Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4835/2023 28.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı DC00155501-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82,673.10 manat əsas borc, 1,436.22 manat faiz borcu, 2,590.82 manat cərimə borcu olmaqla, cəmi 86,700.14 manat məbləğində borcun, DCL00155501-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 63,259 manat əsas borc, 1,105.28 manat faiz borcu, 10,233.90 manat cərimə borcu olmaqla, cəmi 74,598.18 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 52 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlərə qarşı DC00155501-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82,673.10 manat əsas borc, 885.05 manat faiz borcu, 299.47 manat cərimə borcu olmaqla, cəmi 83,857.62 manat məbləğində borcun - DCL00155501-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 63,259 manat əsas borc, 1,105.28 manat faiz borcu, 8,209.61 manat cərimə borcu olmaqla, cəmi 72,573.89 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 47 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 00155501LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00155501-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 227,299 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir; xx.xx.2022-ci il tarixli DC00155501-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 63,259 manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açılmışdır. Borcalanın Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında DC00155501-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********93 saylı zaminlik müqaviləsi, DC00155501-06saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2023-ci il tarixli DG**********359 saylı zaminlik müqavilələri bağlanmışdır. Hazırda Borcalanın xx.xx.2023cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri, DC00155501-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82,673.10 manat əsas borc, 885.05 manat faiz borcu, 299.47 manat cərimə borcu olmaqla, cəmi 83,857.62 manat təşkil edir, gecikmə günlərinin sayı, 197 gün, DCL00155501-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 63,259 manat əsas borc, 1,105.28 manat faiz borcu, 8,209.61 manat cərimə borcu olmaqla, cəmi 72,573.89 manat təşkil edir, gecikmə günlərinin sayı: 148 gün. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X5 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
3. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, DC00155501-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82,673.10 manat əsas borc, 1,436.22 manat faiz borcu, 2,590.82 manat cərimə borcu olmaqla, cəmi 86,700.14 manat məbləğində borcun, DCL00155501-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 63,259 manat əsas borc, 1,105.28 manat faiz borcu, 10,233.90 manat cərimə borcu olmaqla, cəmi 74,598.18 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 52 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi (qanuni təmsilçi) X2 iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, iddia tələbində göstərilən cərimə ilə razı deyillər. Yeni kredit götürüb, iddiaçının borcunu bağlamaq istəyir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DC00155501-04 saylı və xx.xx.2022-ci il tarixli DC00155501-06 saylı maliyyələşdirmə üçün ərizələr imzalanmışdır. Ərizələrə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 32% olmaqla 227,299 manat və 63,259 manat məbləğlərində əməliyyat xərclərinin ödənilməsi məqsədilə kredit xətləri ayrılmışdır. Eyni zamanda Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh2 arasında DC00155501-04 saylı maliyyələşdirmə üçün ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********93 saylı və DC00155501- 06 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2023-ci il tarixli DG**********359 saylı zaminlik müqavilələri bağlanmışdır.
11. Maliyyələşdirmə üçün ərizələr, zaminlik müqavilələri və ödəniş planları tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
15. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış maliyyələşdirmə üçün ərizələrdən və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə ödəniş qrafikləri, maliyyə arayışları, hesabdan çıxarışların müqayisəli təhlilindən görünür ki, cavabdehlər üzərinə düşən öhdəliylərini icra etməmişlər. Belə olan halda isə bu, iddiaçıya maliyyələşdirmə üçün ərizələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
18. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında maliyyələşdirmə üçün ərizələr, eyni zamanda Cavabdeh2 arasında zaminlik müqavilələri imzalanmış, iddiaçı tərəfindən 227,299 manat və 63,259 manat məbləğlərində pul Cavabdeh1 iddiaçıdakı hesabına köçürülmüşdür. Müqavilələr üzrə borclular üzərinə düşən öhdəliyləri tam icra etməmişlər, nəticədə borcları yaranmışdır.
19. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borclarının tələb edilməsi hissələrində əsaslıdır və həmin borclar cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
21. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, həmin müqavilələrə əsasən borcalan borc verənə illik cərimə faizi 15%-dək olmaqla dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.
22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
23. Məhkəmə hesab edir ki, DCL00155501-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, DCL00155501-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3160 manat, eyni zamanda DC00155501-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2590,82 manat dəbbə pulları cavabdehlərdən tutulmalıdır.
24. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənilmişdir.
25. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
28. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 32,16 manat məbləğ cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, DC00155501-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82673,10 manat əsas borc, 1436,22 manat faiz borcu, 2590,82 manat cərimə, DCL00155501-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 63259 manat əsas borc, 1105,28 manat faiz borcu, 3160 manat cərimə, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və dövlət rüsumuna görə 32,16 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. DC00155501-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 82673,10 manat əsas borc, 1436,22 manat faiz borcu, 2590,82 manat cərimə, DCL00155501-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 63259 manat əsas borc, 1105,28 manat faiz borcu, 3160 manat cərimə, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqı və dövlət rüsumuna görə 32,16 manat cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev