Məhkəmə qərarları › İş №e-2-2(113)-4812/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4812/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4812/2025 04.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Cavabdeh1un və Cavabdeh2 iştirakı ilə, İddiaçı və digər cavabdehin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 002R********** saylı krеdit razılaşması üzrə 12861.02 manat məbləğində krеdit bоrcu, 1054.25 manat məbləğində faiz bоrcu və 675.86 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14591 (on dörd min beş yüz doxsan bir) manat 13 (on üç) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 133.78 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıхarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002L**********48 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli 002S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC iləxx.xx.2023-cü il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə,aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmimin) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025- ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 7138.98 manat ödəmiş, onun 12861.02 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki,Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 106 gün üçün hesablanmış faiz borcu 1054.25 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 106 gün üçün hеsablanmış cərimə 675.86 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə mürcaiət edərək, bildirir ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklər və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirir ki, iddianı qəbul edir, nə əsas borc məbləğinə, nə faiz borcu məbləğinə heç bir etirazı yoxdur. Həmin borc üzrə tutulmanın onun atasının maaş kartından aparılmasını xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirir ki, Tural ona müraciət edib ki, kredit götürmək üçün ona koməklik etsin. Əvvəl istəməsə də, sonradan razılaşıb. Banka gediblər, bankın əməkdaşları dedi ki, kredit tarixçəsini yoxlamaq üçün razılığı lazımdır və onu hansısa bir sənədi imzalatdırdılar. Həmin sənədi oxumadan imzalayıb. Tural ona deyib ki, krediti verməyiblər. Sonradan bunu dəqiqləşdirmək üçün banka müraciət edib və ona dedilər ki, Turala 20.000 manat kredit məbləği verilib və o, həmin kredit üzrə zamindir. Əsas və faiz borcu məbləğinə etiraz etmir, çünki ümumiyyətlə zamin kimi məsuliyyət daşımağına etiraz edir.

6. Hazırlıq iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, Əsədov Tural onun oğludur. Banka gedib və razılığa gəliblər ki, 26 iyuldan oğlunun kreditini özü ödəyəcək. Borcu ödəməkdən boyun qaçırmır. İddiaya heç bir etirazı yoxdur. İki ay ərzində borcu tam şəkildə bağlamaq niyyətindədir.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

8. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002L**********48 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, Zamin, bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

11. xx.xx.2023-cü il tarixli 002S**********01 saylı Qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Həmin Sazişin 1-ci bəndinə əsasən zamin, kredit alanın aşağıdakı öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla Müqaviləyə qoşulur və buna müvafiq olaraq, Müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcüd olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır.

12. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 23 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində məbləğində kredit götürmüşdür.

13. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə cəmi borc məbləği 14591,13 manat (əsas borc 12861,02 manat, faiz borcu 1054,25 manat, cərimə borcu 675,86 manat), gecikdirilən günlərin sayı 106 gün müəyyən edilmişdir.

14. Məhkəmə, iş materiallarını araşdıraraq və cavabdehlərin izahatlarını dinləyərək onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

21. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

23. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

24. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış uzunmüddətli kredit və təminat/zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya uzunmüddətli kredit və təminat/zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin uzun müddətli kredit və təminat/zaminlik müqaviləsinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 12.861,02 manat əsas borc məbləği, 1054,25 manat faiz borcunun yarandığını (əsas və faiz borcu məbləğlərinə dair heç bir cavabdehin etirazı olmadığını), belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Cavabdeh2 tərəfindən iddia ərizəsinə birdirdiyi etirazın (zaminlik müqaviləsini oxumadan qol çəkdiyinə və kredit məbləği onun yanında verilmədiyi üçün onun zaminlikdən çıxarılmalı olması) arqumentlərini tamamilə əsassız hesab edərək və zaminlik müqaviləsinə əsasən borclu ilə birgə və tam məsuliyyəti üzərinə götürdüyü üçün hesab edir ki, iddianın ona münasibətdə rədd edilməsi üçün hər hansı əsas mövcüd deyil.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış 675,86 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehlərin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, tutulacaq dəbbə pulu azaldılaraq 643 manat məbləğində müəyyən edilməlidir.

32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 133,78 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

33. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 133,78 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 002R********** saylı krеdit razılaşması üzrə 12.861,02 manat əsas borc, 1054,25 manat faiz bоrcu və 643 manat məbləğində dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 133,78 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar