Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-482/2025 31.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı müqavilənin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilənin bağlanılması öhdəliyinin qoyulması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 452,6 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 633,64 (altı yüz otuz üç manat altmış dörd qəpik) manat olmaqla, Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh MMC üzərinə qoyulması və icarə haqqının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh MMC tərəfindən dövlət mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 452,6 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-3/2-9071/2024 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və ya obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur və qeyd edilən torpaq sahəsi Xidmətin təklifi əsasında müəssisə və ya obyektin mülkiyyətçisi tərəfindən ya satın alınmalı, ya da Xidmətlə satınalma hüququ ilə icarə müqaviləsi bağlanılmalıdır. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, ünvan 1 ünvanında yerləşən 452,6 kv.m torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2024-cü il tarixli, AQM/M-516-1658/24 nömrəli rəyinə əsasən torpaq sahəsinin bazar dəyəri 253456 (iki yüz əlli üç min dörd yüz əlli altı) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”-nin 8-ci bəndinə və qiymətləndiricinin rəyinə əsasən mübahisənin predmeti olan torpaq sahəsinin aylıq icarə haqqı 633,64 (altı yüz otuz üç manat altmış dörd qəpik) manat təşkil edir (253456-nin 3%-i = 7603,68/12=633,64).
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 55, 66.1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-9071/2024 nömrəli bildiriş göndərilmişdir. Bildirişin məzmunundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 1 ünvanında yerləşən 452,6 kv.m torpaq sahəsinin özəlləşdirilməsi, özəlləşdirmədən imtina olunduqda icarəyə götürülməsi tələb olunmuşdur. Bildirişin təqdim edildiyi tarixdən 15 gün müddətində torpaq qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq alqı-satqı və ya icarə müqaviləsinin bağlanılması üçün zəruri sənədlərin Xidmətə təqdim edilməsinin zəruriliyi qeyd edilmiş, əks təqdirdə bilərəkdən dövlət mülkiyyətində olan torpaq sahəsindən əsassız istifadə etməklə dövlət büdcəsinə zəruri daxilolmalardan yayınma kimi qəbul edilərək məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
8. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında (qeydiyyat nömrəsi 7609) olan daşınmaz dövlət əmlakı haqqında Reqistrdən çıxarış məhkəməyə təqdim edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ Cavabdeh MMC-yə məxsusdur. Qeydiyyat tarixi xx.xx.2015-ci ildir və daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 6381 nömrəli vərəqində qeyd edilmişdir. Eyni zamanda əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir.
10. İddiaçı tərəfindən qeyri-yaşayış binasının texniki pasportu iş materiallarına əlavə edilmişdir.
11. “X1” MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünavnlanmış 30 may 2024-cü il tarixli, AQM/M-516- 1658/24 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə Rəydə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 452,6 kv.m torpaq sahəsinin 30 may 2024-cü il tarixinə bazar dəyəri 253456 (iki yüz əlli üç min dörd yüz əlli altı) manat təşkil edir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinin: 4-cü bəndinə əsasən torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
15. İddia tələbi ünvan 1 ünvanında yerləşən 452,6 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 633,64 (altı yüz otuz üç manat altmış dörd qəpik) manat olmaqla, Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh MMC üzərinə qoyulması və icarə haqqının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanması barədə qətnamə çıxarılmasından ibarətdir.
16. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verilərək bildirilir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.3-cü maddəsi təşkil edir. Həmin normaya əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin maddənin mənasına görə müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə; 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulmuş olmalıdır.
17. Hazırkı işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Belə ki, cavabdehin belə bir vəzifəsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır, onun iddiaçı qarşısında eyni öhdəliyi götürməsi də iş materialları ilə təsdiqini tapmır.
18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova