Məhkəmə qərarları › İş №e-2-2(113)-4802/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4802/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4802/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, icarə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat əsas, öhdəliyin icra edilmədiyinə görə 1000 manat cərimə borcu, və ödənilmiş 50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh arasında xx.xx.2023-ci il tarixində icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh Xəzər rayonu, Almaz İldırım küçəsin 56 ünvanında yerləşən 120 saylı mağazanı icarəyə vermişdir. Müqavilə şərtlərinə görə icarə haqqı kimi hər ay Cavabdeh 500 Azn ödəniş etməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarəçi icarə haqqını gecikdirdiyi hər gün üçün icarə haqqının 50 faizi miqdarında cərimə ödəməlidir. Artıq iyulayı daxil olmaqla 4-cü aydır ki, icarəçi nə icarə haqqını ödəmir nədə icarə obyektini geri təhvil vermir. Müqavilənin 7.2-ci bəndinə əsasən aramızda yaranan mübahisələr onun qeydiyyatda olduğu yer üzrə məhkəmədə həll edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.1, 442.1, 448.2,462.1-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki, İddiaçı “İcarəçi”, Cavabdeh ilə tərəflər arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “İcarəyə verən” ünvan 2 ünvanında yerləşən 120 saylı mağazanı 55.60 kvm sahəsini (daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Reyster nömrəsi **********39-06301-083002), (bundan sonra “İcarə obyekti” adlanacaq) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür. “İcarəçi” icarə obyektini istifadəsinə qəbul edib əvəzində “İcarəyə verən”ə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti 3 (üç) il müəyyən edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “İcarəçi”“İcarəyə veıən”ə, bu müqavilə imzalandığı tarixdən etibarən 500 (beş yüz) AZN məbləğində, bu müqavilə ilə müəyyənləşdirilmiş icarə müddəti ərzində, sabit avlıq icarə haqqı ödəyəcəkdir. Ödəmə mənbəyindən yaranan Vergi İcarəçi tərəfindən ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarə haqqının hər gecikdirildiyi günü üçün icarə haqqının 1 gününə düşən məbləğ miqdarının 50%- i miqdarında əlavə penya hesablanacaqdır. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 2 ünvanında yerləşən 120 saylı mağazanı 55.60 kvm sahəsini təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, icarə haqqını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icaəyə verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını, yəni 2000 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2000 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1000 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 100 manat müəyyən olunmalıdır. Bundan başqa hesab edirəm ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 41 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixində icarə müqaviləsinə əsasən 2000 manat əsas borc, 100 manat cərimə olmaqla, ümumilikdə 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti, habelə ödənilmiş 50 manat dövlət rüsumunun 41 (qırx bir) manatının əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar