Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-483/2022 13.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.05.2021-ci il tarixli 01 saylı icarə müqaviləsinə 09.08.2021-ci il tarixdən xitam verilməklə, cavabdehdən ödənilmiş iki aylıq icarə haqqı olaraq 25866 manatın (ƏDC xaric), müqavilə şərtlərinə uyğun olaraq 50408,40 manat çəkilmiş xərclərin, mediasiya prosesinə görə çəkilmiş xərcin 50 %-i, yəni 200 manatın, eyni zamanda ödənilmiş 120 manat dövlət rüsumunun, ümumilikdə 76594,40 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 20 may 2021ci il tarixdə 01 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən cavabdeh (icarəyə verən) ona məxsus olan və Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71 C ünvanında yerləşən daşınmaz əmlakın 2-ci mərtəbəsində 1437 kvadrat metr sahəni, orada yerləşən əşya və avadanlıqlarla birgə icarəyə verməli idi. Müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Hal-hazırda Cəmiyyətin adı dəyişdirilmiş və hazırda İddiaçı MMC adlanır. Sözügedən müqavilənin 4.2.1-ci və 4.2.3-cü maddələrinə əsasən İcarəyə verən üzərinə hazırkı müqaviləyə müvafiq olaraq Əmlakı İcarəçiyə təhvil verməyi, o cümlədən əmlakdan sərbəst və bu Müqavilənin şərtləri əsasında müdaxiləsiz istifadəni təmin etməyi öhdəsinə götürmüşdür. İcarə haqqı aylıq olaraq 12933 manat (ƏDV xaric) müəyyən edilmişdir. İddiaçı (icarəçi) razılaşmaya uyğun olaraq 2 aylıq icarə haqqını – 25866 manatı (ƏDV daxil deyil) 21 may 2021-ci il tarixdə cavabdehin bank hesabına köçürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq icarəçi icarə sahəsində şüşə arakəsmələr quraşdırmış, küçə reklamını, dizayn xidmətlərini həyata keçirmək üçün xərclər həyata keçirmişdir. Cavabdehə dəfələrlə həm şifahi, həm yazılı qaydada xəbərdarlıq edilsə də, bunların heç birinə əhəmiyyət verməmiş və tərəflərindən ödənilmiş icarə haqqını, həmçinin xərcləri geri qaytarmaqdan imtina etmişdir. Bununla bağlı cavabdehə 09 iyul 2021-ci il tarixdə qeyd olunan icarə müqaviləsinə xitam verilmə, o cümlədən, ödənilən məbləğin, xərclərin və müqavilə şərtlərini kobud şəkildə pozduğuna görə Cəmiyyətə dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 25866 (ƏDV xaric) iki aylıq icarə haqqının, o cümlədən 50408,40 manat çəkilmiş xərclərin,eyni zamanda cavabdehin təqsiri səbəbindən Cəmiyyətə dəymiş zərərin ödənilməsi xahiş edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə bağlandıqdan sonra iki ay ərzində iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində şüşə arakəsmələr quraşdırılmış, obyektin mühafizə edilməsi üçün işçilərlə əmək müqaviləsi bağlanmış, tərəflərindən kameralar quraşdırılmış, reklam-dizayn işləri həyata keçirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etməmiş, obyekti müqavilə şərtlərinə uyğun vəziyyətdə onlara təqdim etməmiş, belə ki, qaldırıcı kranlar onlara təhvil verilməmişdir. Bu səbəbdən onlar iddiaçıya pretenziya ünvanlamış, 09.08.2021-ci il tarixdən müqaviləyə xitam vermək istədiklərini bildirmişlər. Bundan əlavə, obyektdə quraşdırılmış reklam lövhəsi, şüşə arakəsmələr ayrılması mümkün olan yaxşılaşdırmalar olmasına baxmayaraq, məhz həmin yerdə istifadə edilməsi üçün nəzərdə tutulmuşdur, bu səbəbdən həmin yaxşılaşdırmaların dəyərinin ödənilməsini və çəkdiyi digər xərclərin qaytarılmasını tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə obyektindən istifadə ilə bağlı iddiaçıya hər hansı maneə yaradılmamışdır, həmin sahə hazırda da boşdur, nə iddiaçı, nə də başqa şəxs tərəfindən istifadə edilmir. Bundan əlavə, iddiaçı ona hansı ziyanın vurulmasını da göstərə bilmir. İddiaçının sübut qismində təqdim etdiyi əmək müqavilələri bildirişləri üzrə həmin işçilərə ödədiyi əmək haqlarını da ziyan qismində tələb edir. Lakin həmin bildirişlərdən də göründüyü kimi, obyektdə təmir aparılması üçün hər hansı işçi ilə əmək müqaviləsi bağlanmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən quraşdırılmış reklam lövhəsi və şüşə arakəsmələr hələ də sahədədir, iddiaçı həmin yaxşılaşdırmaları ayırıb özünə götürə bilər, buna etirazları yoxdur. Əlavə olaraq bildirdi ki, müqavilənin ləğv edilməsinə etiraz etmirlər, belə ki, artıq münasibətlərin davam etdirilməsi mümkün deyildir. Lakin iddia ərizəsində göstərildiyi kimi 09.08.2021-ci il tarixdən deyil, ümumiyyətlə ləğv edilməsinə etiraz etmirlər. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 may 2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsinə əsasən hazırki müqaviləyə müvafiq olaraq icarəyə verən (iddiaçı) ona məxsus olan və Bakı şəhəri, Ziya Bünyadov prospekti, 71C ünvanında yerləşən daşınmaz əmlakın 2-ci mərtəbəsində 1437 m2 sahəni, orada yerləşən əşya və avadanlıqlarla birgə icarəçiyə icarəyə verir, icarəçi isə icarə sahəsini icarəyə qəbul edir. Sahənin sxemi bu müqaviləyə əlavə olunur. Müqavilənin 1.2-ci maddəsinə əsasən icarə sahəsi avtoservis (avtomobil təmiri, baxışı, diaqnostikası və s. bu kimi fəaliyyət) kimi istifadə etmək üçün verilir və icarəyə verənin razılığı olmadan başqa məqsədlərlə istifadə edə bilməz. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəyə verən icarə sahəsini icarəçiyə vergilər və ƏDV xaric aylıq 12933 manat icarəyə verir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 09.07.2021-ci il tarixli 20.05.2021-ci il tarixli 01 saylı icarə müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış 20.05.2021-ci il tarixli 01 saylı icarə müqaviləsinə 09.08.2021-ci il tarixdən xitam verilməsini bildirmiş, müqaviləyə xitam verilməsi ilə əlaqədar icarəçi tərəfindən ödənilmiş depozit məbləğin geri qaytarılmasını, habelə icarəçi tərəfindən icarə sahəsinə çəkilən xərclər, ümumilikdə, 76274,40 manat məbləğin icarəçiyə tam həcmdə ödənilməsini, icarəyə verən tərəfindən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində icarəçiyə 100.000 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. 21.05.2021-ci il tarixli 04/2021 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 25866 manat 20 may 2021-ci il tarixli 01 nömrəli icarə müqaviləsi üzrə avans qismində ödənilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2021-ci il tarixli 01/21 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi müxtəlif növ təmir, quraşdırma işləri sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müxtəlif növ təmir quraşdırma üzrə işləri görməyi öhdəsinə götürür. 03 may 2021-ci il tarixli 01/21 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə 01 nömrəli əlavə qiymət razılaşdırma protokolundan görünür ki, sifarişçinin göstərişlərinə uyğun aluminium şüşə arakəsmə işlərinə (eleksuar rəng profil, şəffaf şüşə) görə 3318 manat vergilər daxil xidmət haqqı razılaşdırılmışdır. 21.05.2021-ci il tarixli 06/2021 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına 01/2021 nömrəli 07.05.2021-ci il tarixli hesab fakturaya əsasən 50% avans ödənişi olaraq 1659 manat, 08.06.2021-ci il tarixli 14331548 nömrəli ödəniş tapşırığına əsasən EBBC 949824 nömrəli elektron qaimə üzrə 1659 manat pul köçürülmüşdür. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 07.05.2021-ci il tarixli 01/2021 saylı hesab fakturadan görünür ki, aluminium şüşə arakəsmə işlərinə görə 3318 manat ödənilmişdir. "xxxx" MMC ilə X3 arasında bağlanmış 24 may 2021-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi tərəfindən reklam xidmətinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidməti göstərməyi öhdəsinə götürür. 08.06.2021-ci il tarixli 14333081 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən X1 hesabına EBBC 951972 saylı elektron qaimə üzrə 1230,5 manat, 26.05.2021-ci il tarixli 14144349 nömrəli ödəmə tapşırığına əsasən 24.05.2021-ci il tarixli müqavilə əsasən 50 % avans ödənişi kimi 1230,5 manat, pul köçürülmüşdür. 24.05.2020-ci il tarixli müqaviləyə əsasən qiymət razılaşma protokolundan görünür ki, üzərində qabarıq işıqlı hərflər olan 300*500 sm reklam lövhəsinin qiymətinin 2461 manat olması barədə tərəflər razılaşmışlar. Təhvil-təslim aktından görünür ki, qiyməti 2461 manat olan üzərində qabarıq işıqlı hərflər olan 300*500 sm olan reklam lövhəsi təhvil verilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 09 sentyabr 2021-ci il tarixli MŞİH-02112/2 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə ilk öncə iddia ərizəsində göstərilən icarə müqaviləsinin 09.08.2021-ci il tarixdən xitam verilməli olması barədə dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Göründüyü kimi, hazırkı iş üzrə isə İcarə müqaviləsi qanunvericiliyin tələbinə zidd olmaqla notariat qaydasında təsdiqlənməmişdir. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, şərh edilənlərə əsasən Məhkəmə bu qənaətə gəlir ki, tərəflər icarə müqaviləsini bu növ əqdlər üçün MM-də müəyyənləşdirilmiş imperativ forma (notariat təsdiqi) şərtinə əməl etmədiklərindən İcarə Müqaviləsi bağlanmamış hesab olunmalıdır. Başqa sözlə, İcarə Müqaviləsi tərəflərin hüquq və öhdəliklərinin yaranma mənbəyi kimi çıxış edə biləcək hüquqi fakt kimi mövcud deyildir. Bu baxımdan hər iki mübahisə tərəfinin iddia və etirazlarının əsası kimi İcarə Müqaviləsinin müvafiq bəndlərinə istinad etməsi yuxarıda sadalanan maddi hüquq normaları ilə yanaşı, həm də MM-in 14.2.1 (“Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır”) və 386.1-ci (“Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”) maddələrinin tələblərinə ziddir. Beləliklə, aparılmış araşdırmalarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilmədən bağlandığından və bağlandığı andan etibarsız hesab edildiyindən icarə müqaviləsinin 09.08.2021-ci il tarixdən ləğv edilməsi barədə iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Bundan əlavə, iddia ərizəsində ödənilmiş 2 aylıq icarə haqqının, yəni 25866 manat (ƏDV-siz) cavabdehdən tutulması tələbi də irəli sürülmüşdür. Məhkəmə, iddia tələbini bu hissədə də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Ziya Bünyadov pr., 71C ünvanında olan daşınmaz əmlakın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 20 may 2021-ci il tarixdən sonra təhvil verildiyi, iddiaçının həmin sahədə yaxşılaşdırma işlərinə başladığı öz təsdiqini tapmışdır. Başqa sözlə, 2021-ci il iyun və iyul aylarını da əhatə edən dövr üzrə adıçəkilən qeyri-yaşayış sahəsinin iddiaçının faktiki sahiblik və istifadəsində olması məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. İddiaçının bu 2 aylıq müddət ərzində qeyd edilən qeyri-yaşayış sahəsini faktiki sahiblik və istifadəsində saxlamaqla cavabdehə əldən çıxmış fayda formasında maddi zərər vurması aşkardır. Çünki cavabdeh həmin sahəni hər hansı üçüncü şəxsin icarəsinə vermək imkanından məhrum olmuşdur. İşin araşdırılan hallarından qeyri-yaşayış sahəsinin bir aylıq icarə haqqının 12933 manat olduğu müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edildiyi kimi, qeyri-yaşayış sahəsi 2 ay (2021-ci ilin iyun və iyul ayları) ərzində iddiaçının faktiki sahiblik və istifadəsində olduğundan cavabdehə əldən çıxmış fayda qismində vurulmuş zərər 25866 manat (12933 manat * 2 ay) təşkil edir. Bu səbəbdən iddia tələbi ödənilmiş 2 aylıq icarə haqqı məbləğinin geri qaytarılması hissəsində də əsaslı hesab edilə bilməz. Bundan əlavə, iddiaçı cavabdehdən vurulmuş zərərin əvəzi olaraq 50408,40 manat pulun tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia ərizəsində həmin xərclərin icarə obyektində şüşə arakəsmələrin quraşdırılması, küçə reklamı və dizayn xidmətlərinin həyata keçirilməsinə sərf edildiyini göstərmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "xxxx" MMC (sifarişçi) ilə X4 (icraçı) arasında bağlanmış dizayn xidmətlərinin göstərilməsi haqqında 14 iyun 2018-ci il tarixli müqavilədən görünür ki, icraçı sifarişçiyə sifarişçinin sifarişləri əsasında müxtəlif dizayn xidmətləri göstərilməyi, sifarişçi isə göstərilən hər bir xidmətin əvəzini ödəməyi öhdəsinə götürür. 14.06.2021-ci il tarixli Dizayn xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 2 saylı əlavə qiymətlərin razılaşma protokoluna əsasən reklam işləri dizayn xidmətinə görə 1121 manat məbləğində xidmətin görülməsi barədə razılığa gəlmişlər. 111181-4 nömrəli 17.06.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 14.06.2021ci il tarixli xidmət müqaviləsinə əsasən reklam xidmətləri və işlərin görülməsinə görə iddiaçı tərəfindən 4590 manat məbləğində iş təhvil verilmişdir. 111181-6 nömrəli 01.07.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 14.06.2021ci il tarixli xidmət müqaviləsinə əsasən reklam xidmətləri və işlərin görülməsinə görə iddiaçı tərəfindən 1121 manat məbləğində iş təhvil verilmişdir. "xxxx" MMC tərəfindən X2 hesabına göndərilmiş 17.06.2021-ci il tarixli 14475303 nömrəli ödəniş tapşırığından görünür ki, EBBD 419165 nömrəli elektron-qaimə üzrə 4590 manat pul köçürülmüşdür. "xxxx" MMC tərəfindən X2 hesabına göndərilmiş 01.07.2021-ci il tarixli 14666582 nömrəli ödəniş tapşırığından görünür ki, EBBE 181896 nömrəli elektron-qaimə üzrə 1121 manat pul köçürülmüşdür. Belə ki, həmin müqavilənin predmeti kimi “icraçı tərəfindən sifarişçiyə onun sifarişləri əsasında müxtəlif dizayn xidmətlərinin göstərilməsi” qeyd olunmuşdur. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş həmin müqavilənin özündə, onun əlavəsində, habelə təhvil-təslim aktlarında həmin işlərin məhz Bakı şəhəri, Ziya Bünyadov pr., 71C ünvanında olan daşınmaz əmlakın 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində görüldüyü öz təsdiqini tapmır. Bundan əlavə, "xxxx" MMC (sifarişçi) ilə Əfsanə Muradova (icraçı) arasında bağlanmış dizayn-proyektin işlənib hazırlanması üzrə xidmət göstərilməsi haqqında 18 may 2021-ci il tarixli müqavilədən görünür ki, sifarişçi tapşırır, icraçı isə Bakı şəhəri, Z.Bünyadov pr., 71C ünvanında yerləşən, ümumi sahəsi 1437 kv.metr təşkil edən obyektin 108 kv.metr olan hissəsinin dizayn-proyektinin işlənib hazırlanması üzrə öhdəliklərini öz üzərinə götürür. "xxxx" MMC (sifarişçi) ilə Əfsanə Muradova (icraçı) arasında bağlanmış dizaynproyektin işlənib hazırlanması üzrə xidmət göstərilməsi haqqında 01 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, sifarişçi tapşırır, icraçı isə Bakı şəhəri, Z.Bünyadov pr., 71C ünvanında yerləşən, ümumi sahəsi 1437 kv.metr təşkil edən obyektin 69 kv.metr olan hissəsinin dizayn-proyektinin işlənib hazırlanması üzrə öhdəliklərini öz üzərinə götürür. Məhkəmə hesab edir ki, təqdim edilmiş həmin müqavilələrdə nəzərdə tutulmuş xidmətlərin sifarişçi tərəfindən həqiqətən icra edildiyini təsdiq edən hər hansı bir sübut (təhvil-təslim aktı və sairə) iddiaçı tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, qeyri-yaşayış sahəsində quraşdırılmış şüşə arakəsmələrin və reklam lövhəsinin özünün deyil, onlara çəkilmiş xərclərin cavabdehdən tutulması barədə iddiaçının tələbi ilə də razılaşmır. Belə ki, məhkəmə araşdırması zamanı, habelə tərəflərin nümayəndələrinin izahatlarının məzmunundan həmin avadanlıqların iddiaçının mülkiyyətində olması, habelə onlara zərər yetirilmədən qeyri-yaşayış sahəsindən ayrıılmasının mümkün olması öz təsdiqini tapmışdır. Nəticə: Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-483/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-483/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver