Məhkəmə qərarları › İş №e-2-2(113)-4844/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4844/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4844/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit və zaminlik müqaviləsi, rüsum) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 23 sentyabr 2021-cü il tarixli kredit müqaviləsi üzrə 21.219,91 manat əsas borc, 2.363,21 manat faiz borcu və 82,89 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 23.666,01 manat borcun və 161 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 23 sentyabr 2021cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26 may 2023-dək Cavabdeh3 banka 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21219.91 manat əsas borc, 2363.21 manat faiz borcu və 331.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 23914.68 manat borcu vardır. Cavabdeh3 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 331.56 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 82.89 manat məbləğində tələb olunur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 tələb edilən əsas və faiz borcu məbləği ilə razı olduğunu, borcu maddi vəziyyətində yaranmış çətinliklə əlaqədar ödəyə bilmədiyini bildirdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 atası Cavabdeh3 ilə təsərrüfatla məşğul olduğunu, kredit müqaviləsi üzrə zamin durduğunu qeyd etmiş və borcu maddi vəziyyətlərində yaranmış çətinliklə əlaqədar ödəyə bilmədiklərini bildirdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh3 zamin durduğunu qeyd etmiş və onu zaminlər siyahısından çıxarılmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

9. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh3 Bank tərəfindən illik 21 faiz olmaqla 24 ay müddətinə 30.000 manat məbləğində kredit verilmişdir. Sonradan müqaviləyə xx.xx.2022-ci il tarixli 01 saylı Əlavə saziş imzalanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Sonradan müqaviləyə Əlavə saziş 1 imzalanmış və müqavilənin müddəti xx.xx.2025-cü il tarixədək uzadılmışdır.

11. İşin digər mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə bankla Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli Z/03803/21 saylı zaminlik müqaviləsi və müqaviləyə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əlavə sazişlər imzalanmışdır.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

15. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

16. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, bankla Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən 30.000 manat məbləğində pul Cavabdeh3 hesabına köçürülmüş, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 da müqavilənin bağlanmasını və 30.000 manat məbləğində pulun verilməsini mübahisələndirməmiş, və hesablanmış borcları qəbul etdiyini, maddi vəziyyətində çətinlik olduğu üçün borcu ödəyə bilmədiyini bildirmişdir.

20. Belə olan halda məhkəmə hesab edir ki, iddia kredit müqaviləsi üzrə borcun tələb edilməsi hissəsində əsaslıdır və 23 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 21,219,91 manat əsas borc, 2.363,21 manat faiz borcu, 82,89 manat cərimə borcu olmaqla, cəmi 23.666,01 manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

21. Məhkəmə həmçinin Cavabdeh2 zaminlər siyahısından çıxarılma barədə etirazına münasibətdə qeyd edir ki, Cavabdeh2 ilə bağlanmış olan zaminlik müqaviləsi və ona əlavələr qanunvericiliyin tələblərinə əməl edilməklə bağlandığından ona münasibətdə iddianın rədd edilməsi üçün əsas yoxdur.

22. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı 200 manat məbləğində pul ödəmişdir.

23. Məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli olan dövlət rüsumunun məbləği 161 manat təşkil etmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

24. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu (161 manat) mediasiyaya çəkilmiş xərclə əhatə olunduğundan, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 161 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənməlidir.

25. Yekun olaraq məhkəmə qeyd edir ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 21.219 (iyirmi bir min iki yüz on doqquz) manat, 91 (doxsan bir) qəpik, faiz borcu üzrə 2.363 (iki min üç yüz altmış üç) manat, 21 (iyirmi qəpik), cərimə borcu üzrə 82 (səksən iki) manat, 89 (səksən doqquz) qəpik olmaqla, cəmi 23.666 (iyirmi üç min altı yüz altmış altı) manat, 01 (bir) qəpik məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 161 (bir yüz altmış bir) manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar