Məhkəmə qərarları › İş №e-2-2(113)-4845/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4845/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4845/2025 05.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada onun хеyrinə - 009R********** saylı krеdit razılaşması üzrə 8215.67 manat məbləğində krеdit bоrcu, 691.16 manat məbləğində faiz bоrcu və 407.39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9314 (doqquz min üç yüz on dörd) manat 22 (iyirmi iki) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 132.69 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması və 250 manat mütəxəssis rəyinin dəyərinin tutulması, tələbin ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət Cavabdeh1 xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinə (22 saylı mağaza) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 9314 (doqquz min üç yüz on dörd) manat 22 (iyirmi iki) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 132.69 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının və 250 manat mütəxəssis rəyinin dəyərinin Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 009L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əllimin) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə zamin Cavabdeh1 tanış olmuşdur. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 36868.43 manat ödəmiş, onun 13131.57 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 144 gün üçün hesablanmış faiz borcu 691.16 manat təşkil edir. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 144 gün üçün hеsablanmış cərimə 407.39 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh2 və cavabdeh – ipoteka qoyan Cavabdeh1ilə Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli sonraki ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib) əsasında ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət Cavabdeh1 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi (22 saylı mağaza) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən0 3.06.2022-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət Cavabdeh1 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi (22 saylı mağaza) Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 120 manat xidmət haqqı ödəmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizədə qeyd olunmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə kommersiya işi üzrə məhkəmə-əmtəəşünaslıq tədqiqatı ilə bağlı mütəxəssis rəyinin verilməsi Azərbaycan Qiymətlədiricilər Palatası tərəfindən təyin ediləcək müstəqil qiymətləndiriciyə (və ya təşkilata) - ACONS MMC-yə tapşırılmışdır. İddiaçı QSC tərəfindən mütəxəssis rəyinin dəyəri olan 250 manat məbləğində "xxxx" MMC-yə ödəniş edildiyindən iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat vermiş, məhkəmənin suallarına cavab olaraq cavabdeh tərəfindən ödənişlərin iş ekspertizada olarkən edildiyini, ən son ödənişin xx.xx.2025-ci il tarixdə edildiyini bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan sübutlardan aşağıdakılar müəyyən olunur: Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqavilənin 1.3-cü bəndinə əsasən, Müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 31 may 2032-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu Müqavilə və Kredit Razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən olunur. Müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əllimin) manat məbləğində krеdit götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit Alanın Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. xx.xx.2022-ci il tarixli 009R********** saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 50 000 manat olan aylıq faiz dərəcəsi 1,5833% olmaqla verilmiş kreditə görə Cavabdeh2 06 iyul 2022-ci il tarixdən 06 may 2025-ci il tarixinə qədər hər ayın 06-sı olmaqla 1846 manat, sonuncu ay 1862 manat ödəməlidir. Hesabdan çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixdə borclu Cavabdeh2 hesabına 50 000 manat məbləğində kredit verilmişdir. Kredit Razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli 009R**********S saylı sazişin 1-ci bəndinə əsasən Kredit Alan, Bank ilə Kredit Alan arasında 31 may 2022-ci il tarixli 009L**********15 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 31 may 2022-ci il tarixdə bağlanmış 009R********** Kredit Razılaşması («Kredit Razılaşması») üzrə götürdüyü kreditin qalığını va hesablanmış faizləri, habelə nazardə tutulduğu halda cərimə borcunu bu sazişə alavə olunan 05 iyun 2023-cü il tarixli Ödəniş Planına ("Ödəniş Planı") uyğun olaraq Ödəniş Planında göstərilən müddətdə və tarixlardə Banka ödəməlidir. xx.xx.2023-cü il tarixli 009R**********S saylı saziş üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, ümumi məbləği 37 779,49 manat olan aylıq faiz dərəcəsi 1,5833% olmaqla verilmiş kreditə görə Cavabdeh2 03 iyul 2023-cü il tarixdən 27 may 2025-ci il tarixinə qədər hər ayın 25, 27-si olmaqla 1864 manat, sonuncu ay 1876,32 manat ödəməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh2 və cavabdeh – ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli sonraki ipoteka müqaviləsi əsasında ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 120 ay, faiz dərəcəsinin yuxarı həddi: 28% olmaqla, ödənişlərin dövriliyi isə hər təqvim ayında bir dəfə olmaqla müəyyən edilmişdir.Müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;ipoteka iıa təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayana tələbini irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmaması ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququnu verir. Müqavilənin 9.1-ci bəndində nəzərdə tutulmuş şərt baş verdiyi təqdirdə İpoteka saxlayan İpoteka predmetinə ödəniş yönəldilməsi prosedurunu qanunvericiliyin tələblərinə əməl olunmaqla notariusun icra qeydi əsasında həyata keçirir. Bu Müqavilənin 9.2-ci bəndində nəzərdə tutulanlar İpoteka saxlayanın öz mülahizəsinə əsəsən İpoteka predmetinə tutmanın yönəldilməsi ücün birbaşa məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Müqavilənin 9.5-ci bəndinə əsasən, İpoteka predmeti məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir İpoteka saxlayanın İpoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilən ardıcıllıqla heyata keçirilir) yönəldilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət Cavabdeh1 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi (22 saylı mağaza) Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin Cavabdeh1 ilə imzalanmış 31 may 2022-ci il tarixli, 009S**********02 saylı zaminlik müqaviləsinə əsasən o bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh2 009R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixinə əsas borc üzrə 13131.57 manat, faiz borcu 691.16 manat, cərimə borcu 407.39 manat olmaqla, ümumilikdə "xxxx" QSC-yə 14230.12 manat borcu vardır. İddia tələbinin həcminin azaldılması barədə ərizə verildikdən sonra iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh2 009R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixinə əsas borc üzrə 8215.67 manat, faiz borcu 1015.93 manat, cərimə borcu 756.32 manat olmaqla, ümumilikdə "xxxx" QSC-yə 9987.92 manat borcu vardır. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı bank tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4845/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən 65.1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin (22 saylı mağaza) likvid dəyərinin müəyyən olunması üşün iş üzrə ekspertiza təyin olunmuş, ekspertizanın (qiymətləndirmənin) aparılması Azərbaycan Qiymətlədiricilər Palatası tərəfindən təyin ediləcək müstəqil qiymətləndiriciyə (və ya təşkilata) tapşırılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AOC107/25 saylı daşınmaz əmlakın qiymətləndirilmə hesabatına əsasən daşınmaz əmlakın bazar dəyəri 85 000 manat, likvid dəyəri 77 000 manat müəyyən edilmişdir. 14.10.25-ci il tarixli, B1410xx/xx-6429 saylı qəbzə əsasən məhkəmə-əmtəəşünaslıq tədqiqatı ilə bağlı mütəxəssis rəyinin verilməsi üzrə qiymətləndirmə xidməti üçün iddiaçı tərəfindən 250 manat məbləğində pul ödənmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 132,69 manat məbləğində dövlət rüsumu ödənmişdir. xx.xx.2025-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Müraciətin Qəbulu və Dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödənmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmış, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əllimin) manat məbləğində krеdit götürmüş, xx.xx.2023-cü il tarixli 009R**********S saylı sazişlə kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh2 və cavabdeh – ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2022-ci il tarixli sonraki ipoteka müqaviləsi əsasında ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə zamin Cavabdeh1 ilə imzalanmış 31 may 2022-ci il tarixli, 009S**********02 saylı zaminlik müqaviləsinə əsasən o, bank qarşısında borcalanla birlikdə öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 8215.67 manat əsas borc, 691.16 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını, cavabdehlərin əsas və faiz məbləğini mübahisələndirmədiklərini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 8215,67 manat əsas borc, 691,16 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehlərdən hesablanmış 407,39 manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən müştərək qaydada 407,39 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa, iddiaçı tutumanın ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsini və hərracdan əldə olunacaq vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə vaxtaşırı ödənişləri ödəmədiklərindən iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qiymətləndirici rəyində aparılmış tədqiqat metodlarını və tərəflərin bazar dəyərini mübahisələndirmədiklərini nəzərə alaraq hesab edir ki, bazar dəyəri müəyyən olunarkən qiymətləndirici rəy əsas götürülərək, ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 85000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC-nin borc tələbi ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. Məhkəmə iddianın təmin edildiyini, mütəxəssis rəyinin dəyərinin iddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 120 manat, ödənilmiş 250 manat mütəxəssis rəyinin 125 manatının əvəzi, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132,69 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 8215,67 manat əsas, 691,16 manat faiz bоrcu, 407,39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9314 (doqquz min üç yüz on dörd) manat 22 (iyirmi iki) qəpik məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı, 125 manat mütəxəssis rəyinin dəyərinin əvəzi və ödənilmiş 132 (yüz otuz iki) manat 69 (altmış doqquz) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1ndə 65.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (22 saylı mağaza) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə cavabdehin borcu ödənilsin, həmin əmlakın ilkin satış qiyməti 85000 (səksən beş min) manat müəyyən edilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar