Məhkəmə qərarları › İş №e-2-2(113)-480/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-480/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-480/2025 06.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun tutulması və avadanlığın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, avadanlığın qaytarılması) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması və avadanlığın geri qaytarılması barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 35 300 AZN əsas borc, 6 354 AZN ƏDV olmaqla, ümumilikdə 41 654 AZN məbləğinin və 215 AZN məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, Cavabdeh MMC-nin üzərinə onun icarəsinə verilmiş “SKYJACK SJ9250RT 50000765” adlı Avadanlığın İddiaçı QSC-yə geri qaytarması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC (bundan sonra “İcarəyə verən”) ilə "xxxx" MMC (bundan sonra, “İcarəçi”) arasında AZ-017-2023 nömrəli, 01 may 2023-cü il tarixli İcarə Müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin Müqavilənin 1-ci maddəsinə əsasən, İcarəyə verənin Razılaşma Protokolunda təsvir olunan Nəqliyyat Vasitələrini. Texnikaları və/ və ya Avadanlıqları üzərində mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və İcarəyə verən həmin Avadanlıqları İcarəçiyə icarəyə verir, İcarəçi də bunun müqabilində İcarəyə verənə icarə haqqı ödəyir. Müqavilənin 1 saylı Əlavəsi olan 01 saylı Razılaşma Protokoluna əsasən, İcarəyə verən tərəfindən İcarəçiyə “SKYJACK SJ9250RT 50000765” adlı Avadanlığın (bundan sonra, “Avadanlıq”) təhvil verilməsi tərəflər arasında razılaşdırılmışdır. Müqavilənin 2.1-ci maddəsinə əsasən, İcarə müddəti Avadanlıqların İcarəçinin sərəncamına verildiyi gündən başlayır. Müqavilənin 2.2-ci maddəsinə əsasən, Avadanlıqların İcarəçinin sərəncamına verilməsi hər iki Tərəfin imzası ilə qarşılıqlı razılaşdırılmış formada Təhvil-Təslim Aktının rəsmiləşdirilməsi ilə həyata keçirilir. Müqavilənin 2.3-cümaddəsinə əsasən, İcarə müddəti bitdikdən sonra və ya hər hansı səbəbdən İcarəyə verənin göstərişi ilə Avadanlıqlar geri göndərildikdə İcarəçi yol vərəqəsində müvafiq qeyd edir. Müqavilənin 3.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş məqsədlər üçün Avadanlıqların istifadəsi müqabilində İcarəçi İcarəyə verənə Razılaşma Protokolunda göstərilən məbləğdə icarə haqqı ödəməlidir. İcarə haqqı yalnız tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər. Müqavilənin 3.3-cü maddəsinə əsasən, Müqavilə üzrə icarə haqqı aylıq icarəyə götürüldüyü halda ay tamamında, günlük icarəyə götürüldüyühalda isə avadanlıq geri qaytarılan gündən sonra İcarəyə verən tərəMindən təqdim ediləcək elektron qaimə fakturanın təsdiqlənməsi tarixindən 30 gün ərzində ödəniş həyata keçirəcəkdir. Müqavilənin 5.2-ci maddəsinə əsasən, İcarəçi bu Müqavilənin şərtlərinə uyğun olaraq bu Müqaviləyə xitam verilməsi və ya Müqavilənin müddətinin yekun bitməsindən sonra Avadanlıqları təhvil aldığı keyfiyyətdə və miqdarda İcarəyə verənə qaytarır. Avadanlıqların İcarəyə verənə geri qaytarılması hər iki tərəfin imzası ilə və qarşılıqlı razılaşdırılmışformada təhvil-təslim aktının rəsmiləşdirilməsi ilə həyata keçirilir. Müqavilənin 5.3-cü maddəsinə əsasən, Avadanlıqlar istismar olduğu müddətdə onlara İcarəçi tərəfindən ziyan vurularsa, o bu barədə həmin gün İcarəyə verənə yazılı olaraq bildirməlidir və vurulan zərərə görə məsuliyyət daşıyacaqdır. Müqavilənin 5.8-ci maddəsinə əsasən, Müqavilənin icrası müddətində İcarəçi Avadanlığa zərər vurduqda və ya məhv etdikdə İcarəyə verənə həmin gün yazılı bildiriş göndərməlidir və zərəri öz hesabına bildirişdə qeyd edəcəyi ağlabatan müddət ərzində aradan qaldıracaqdır. Avadanlıq məhv olduqda və ya təyinatı üzrə istifadə oluna bilməyəcək qədər zərərə uğradıqda, İcarəçi Avadanlıq təhvil verilən zaman bazar dəyərindəki dəyəri həcmində İcarəyə verənə bu barədə bildiriş göndərdiyi tarixdən 15 iş günü ərzində ödəniş edəcəkdir. İcarəçi bu ödənişi gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün Avadanlığın bazarı dəyərinin 0.1 faizi həcmində məsuliyyət daşıyır. Xüsusilə diqqətinizə çatdırmaq istəyirik ki, 23 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən, İcarəçi hazırkı tarixədək 35 300 AZN əsas borc, 6 354 AZN ƏDV olmaqla, ümumilikdə 41 654 AZN məbləği İcarəyə verənə hələ də ödəmir. Buna görə də İcarəçi tərəfindən ödəniş öhdəlikləri əhəmiyyətli dərəcədə pozulduğu üçün İcarəyə verən Müqavilənin 6.3-cü maddəsinə əsasən Müqaviləyə 30 avqust 2024-cü il tarixindən etibarən bir tərəfli olaraq xitam vermişdir və bu barədə elektron kargüzarlıq qaydasında İcarəçiyə rəsmi bildiriş göndərmişdir. Buna baxmayaraq, İcarəçi hələ də nə borc öhdəliyini yerinə yetirmiş, nə də Texnikanı İcarəyə verənə geri təhvil vermişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən ümumilikdə 37.800 manat əsas borc və 6804 manat ƏDV olmaqla, ümumilikdə 44,604 AZN pul məbləğinin və 223.81 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi və Cavabdeh MMC-nin üzərinə onun icarəsinə verilmiş “SKYJACK SJ9250RT 50000765” adlı Avadanlığın İddiaçı QSC-yə geri qaytarması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış AZ-017-2023 nömrəli, 01 may 2023-cü il tarixli icarə Müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci maddəsinə əsasən İcarəyə verənin Razılaşma Protokolunda təsvir olunan Nəqliyyat Vasitələrini, Texnikaları və / və ya Avadanlıqları (bundan sonra “Avadanlıq”) üzərində mülkiyyət hüququ və səlahiyyəti mövcuddur və İcarəyə verən həmin Avadanlıqları İcarəçiyə icarəyə verir, İcarəçi də bunun müqabilində İcarəyə verənə icarə haqqı ödəyir.

10. Müqavilənin 2.1-ci maddəsinə əsasən, İcarə müddəti Avadanlıqların İcarəçinin sərəncamına verildiyi gündən başlayır.

11. Müqavilənin 2.2-ci maddəsinə əsasən, Avadanlıqların İcarəçinin sərəncamına verilməsi hər iki Tərəfin imzası ilə və qarşılıqlı razılaşdırılmış formada Təhvil-təslim Aktının rəsmiləşdirilməsi ilə həyata keçirilir. Təhvil-təslim Aktında Avadanlıqların təhvil verilməsi zamanı onun texniki vəziyyətinin, həmçinin, digər müvafiq xüsusiyyətlərinin təsviri əks olunmalıdır. Hər iki Tərəfin imzalamasından sonra Təhvil-təslim Aktı bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.

12. Müqavilənin 2.4-cü maddəsinə əsasən, Müqavilə hər iki Tərəfin imzalamasından sonra qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədə olacaqdır. İcarəçi. İcarəyə verənə cari İcarə Müddətinin bitməsindən ən azı 10 (on) gün əvvəl Müqavilənin xitam olunması ilə bağlı yazılı bildiriş təqdim etmədikdə, İcarə Müddəti 12 (on iki) aya qədər olmaqla eyni şərtlər əsasında uzadılır. İcarə Müddəti bitdikdə və İcarəçi xitam olunması ilə bağlı yazılı bildiriş təqdim etdikdə Müqaviləyə xitam verilir.

13. Müqavilənin 3.1-ci maddəsinə əsasən, nəzərdə tutulmuş məqsədlər üçün Avadanlıqların istifadəsi müqabilində icarəçi icarəyə verənə Razılaşma Protokolunda göstərilən məbləğdə icarə haqqı (“icarə Haqqı”) ödəməlidir. İcarə Haqqı yalnız Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər.

14. Müqavilənin 3.3-cü maddəsinə əsasən, Müqavilə üzrə icarə Haqqı aylıq icarəyə götürüldüyü halda ay tamamında, günlük icarəyə götürüldüyü halda isə avadanlıq geri qaytarılan gündən sonra icarəyə verən tərəfindən təqdim ediləcək elektron qaimə fakturanın təsdiqlənməsi tarixindən etibarən 30 gün ərzində ödəniş həyata keçiriləcəkdir.

15. Müqavilənin 3.4-cü maddəsinə əsasən, Tərəflər arasında başqa qayda razılaşdırılmadığı təqdirdə X1 verənin müəyyən edilmiş bank hesabına bank köçürməsi yolu ilə Azərbaycan manatı ilə həyata keçirilir.

16. Müqavilənin 4.1-ci maddəsinə əsasən, icarəyə verən icarəçidən bu Müqavilədə göstərilən qaydada və müddətdə icarə Haqqını icarəçidən tələb edə bilər.

17. Müqavilənin 6.3-cü maddəsinə əsasən bu müqavilənin şərtlərini hər hansı tərəf əhəmiyyətli dərəcədə pozduğu halda və Müqavilənin şərtlərini pozmaqda təqsirli bilinən Tərəfə yazılı bildiriş təqdim edildikdən sonra 5 gün ərzində bu pozuntu aradan qaldırılmadığı təqdirdə digər tərəf bu müqavilənin şərtlərin pozmuş tərəfə yazılı bildiriş təqdim etməklə bu müqaviləyə xitam verə bilər.

18. Tərəflər arasında bağlanılmış 01 saylı Razılaşma Protokoluna əsasən, Tərəflər razılığa gəlmişdirlər ki, SKYJACK SJ9250RT 50000765 Avadanlıq üzrə icarə haqqı 2500 manat, daşınma haqqı isə 300 manat təşkil edəcəkdir.

19. Tərəflər arasında imza və möhürlə təsdiqlənmiş iyul 2023 (30 iyun 2023-30 iyul 2023), avqust 2023 (30 iyul 2023-30 avqust 2023), sentyabr 2023 (30 avqust 2023-30 sentyabr 2023), oktyabr 2023 (30 sentyabr 2023 – 30 oktybar 2023), noyabr 2023 (30 oktyabr 2023 – 30 noyabr 2023), dekabr 2023 (30 noyabr 2023 – 30 dekabr 2023), yanvar 2024 (30 dekabr 2023 – 30 yanvar 2024), fevral 2024 (30 yanvar 2024- 29 fevral 2024), mart 2024 (29 fevral 2024 – 30 mart 2024) təhvil-təslim aktlarından görünür ki, SKYJACK SJ9250RT 50000765 avadanlığın qeyd edilən aylar üzrə aylıq icarə haqqısı ədv daxil 2950 manat göstərilməklə, tərəflər təsdiq ediblər ki, göstərilən müddət və məbləğ qədər İddiaçı QSC-nin texnikası Cavabdeh MMC-nin ərazisində xidmət göstərib və təhvil-təslim aktlarında göstərilən məbləğlər qədər cavabdehin borcu vardır.

20. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDH375563 saylı (3304 manat); xx.xx.2023-cü il tarixli EBDK081128 saylı (2950 manat); xx.xx.2023-cü il tarixli, EBDL669029 saylı (2950 manat; xx.xx.2023-cü il tarixli EBDO404438 saylı (2950 manat); xx.xx.2023-cü il tarixli EBDV394215 saylı (8850 manat); xx.xx.2024-cü il tarixli EBDW997565 saylı (2950 manat); xx.xx.2024-cü il tarixli EBDY676472 saylı (2950 manat) və xx.xx.2024-cü il tarixli EBEA090553 saylı (2950 manat), xx.xx.2024-cü il tarixli EBEB 718882 saylı (2950 manat), xx.xx.2024-cü il tarixli EBED 230117 saylı (2950 manat), xx.xx.2024-cü il tarixli MT2406 11274934 saylı (2950 manat), xx.xx.2024-cü il tarixli MT2407 10633804 saylı (2950 mnat), xx.xx.2024-cü il tarixli MT2408 11390328 saylı (2950 manat) avadanlığın icarəyə verilməsinə dair e-qaimələr tərtib edilərək göndərilmişdir.

21. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə cəmi borcu 44.604 manat (ƏDV daxil) müəyyən edilmişdir.

22. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

27. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

28. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

29. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

30. Həmin Məcəllənin 690.1-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.

31. Həmin Məcəllənin 690.2-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.

32. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

33. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, icarə obyekti cavabdehə təhvil verilmiş, təhvil-təslim aktında və e-qaimələrdə göstərilən məbləğlər həddində cavabdeh borcunun olduğunu qəbul və təsdiq etmiş, lakin, üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 44.604 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.

34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura verməlidir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyini nəzərə alaraq, hesab edir ki, ƏDV daxil 44.604 manat məbləğində yaranmış borc tutularaq iddiaçıya ödənilməlidir.

38. İddia tələbinin digər hissəsini Cavabdeh MMC-nin üzərinə onun icarəsinə verilmiş “SKYJACK SJ9250RT 50000765” adlı Avadanlığın İddiaçı QSC-yə geri qaytarması öhdəliyinin qoyulması tələbi təşkil edir.

39. İş materiallarında olan iddaçı tərəfindən cavabdehə e-kargüzarlıq vasitəsi ilə göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 23 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən, İcarəçi hazırki tarixədək 35300 manat əsas borc, 6354 manat ƏDV olmaqla, ümumilikdə 41654 manat məbləği icarəyə verənə hələ də ödəmir. Buna görə də icarəçi tərəfindən ödəniş öhdəlikləri əhəmiyyətli dərəcədə pozulduğu üçün icarəyə verən müqavilənin 6.3-cü maddəsinə əsasən müqaviləyə 30 avqust 2024-cü il tarixindən etibarən bir tərəfli olaraq xitam verir.

40. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, bir ilə yaxın müddət ərzində icarə haqqı ödənilməmiş. İddiaçı tərəfindən Müqavilə şərtlərinə riayyət edilməklə cavabdehə öhdəliyin icra edilməsi barədə bildiriş/pretenziya göndərilmiş, borcun ödənişi üçün 5 gün vaxt verilmiş. Lakin cavabdeh tərəfindən həmin müddət ərzində borc məbləği ödənilməmiş və nəticədə müqqaviləyə birtərəfli qaydada xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.

41. Beləliklə, AR MM-nin 697.1-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, icarə müqaviləsinə xitam verildiyi üçün, iddia tələbi (avadanlığın geri qaytarılması) hissəsində də təmin edilərək, “SKYJACK SJ9250RT 50000765” adlı avadanlıq Cavabdeh MMC-dən alınaraq İddiaçı QSC-yə qaytarılmalıdır.

42. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 223,81 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün dövlət rüsumunun əvəzi qismində 223,81 manat məbləğində pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə ƏDV daxil 44604 manat icarə haqqı və dövlət rüsumunun əvəzi olaraq 223,81 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. “SKYJACK SJ9250RT 50000765” adlı avadanlıq Cavabdeh MMC-dən alınaraq İddiaçı QSC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar