Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4846/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 21612.41 manat məbləğində krеdit bоrcu, 1915.74 manat məbləğində faiz bоrcu və 523.02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24051 manat 17 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 162,15 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 27L000002028 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1na 120 (yüz iyirmi) ay müddətinə 600000 (altı yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 002R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3387.59 manat ödəmiş, onun 21612.41 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 123 gün üçün hesablanmış faiz borcu 1915.74 manat təşkiledir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 123 gün üçün hеsablanmış cərimə 523.02 manat təşkil edir.
İİ.Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
4. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə cavabdehlər Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 27L000002028 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 600000 (altı yüz min) manat məbləğində krеdit xətti açılmışdır.
7. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir.
8. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır.
9. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir.
10. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.
11. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə görə zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.
12. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
13. Kassa məxaric orderinə əsasən 25000 manat məbləğində kredit iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 verilmişdir.
14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 iddiaçıya xx.xx.2025-ci il tarixinə olan əsas borcu 21612,41 manat, faiz borcu 1915,74 manat, cərimə borcu 523,02 manat olmaqla cəmi 24051,17 manat təşkil edir.
15. Kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə sonuncu dəfə xx.xx.2024-ci il tarixdə ödəniş edilmişdir.
16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
18. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
19. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
21. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 27L000002028 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 600000 (altı yüz min) manat məbləğində krеdit xətti açılmış, həmin müqavilə çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli razılaşma əsasında sonuncuya 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh2 xx.xx.2024-cü il tarixli 27L000002028 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Cavabdeh1 krеdit müqaviləsinin tələblərini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
22. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada 21612,41 manat əsas borc, 1915,74 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
23. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 523,02 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də tərəflər arasında imzalanmış uzunmüddətli kredit və təminat müqaviləsi və həmin müqavilə əsasında imzalanmış kredit razılaşmasına əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən birgə qaydada 21612,41 manat əsas borc, 1915,74 manat faiz borcu, 523,02 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 162,15 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə (müştərək) qaydada 21612,41 manat əsas borc, 1915,74 manat faiz borcu, 523,02 manat cərimə borcu, 162,15 manat dövlət rüsumu, ümumilikdə 24213,32 (iyirmi dörd min iki yüz on üç manat otuz iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasınaapellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova