Məhkəmə qərarları › İş №e-2-2(113)-4830/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4830/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4830/2022 24.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə iddiaçı "xxxx" X2 Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" X5 cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş maddi ziyana görə 4050 (dörd min əlli) manat məbləğində pul vəsaitinin, hər gecikdirilmiş gün üçün hesablanmış 4369,95 (dörd min üç yüz altmış doqquz manat doxsan beş qəpik) manat məbləğində dəbbə pulunun və 101 manat Mediasiya xərcinin cəmi 8520,95 (səkkiz min beş yüz iyirmi manat doxsan beş qəpik) manatın cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də sığortalı olan “Mitsubishi Pajero” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, xx.xx.2018-ci il tarixdə X4 idarə edən zaman idarə etməni itirərək Sabunçu rayonu, ərazisində yolnəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Hadisə nəticəsində müəssisəyə 4050 (dörd min əlli) manat məbləğində maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin 19 oktyabr 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına və Sabunçu DYPŞ-nin TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Mitsubishi Pajero” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürüçüsü X4 tanınmışdır. Qeyd edilən nəqliyyat vasitəsinin sahibliyinin mülki məsuliyyətinin icbari sığortasının "xxxx" ASC-də sığortalandığını nəzərə alaraq sığorta ödənişinin ödənilməsi məqsədi ilə "xxxx" ASC-yə 2018-ci il tarixdə müraciət məktubu göndərilmişdir. Lakin, sənədlərin sığortaçıya təqdim edildiyi tarixdən 3 il vaxt keçməsinə baxmayaraq qeyd edilən hadisə üzrə "xxxx" ASC öhdəliyini yerinə yetirməyərək müəssisəyə dəymiş zərərin ödənilməsini təmin etməmişdir. Hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru F.Məmmədov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 19 oktyabr 2018-ci il tarixli qərarda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə, saat 17 radələrində sürücü X4 idarə etdiyi özünəməxsus “Mitsubishi Pajero” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomaşınla Sabunçu qəsəbəsi, H.Əliyev prospekti ilə Sabunçu körpüsü tərəfdən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən manevr qaydasını pozduğundan avtomaşın aşaraq dirəyə dəymiş, nəticədə sürücü İsrayıl Əliyev özü bədən xəsarəti almışdır. "xxxx" EŞM tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanan məktubda qeyd olunmuşdur ki, Sabunçu rayonu, Sabunçu dairəsindən “Koroğlu” metro stansiyası istiqamətində (“Socar” yanacaq doldurma məntəqəsi yaxınlığındakı) elektrik dirəkləri "xxxx" EŞM-nin balansındadır. xx.xx.2018-ci il tarixində Sabunçu rayonu, Sabunçu dairəsindən “Koroğlu” metro stansiyası istiqamətindəki avtomobil yolunda “Pajero” markalı, 90 BE -114 dövlət nömrə nişanlı avtomaşınla işıq dirəyi vurulub sıradan çıxarılmış və nəticədə müəssisəyə 4050 (dörd min əlli manat) maddi ziyan dəymişdir. Müəssisəyə dəymiş maddi ziyanın bank hesabına köçürülməsi xahiş olunmuşdur. İcbari Sığorta Bürosundan çıxarışdan məlum olur ki, “Mitsubishi Pajero” markalı, 90BE114 nömrəli avtonəqliyyat vasitəsi Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. "xxxx" EŞM tərəfindən 01-03/806 nömrəli 20 noyabr 2020-ci il tarixli məktubla Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət olunmuş, sığorta ödənişinin olunması ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" EŞM-ə verilən 10 mart 2021-ci il tarixli O-AP-20211003 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, sahibinin mülki məsuliyyəti Cavabdeh Sığorta Şirkətində icbarı sığorta müqaviləsi üzrə sığortalanmış “Mitsubishi Pajero” markalı, ** BE *** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2018-ci il tarixində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı şirkətinizə məxsus olan və Sabunçu rayonu ərazisində quraşdırılmış işıq dirəyinə zərər yetirmişdir. Ünvanlanmış şifahi müraciətə baxmayaraq, bu günə qədər hələ də sığorta şirkətinin qiymətləndirmə idarəsi zərərçəkən əmlakın hadisə yerində çəkilmiş fotoşəkilləri ilə təmin olunmamışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alıb, zərərçəkən əmlakın hadisə yerində hadisədən dərhal sona çəkilmiş fotoşəkillərini "xxxx" ASC-nin C.Məmmədquluzadə küç. 998-ci məhəllə ünvanında yerləşən ofisinə təqdim edilməsi xahiş edilmişdir. "xxxx" EŞM tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə verilmiş ünvanlanan cavab məktubunda qeyd olunmşdur ki, xx.xx.2018-ci il tarixdə "xxxx" Sığorta ASC-də sığortalı olan “Mitsubishi Pajero” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər vurduğu işıq dirəyinin fotoşəkili təkrar olaraq göndərilir. Qeyd olunan fotoşəkil 2018-ci ilin dekabr ayında "xxxx" ASC-yə göndərilmiş və cəmiyyətin əməkdaşı N.Hüseynova imza ataraq təhvil almışdır. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" EŞM-yə göndərilən 3 may 2021-ci il tarixli məktubda “İcbari Sığorta” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi tələb edilmişdir. Sabunçu rayonu, Sabunçu dairəsindən “Koroğlu” metro stansiyası istiqamətində (“Socar” yanacaq doldurma məntəqəsi yaxınlığında) naməlum sürücü tərəfindən idarə etdiyi “Pajero” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomaşın ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin smetasında cəmi 4.050 manat məbləğində xərc qeyd olunmuş, smeta xx.xx.2018-ci il tarixdə "xxxx" EŞM-in direktoru T.K.Abdullayev tərəfindən təsdiq edilmişdir. "xxxx" EŞM-nin baş mühəndisi tərəfindən təsdiqlənmiş 09 oktyabr 2018-ci il tarixli aktda xx.xx.2018-ci il tarixdə 90BE114 markalı “Pajero” dövlət qeydiyyat nişanlı avtomobilin cəmi 4101,15 manat məbləğində zərər vurması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 101 manat 6 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 xx.xx.2018-ci il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta ilə sığortalannmış avtonəqliyyat vasitəsi ilə qəza törərtmiş, qəza nəticəsində "xxxx" EŞM-nin balansında olan işıq dirəyinə zərər dəymişdir. Bununla bağlı olaraq Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət olunsa da sığorta şirkəti tərəfindən dəymiş zərər ödənilməmişdir. Hazırda iddiaçı vurulmuş maddi ziyan və gecikdirilmiş gün üçün hesablanmış dəbbə pulunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin qanunun 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri, zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər, sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. Həmin qanunun 16.4-cü maddəsinə uyğun olaraq, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanunun 18.1-ci maddəsinə uyğun olaraq, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən su Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçı "xxxx" X2 əmlakına zərərin vurulması işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sığorta hadisəsi baş verdikdən sonra vurulmuş zərərin ödənilməsi ilə bağlı Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət olunması öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh Sığorta Şirkəti ASC vurulmuş zərərin ödənilməsi barədə müraciətə cavab vermədiyindən, sığorta hadisəsi üzrə zərər çəkmiş üçüncü şəxs olan "xxxx" X5 tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Belə olan halda məhkəmə heab edir ki, iddia tələbi vurulmuş 4.050 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda iddiaçı iddia tələbində gecikdirilmiş gün üçün hesablanmış 4.369,95 manat məbləğində dəbbə pulunun ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Sığorta fəaliyyəti haqqında Azərbycan Respublikası Qanunun 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarınının məzmunundan məlum olur ki, sığorta ödənişi ilə bağlı tələb olunan sənədlər daxil olduğu tarixdən 7 iş günü müddətində sığorta ödənişini etməli və ya bununla bağlı ödənişin verilməsindən imtina barədə yazılı əsaslandırılmış bildiriş ödəməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sığorta ödənişin verilməsindən imtina barədə yazılı bildiriş məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tələb olunan dəbbə pulunu hansı tarixdən hesabladığını qeyd etməmiş, iddia tələbi qeyri-dəqiq olmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 101 manat mediasiya xərci Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh Sığorta Şirkəti ASC-dən 4050 (dörd min əlli) manat maddi ziyan, 101 manat mediasiya xərci "xxxx" X2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar