Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4808/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh İstehsalat-İstehlak Kommersiya firmasına qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh İstehsalat-İstehlak Kommersiya firmasına qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh İstehsalat-İstehlak Kommersiya firması arasında bağlanılmış Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 30 ünvanında yerləşən 186 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 9192/9239 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 17124 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh İstehsalat-İstehlak Kommersiya firması arasında Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 30 ünvanında yerləşən 186 kv.m qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 9192/9239 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 17124 manat məbləğində icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan RespublikasıQanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2023-cü il tarixli, 3-21-3/2-9903/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh tərəfindən borcun ödənilməsi həyata keçirilməmişdir.
3. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehdən xx.xx.2016-cı il tarixli, 9192/9239 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə mövcud olan 18344 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh İstehsalat-İstehlak Kommersiya firmasına qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2016-cı il tarixli, 9192/9239 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə mövcud olan 17124 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi məhkəməyə göndərildikdən sonra ötən müddət ərzində icarə müqaviləsi qüvvədə olduğuna və xx.xx.2016-cı il tarixli, 9192/9239 nömrəli icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmədiyinə görə borcun məbləği artaraq, xx.xx.2023-cü il tarixə 18344 manat olmuşdur.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4808/2023 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh İstehsalat-İstehlak Kommersiya firmasına qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı üzrə borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması” hissəsində baxılmamış saxlanılsın.
II. Tərəflərin mövqeləri:
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavadeh Cavabdeh İstehsalat-İstehlak Kommersiya firmasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə Cavabdeh İİKF arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 9192/9239 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən ƏMDK-nın sədrinin xx.xx.2025ci il tarixli, 73 nömrəli əmrinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 30 (registr №***-*******8-006) ünvanında yerləşən, ümumi sahəsi 186 kv.m təşkil edən MKTD, Nəsimi rayon MKTB balansında olan qeydi-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə verir.
11. Müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 406,88 manat, aylıq icarə haqqının 100%-i (ƏDV-siz)-406,88 manat, illik icarə haqqının 100%-i (ƏDV-siz)-4882,5 manat ƏMDK-nın Azərbaycan Respublikası X1 iarəsindəki AZ52NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir.
12. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2026-cı il tarixdən xx.xx.2016-cı il tarixədək müəyyən edilir.
13. Cavabdeh İstehsalat-İstehlak Kommersiya firmasının şəxsi hesab vərəqəsindən görünür ki, cəmi ödənilib 56190,06 manat, ödənilməmiş borc məbləği 18344,15 manat təşkil edir.
14. 666 saylı, xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh İİKF ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 30 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün xx.xx.2016-cı il tarixdə bağlanmış 9192 saylı icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ƏMDX-yə icarə haqqı borcu 18344,15 manat təşkil edir. Qeyd olunan borc məbləği xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir.
15. Məhkəmə iddiaçı tərəfin nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarə haqlarının ödənilməsi ilə bağlı öhdəliyi cavabdehlə bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
22. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
23. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
24. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun:
25. 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.
26. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.
27. 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən, icarəyə verilməsindən və onun barəsində həyata keçirilən digər əməliyyatlardan əldə edilən vəsaitin uçotunun aparılmasını və onun dövlət büdcəsinə daxil olmasını təmin etmək, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını həyata keçirmək həmin Xidmətin vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsi bağlanmış, icarəçi xx.xx.2023-cü ilə qədər olan öhdəliklərini icra etməmiş, həmin dövrə qədər ödənilməli olan icarə haqlarını ödəməmiş, bu hal cavabdehin şəxsi hesab vərəqəsində də öz təsdiqini tapmışdır.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə 18344 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 18344 manat məbləğində əsas borc tutularaq iddiaçının hesabına ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, təmin olunan 18344 manat məbləğinə mütənasib olaraq iş üzrə ödənilməli olan 145 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdеh Cavabdeh İstehsalat-İstehlak Kommersiya firmasından xx.xx.2016-cı il tarixli, 9192/9239 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixinə mövcud olan 18344 (on səkkiz min üç yüz qırx dörd) manat borc məbləği tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ((VÖEN **********, Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) ödənilsin. İddia ərizənin verilməsinə görə ödənilməli olan 145 manat məbləğində dövlət rüsumu Cavabdeh İstehsalat-İstehlak Kommersiya firmasından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova