Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4831/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subagent müqaviləsi, əsas borc və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadbehlər Cavabdeh3 MMC-dən, Cavabdeh2 və Cavabdeh1 9647 manat əsas borc və mediasiya sessiyası ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə, Cavabdeh3 MMC (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixli, SA0022/21 saylı “aviadaşımaların satış hüququnun verilməsinə dair” müqavilə bağlanılmışdır. Müqavilənin predmeti ondan ibarət olmuşdur ki, İddiaçı MMC (agent) mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən Cavabdeh3 MMC-yə (subagentə) verir. Cavabdeh3 MMC (subagent) isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin, bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişi həyata keçirməyi öhdəsinə götürür. Bağlanılmış SA0022\21 saylı, xx.xx.2021-ci il tarixli müqavilədən yaranmış öhdəliklərə əsasən, Cavabdeh3 MMC-nin İddiaçı MMC qarşında 9647 manat borcu yaranmışdır. Tərəflər bunu xx.xx.2021-ci il tarixli Üzləşmə Aktında öz imza və möhürləri ilə təsdiq etmişdir. Əlavə olaraq bağlanılan SA0022\21 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1, və Cavabdeh2 Cavabdeh3 MMC-nin öhdəliyini pozduğu halda, pozulmuş öhdəliyin ödənilməsinin təmin edilməsini öz üzərinə götürmüşlər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət edilsə də, cavabdehlər hər dəfəsindən borcun ödənilməsindən yayınmışlar.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış aviadaşımaların satış hüququnun verilməsinə dair xx.xx.2021-ci il tarixli, SA0022/21 saylı müqaviləyə əsasən:
8. Müqavilənin 1-ci bəndinə əsasən agent mümkün olan reyslərə sərnşin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verir, subagent isə bu aviadaşımların satışından əldə edilmiş məbləğlərin, bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1.1-ci bəndinə əsasən agent bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri lazımi qaydada tam və dəqiq yerinə yetirməsini subagnetdən tələb etmək hüququna malikdir.
10. Müqavilənin 2.4.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş öhdəlikləri qanunvericiliyə uyğun olaraq, lazımi qaydada yerinə yetirmək subagentin vəzifələri kimi nəzərdə tutulmuşdur.
11. Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilə bir il müddətinə bağlanılır, yəni xx.xx.2021-ci il tarixində qüvvəyə minir və 01 iyun 2022-ci il tarixinədək etibarlıdır.
12. Müqavilənin 11.2-ci bəndinə əsasən müqavilənin 11.1-ci bəndinə göstərilən müddətin başa çatmasından 30 gün əvvələ kimi tərəflərdən hər hansı biri digər tərəfə müqaviləni pozmaq istəyi barəsində yazılı şəkildə bildiriş göndərmədiyi halda, bu müqavilə 11.1-ci bəndində göstərilən müddətə uzadılmış hesab olunur.
13. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ZM022/21 saylı zaminliyə dair müqaviləyə əsasən kreditor ilə Cavabdeh3 MMC arasıdna 1 iyun 2021-ci il tarixində bağlanmış SA0022/21 saylı müqavilə ilə əlaqədar olaraq, borclu kreditor qarşısında öz öhdəliklərini tam yetirənə kimi zamin borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.
14. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ZM022/21 saylı zaminliyə dair müqaviləyə əsasən kreditor ilə Cavabdeh3 MMC arasıdna 1 iyun 2021-ci il tarixində bağlanmış SA0022/21 saylı müqavilə ilə əlaqədar olaraq, borclu kreditor qarşısında öz öhdəliklərini tam yetirənə kimi zamin borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.
15. İddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış aviadaşımaların satış hüququnun verilməsinə dair xx.xx.2021-ci il tarixli, SA0022/21 saylı müqaviləyə əsasən tərtib edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh3 MMC iddiaçıya 9647,67 manat məbləğində borcun olmasını öz imza və möhürü ilə təsdiq etmişdir.
16. 22.09.2022-ci il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə Cavabdeh3 MMCnin 9647 manat ödənilməmiş borcu vardır.
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
20. İşdən göründüyü kimi tərəfər arasında aviadaşımaların satış hüququnun verilməsinə dair xx.xx.2021-ci il tarixli, SA0022/21 saylı müqavilə bağlanmışdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Tərəflər arasında bağlanmış Müqavilənin 1-ci bəndinə əsasən agent mümkün olan reyslərə sərnşin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verir, subagent isə bu aviadaşımların satışından əldə edilmiş məbləğlərin, bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürür.
26. Eyni zamanda iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış aviadaşımaların satış hüququnun verilməsinə dair xx.xx.2021-ci il tarixli, SA0022/21 saylı müqaviləyə əsasən tərtib edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh3 MMC 9647,67 manat borcu olmasını öz imza və möhürü ilə təsdiq etmişdir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
29. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
30. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış aviadaşımaların satış hüququnun verilməsinə dair xx.xx.2021-ci il tarixli, SA0022/21 saylı müqaviləyə və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
31. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və aviadaşımaların satış hüququnun verilməsinə dair xx.xx.2021-ci il tarixli, SA0022/21 saylı müqavilə üzrə 9647 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9647 manat əsas borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 100 manat tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova