Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4833/2023 06.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, faiz borcu, mediasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, BC-00001-11/00A saylı kredit müqaviləsindən irəli gələn 4692.57 manat, faizlərin məbləği 86.94 manat, beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 4779.51 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində rüsumun Cavabdeh1 MMC-dən və Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 şəxsində 26 noyabr 2021-ci il tarixli, BC-00001-11/00A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 5000 (beş min) manat məbləğində krediti 12 (on iki) ay müddətinə, illik 23 faizlə Cavabdeh1 MMC-nin mülkiyyətinə verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 26 noyabr 2021ci il tarixli, BCZ-00001-11/00A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 MMC-nin həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank "xxxx" ASC cavabdehəlr Cavabdeh1 MMC, Cavabdeh2 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, bank ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 7.7-ci bəndinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 4692.57 manat, faizlərin məbləği 638.58 manat, dəbbə borcu 234.6285 manat təşkiledir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 5565.7785 manat təşkil edir.
II. Məhkəmə baxışının hədləri:
3. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, BC-00001-11/00A saylı kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC 5000 (beş min) manat məbləğində krediti 12 (on iki) ay müddətinə, illik 23 faizlə Cavabdeh1 MMC-nin mülkiyyətinə verilmişdir.
5. Həmin müqavilənin: - 2.2-cü bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin Borcalan tərəfindən cari bank hesabına köçürüldüyü tarix həmin vəsaitin Borcverənə qaytarıldığı tarix hesab edilir. - 2.5-ci bəndinə əsasən verilən kreditdən istifadəyə görə faizlər kreditin Borcalanın hesabına köçürüldüyü gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və 360 gün hesablanır. - 5.4-cü bəndinə əsasən Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirildikdə, 4-cü günündən etibarən etibarən, kredit gecikmədən çıxanadək əsas borc üzrə qalıq məbləğinin 0,5% həcmində gündəlik cərimə hesablanır.
6. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli BCZ-00001-11/21A saylı zaminlik müqaviləsinə əsasən zamin Müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə Borcalanın (Cavabdeh1 MMC-nin) öhdəliklərinin tam həcmdə və lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyəti öz üzərinə götürür.
7. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən 26 noyabr 2021-ci il tarixli, BC-00001-11/00A saylı kredit müqaviləsinə əsasən verilən 12 (on iki) ay müddətinə, illik 23 faizlə verilmiş 5000 (beş min) manat kredit məbləği zaminlik təmin edilmişdir. - əsas müqavilə üzrə Borclu: Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru Cavabdeh2 (şəxsiyyət vəsiqəsi:AA 1742437, ("VÖEN**********). AS/*N3 tərəfindən xx-xx-2020 il tarixində verilmişdir). - 1.4-cü bəndinə əsasən Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Əsas kredit müqaviləsi (kredit limiti, kredit xətti və mahiyyəti buna bərabər olan digər miiqavilələr) təşkil etdikdə zaminlik sözügedən Əsas kredit müqaviləsi çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir. - 2.1-ci bəndinə əsasən Zamin Borcalanın Kredit müqaviləsi üzrə öhdəliyi verinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərcinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında Borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. - 3.1-ci bəndinə əsasən Bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və mövcud müqavilə ilə təmin olunmuş öhdəliklər tam icra olunana qədər qüvvədədir.
8. İddiaçı Bankın 05 oktyabr 2023-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC-nin "xxxx" ASC-yə 26 noyabr 2021-ci il tarixli, BC-00001-11/00A saylı kredit müqaviləsi üzrə 26 noyabr 2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcunun məbləği 4692,57 manat, faiz borcu 86,94 manat cəmi borc 4779,51 manat təşkil edir.
9. Bank "xxxx" ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1nə ünvanlanmış xx.xx.2023ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcu 5.274.21 AZN, bundan 4 692.57 AZN vaxtı keçmiş əsas borc, 581.64 AZN vaxtı keçmiş faiz borcudur. Kredit Xətti üzrə bu günə olan ümumi borc 5 274.21 AZN təşkil etdiyi, gecikdirilmiş kredit borcunuzun ən qısa zamanda ödəməyi tələb edilib. Əks təqdirdə kredit Xətti müqaviləsi ləğv olunacaq və vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
10. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
17. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
18. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit və zaminlik müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
22. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilərinə əsasən üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya əsas borc üzrə 4692.57 manat, 86.94 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4692.57 manat, 86.94 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
25. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 100 manat mediasiya xərci ödəmişdir.
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehlərə aid edilməlidir.
IV. Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 26 noyabr 2021-ci il tarixli BC-00001- 11/00A saylı kredit müqaviləsi üzrə 4692,57 manat məbləğində əsas borc məbləği, 86,94 manat məbləğində faiz borcu olmaqla və mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova