Məhkəmə qərarları › İş №e-2-2(113)-4847/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4847/2022

13.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4847/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 13706 manat (on üç min yeddi yüz altı manat) pul məbləğinin, 200 manat (iki yüz manat) mediasiya xərcinin və dövlət büdcəsinə ödənilmiş 131,12 manat (bir yüz otuz bir manat on iki qəpik) məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 13706 manat (on üç min yeddi yüz altı manat) pul məbləğinin, 200 manat (iki yüz manat) mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini və artıq ödənilmiş 131,12 manat (yüz otuz bir manat on iki qəpik) məbləğində dövlət rüsumunun dövlət büdcəsindən iddiaçının hesabına geri qaytarılmasının yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 74.1-ci maddəsinə əsasən icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. 74.2-ci maddəsinə əsasən bütün tələblər təmin olunduqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, qalan pul məbləği borcluya qaytarılır. 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. 81.4-cü maddəsinə əsasən icra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2-ci maddəsinə əsasən bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4-cü maddəsinə əsasən bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 4.1.4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə, ipoteka saxlayanın tələbi tam həcmdə təmin edilir. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlirin və icra hərəkətləri ilə bağlı xərclərin tutulması qaydalarını müəyyənləşdirmişdir. Qanunvericiliyin tələblərinə əsasən sözügedən xərclərin tutulması qaydası icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilir. Bu baxımdan məhkəmə hesab edir ki, 13706 manat (on üç min yeddi yüz altı manat) pul məbləğinin (hərracın keçirilməsi ilə əlaqədar xidmət haqqı) tutulması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, iddiaçı tərəfindən irəli sürülmüş hazırkı tələbə ayrıca məhkəmə icraatında baxılmadığını nəzərə alaraq və qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, hazırkı xərclərin bölüşdürülməsi məsələsi icra prosesi çərçivəsində öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır; 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar