilə bilər. AR MM-in 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Həmin məcəllənin 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edək ki, borclu kredit xətti üzrə kifayət qədər faiz borcu ödəniş etmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinin şərtlərindən də görüldüyü kimi kredit xətti borcalana bərpa edilən kredit xətti formasında verilmir. Kredit xətti borcalana tam və ya hissə hissə verilir. Bank kredit xətti müqaviləsinin şərtlərini pozaraq borcalana 10609.31 manat əlavə kredit vermiş və iddia tarixinədək həmin borca əlavə faiz və cərimə/faizə cərimə hesablamışdır. Tərəflər arasında 090222 saylı xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. İpoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka qoyan X7 Rover markalı minik maşınını ona verilmiş 300.000 manat kredit və hesablanmış faizlərin təminatı kimi banka girov qoyur. Lakin İpoteka müqaviləsinin imzalandığı günə tərəflər arasında heç bir kredit müqaviləsi imzalanmamışdır. Yəni, ipoteka müqaviləsində göstərilən əsas öhdəlik faktiki olaraq mövcud olmamışdır. İpoteka haqqında Azərbaycan Respublikası qanununa əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Qanundan görüldüyü kimi ipoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu vaxt bağlanıla bilərdi. Eyni zamanda Bankın AR DİN DYP İdarəsinə göndərdiyi ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2022 tarixli məktubdanda görünürki xx.xx.2022 tarixində bağlanmış müqavilə tərəflər arasında hər hansı bir öhdəlik mövcud olmadan dövlət qeydiyyatına alınmaq üçün müraciət edilmişdir. Digər tərəfdən tərəflər arasından imzalanmış 090222 saylı xx.xx.2022-ci il tarixli, 150222 saylı xx.xx.2022 tarixli və 180422 saylı xx.xx.2022 tarixli ipoteka müqavilələrinin 13.4- cü bəndinə əsasən ipoteka müqaviləsi notarita qaydasında təsdiqləndikdən sonra qüvvəyə minə bilər. Lakin, ipoteka müqavilsəi notarial qaydada təsdiq edilməmişdir. Bu hal özü-özlüyündə ipotaka müqaviləsini etibarsız hesab etməyə əsas verməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının 2.14. bəndinə əsasən Daşınar əmlakın ipotekasının dövlət qeydiyyatı "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq qaydada həyata keçirilir. İpoteka haqqında Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin qanunun 12.3. -cü maddəsinə əsasən Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilir. Tərəflər arasında bağlanılmış hər 3 ipoteka müqaviləsində öhdəliyin əsaslandığı müqavilənin bağlandığı yer, tarix və müqavilə nömrəsinə və digər tələb edilən məqamlara istinad verilməmişdir. İpoteka haqqında Azərbaycan Respublikası qanununun 10.5 İpoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəlil iyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Bankın AR DİN DYP İdarəsinə göndərdiyi ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2022 tarixli məktubdanda görünürki ipoteka predmetləri xx.xx.2022 tarixində bağlanılmış kredit müqaviləsinin deyil, tərəflər arasında bağlanılacaq kredit müqaviləsinin təminatı qismində dövlət qeydiyyatına alınmaq üçün müraciət edilmişdir. Görünür ki, digər iki ipoteka müqaviləsinin də tərəflər arasında razılaşdırılmış lakin həmin anda mövcud olmayan, ehtimal edilən öhdəlik üzrə dövlət qeydiyyatına alınmışdır. Digər tərəfdən iddia ərizəsinə əlavə edilmiş iddiaçının təqdim etdiyi mediasiya sessiyası barədə ərizədən və Mediasiya təşkilatı tərəfindən təqdim edilmiş arayışdan müəyyən etmək mümkündür ki, iddiaçının ilkin mediasiya sessiyasının keçiriləmsi ilə bağlı cavabdehə göndərdiyi təklifin tarixi xx.xx.2023cü ildir. İlkin mediasiyya sessiyasının keçirildiyi tarix isə xx.xx.2023 - cü ildir. Azərbaycan Respublikasının Mediasyi haqqında qanunun 28.3-cü maddəsinə əsasən Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Qanundan da göründüyü kimi İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəflər mediasiya sessiyasına təklifin göndərildiyi tarixdən 10 iş günü sonra müraciət etməli olsalarda iddiaçı təklifi göndərdiyi tarixdə Mediasiya təşkilatına müraciət etmişdir. Mediatorun təqdim etdiyi arayışdan müəyyən edilir ki, ilkin mediasiya sessiyası xx.xx.2023 tarxinidə keçirilmişdir. Hal bu ki, xx.xx.2023 tarixli təklifin göndərilməsindən 10 gün keçdikdən sonra mediator tərəflərə ilkin mediasiyanın keçirilməsi barəsində bildiriş göndərməli idi. Nəzərə alsaq ki Mediasiya haqıqnda qanunun tələbinə əsasən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir, hazırki iş üzrə ilkin mediasiya sessiyası ən tezi xx.xx.2023 cü il tarixində keçirilə bilərdi. AR Mülki Prossesual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallar Ərizənin baxılmamış saxlanmasının əsaslarından biridir. Digət tərəfdən mediasiya sessiyasında mübahisənin predmetini 309 248.90 manat təşkil edirdisə, İddiaçının iddia ərizəsinə əsasən tələb etdiyi məbləğ 326,498.90 manat təşkil etməkdədir. Ortaya çıxan 17250 manat fərqə əsasən müəyyən edilirki mediasiya predmetini iddia predmetindən fərqlidir. Digər tərəfdən İddianın predmeti borc üzrə tutmanın girov qoyulmuş əmlaka yönədlilməsini təşkil etsədə qeyd edilən predmetlə iddiçı tərəfindən mediasiya üçün müraciət edilməmişdir. Qeyd edilən hal özlüyündə iddianın baxılmamış saxlanılması üçün əsasdır. Eyni zamanda qısa müddət ərzində borcun bu qədər artması iddiaçının müqavilə üzrə nəzərdə tutulan faizlərdən də əlavə və şişirdilmiş faiz borcu tələb etdiyini sübut edir.
6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbiin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 11 fevral 2022-ci il tarixli, 02BK110222 saylı kredit müqaviləsi üzrə 17 avqust 2023-cü il tarixə 300.000 manat əsas borc, 31.354,34 manat faiz borcu olmaqla, ümumilikdə 331.354,34 manat kredit borcunun, eyni zamanda ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 400 manat və məhkəməyə ödənilmiş 216,50 dövlət rüsumlarının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə cavabdehə 300.000 manat kredit verilmişdir. Sonradan əlavə olaraq 10.000 manat da cavabdehin hesabına köçürülmüşdür.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, 300.000 manat əvəzinə cavabdehə 310.564,30 manat kredit verilmişdir, yəni 10.564,30 manat artıq verilmişdir və daha sonra cavabdehin etdiyi ödənişləri artıq ödənilmiş 10.000 manata silinmişdir. Eyni zamanda hesab edir ki, həmin məbləğ müqavilədən kənar verildiyi üçün həmin məbləğə faiz də hesablana bilməzdi. Ümumiyyətlə müqavilə 300.000 manatlıq kredit münasibətlərini tənzimlədiyi üçün artıq ödənilmiş 10.000 manat hazırki iddianın predmeti ola bilməz. 288.914 manat əsas borc və 24.947,15 manat faiz borcun olmasını qəbul edirlər, qalan hissədə iddianın rədd edilməsini xahiş edirlər.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02BK110222 saylı kredit müqaviləsinə əsasən:
11. Müqavilənin 1.1-ci bəndiə əsasən bank borcalan əsas vəsaitin alınması üçün 36 müddətinə 300.000 manat məbləğində illik 15% dərəcəsi ilə kredit xəttinin tam və ya hissəhissə verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür.
12. Müqavilənin 4.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödəyir.
13. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərcləri Borcalan tərəfindən ödənilir.
14. Müqavilənin 5.3-cü bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bank öhdəliyin icrasını vaxtından əvvəl tələb edə bilər.
15. Müqavilənin 5.4-cü bəndinə əsasən Borclu kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərləri tamamilə ödəməyi öhdəsinə götürür.Kredit müqaviləsinə əsasən Borcalan Bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın dogər təsdiqlənmiş xərcləri həddində qarşılamağı öhdəsinə götürür.
16. Müqavilənin 8.3-cü bəndinə əsasən müəyyənləşdirilmişdir ki, bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacaqdır.
17. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2024-cü il tarixli, 9/949 saylı rəyinə əsasən Cavabdeh MMC-nin xx.xx.20023-cü il tarixinə əsas borcu 299893,01 manat və faiz borcu 26358,63 manat müəyyən edilmişdir.
18. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/10676 saylı rəyinə əsasən borcalana artıq verilmiş 10609,31 manat məlbəğində pul vəsaitinin 8098,90 manatının kreditə silinməsi (ödənilmədikdə) nəzərə alınmadıqda, Cavabdeh MMC-nin xx.xx.20023-cü il tarixinə əsas borcu 288.914 manat və faiz borcu 24.947,15 manat və borcalana artıq verilmiş 10609,31 manat məlbəğində pul vəsaitinin 8098,90 manatının kreditə silinməsi (ödənildikdə) nəzərə alındıqda xx.xx.2023-cü il tarixə əsas borcu 290941,28 manat və faiz borcu 31354,34 manat müəyyən edilmişdir.
19. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
25. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Bundan başqa məhkəmə əsas və faiz borcunun nə qədər təşkil edilməsini hər tərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx.xx.2025-ci il tarixli, 9/10676 saylı rəyinə əsasən borcalana artıq verilmiş 10609,31 manat məlbəğində pul vəsaitinin 8098,90 manatının kreditə silinməsi (ödənilmədikdə) nəzərə alınmadıqda, Cavabdeh MMC-nin xx.xx.20023-cü il tarixinə əsas borcu 288914 manat və faiz borcu 24947,15 manat və borcalana artıq verilmiş 10609,31 manat məlbəğində pul vəsaitinin 8098,90 manatının kreditə silinməsi (ödənildikdə) nəzərə alındıqda xx.xx.2023-cü il tarixə əsas borcu 290941,28 manat və faiz borcu 31354,34 müəyyən edilmişdir.
27. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman məhz kredit müqaviləsi üzrə verilmiş 300.000 manat kredit borcu üzrə qalmış əsas və həmin məbləğə hesablanmış faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsində də illik 15% olmaqla 300.000 manat məbləğinə kreditin verilməsi razılaşdırılmışdır. Lakin, iş üzrə birinci dəfə ekspertiza təyin edilən zaman ekspert rəyində həmin kredit üzrə istifadə olunan məbləğ kimi 310.564,3 manat göstərilmişdir. Cavabdeh tərəf isə buna etiraz edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə cəmi kredit limiti 300.000 manat müəyyən edilmişdir. Düzdür, Bank tərəfindən cavabdehə 10564,30 manat da pul ayrılmışdır, lakin həmin məbləğə dair faizin hesablanması şərti hər-hansı müqavilə bəndi ilə tənzimlənmir, ümumiyyətlə həmin əlavə məbləğin verilməsinə dair tərəflər arasında hər-hansı müqavilə və ya bağlanmış müqaviləyə Əlavə razılaşması imzalanmamışdır. Ona görə də həmin məbləğin də Kredit müqaviləsinin tərkib hissəsi kimi tələb etməsi və əlavə olaraq faizlərin hesablanması əsassızdır.
28. Məhkəmə cavabdeh tərəfin arqumentləri ilə razılaşaraq qeyd edir ki, həm iddia ərizəsindən, həm iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xx.xx.2022ci il tarixli, 02BK110222 saylı kredit müqaviləsi üzrə cavabdehə 300.000 manat kredit ayrılmışdır, müqavilədən kənar verilən məbləğin köçürülməsinin nəyə görə həyata keçirilməsi və ya məhz həmin müqaviləyə əsasən köçürülməsi və əlavə olaraq həmin məbləğə də faizlərin hesablanması iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, ikinci ekspertizanın təyin edildiyi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmənin sualına cavab verərək bildirmişdir ki, “İddia ərizəsini yalnız müqavilə üzrə nəzərdə tutulmuş 300.000 manat borca və həmin məbləğə hesablanmış faiz borcuna dair qaldırıblar. Cavabdehin ödənişləri yalnız faizə çıxılıb, əsas borcdan çıxılmayıb. 10.000 manatla bağlı əllərində heç bir sənəd olmadığı üçün fikir bildirə bilmir”. İddia tələbinin dəqiqləşdirilməsi barədə heç bir ərizələrdə isə iddia tələbinin əlavə olaraq müqavilədən kənar verilmiş pulun da tələb edilməsi müəyyən edilmir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
30. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq əsas və faiz borclarının məbləğləri müəyyən edilərkən ekspert rəyinə əsasən borcalana artıq verilmiş 10609,31 manat məlbəğində pul vəsaitinin 8098,90 manatının kreditə silinməsi (ödənilmədikdə) nəzərə alınmadan, Cavabdeh MMC-nin əsas borcu 288.914 manat və faiz borcu isə 24947,15 manat məbləğində müəyyən edilməklə iddiaçının xeyrinə tutulmalıdır.
32. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 288914 manat əsas borc, 24947,15 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə xərclərinə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci və 216,50 manat dövlət rüsumu ödənilmişdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iş üzrə ödənilmiş 604 manat mediasiya xərci/dövlət rüsumu və məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 300 manat cavabdehə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 11 fevral 2022-ci il tarixli, 02BK110222 saylı kredit müqaviləsi üzrə 17 avqust 2023-ci il tarixə 288914 manat əsas borc, 24947,15 manat faiz borcu və mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 604 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaiti Cavabdеh Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova